Görəsən 25 il öncə xalqın istəyi və tələbi ilə Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, böyük xilaskarımızı sevənləri də, gözünü yumub “Mən günəşi görmürəm“ deyənləri də, o vaxt iqtidarda olan iqtidarsızları da, bir sözlə, bütün Azərbaycanı daha hansı bəlalar, faciələr gözləyirdi? Azərbaycan adlı məmləkətimizdən indi nə qalmışdı, nə qədər qalmışdı? Və ya qalmışdımı Azərbaycan? Kimin köləsinə çevrilərdik, kimin əsarətində inildəyərdik? Azərbaycana yağlı tikə kimi baxanlar bir idimi, iki idimi? İmperiyanın buyruq qulu olan Ayaz Mütəllibovun, daha çox “bambılı” kimi tanınan Əbdürrəhman Vəzirovun, hərəsinin ağzından bir avaz gələn təzə bəylərin, onların elçisi – Əbülfəz Elçibəyin dövləti idarə etmək “məharəti”nə inansaydıq, indi hansı bəxtin sahibi idik? Burnundan uzağı görməyənlərin, dostu düşməndən ayıra bilməyənlərin “mənə elə gəlir”lərinə bel bağlasaydıq, belimizi bir də dikəldə biləcəkdikmi?
Bir yandan ermənilər torpaqlarımızı işğal edə-edə irəliləyir, bir yandan da özümüzkülər özümüzkülərə qənim kəsilmişdilər. Vətəndaş müharibəsi alovlanmaq üzrə idi. Artıq qardaş-qardaşa əl qaldırmışdı, qan axıdılmışdı. Qanunsuzluq, hərc-mərclik baş alıb gedirdi. Hərə özünə qanunsuz hərbi birləşmə yaratmışdı, dəstə saxlayırdı, vəzifə, kürsü davası edirdi.
Xalq cana yığılmışdı. Ona Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən çıxara bilən rəhbər lazım idi. Elə buna görə gözünü Naxçıvana dikmişdi və xilaskarı Heydər Əliyevin Bakıya gəlməsini tələb edirdi.
Ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi bir vaxtda – 1993-cü ilin iyununda Ulu öndər Bakıya qayıtdı. Qayıtdı və artıq ayrı-ayrı xanlıqlara, quberniyalara bölünməkdə olan Azərbaycanın müstəqil dövlət kimi xəritədən silinməsinin qarşısını aldı. Qətiyyətli addımları, uzaqgörənliyi ilə ölkəni təlatümlü, qan qoxulu hadisələr burulğanından çıxartdı.
Ağır günlər idi. Əbülfəz Elçibəy Kələkiyə qaçmışdı. Cəbhəçi-müsavatçı məmurların çoxu hadisələrin “istisinə”, hərarətinə tab gətirə bilmədikləri üçün vəzifələrini dondurmuşdu. Ermənilər bütün Azərbaycanı, Surət Hüseynov Bakını işğal etmək fikirlərində israrlı idilər.
Azərbaycanın sabaha inamı o dahi, müdrik insanın – Ulu öndərin qayıdışı ilə bərpa olundu. Bu qayıdış ölkənin nicatı demək idi…
Bu qayıdışla xalq hiss etdi ki, artıq Azərbaycan dövlətçiliyini qoruya biləcək başçımız, Azərbaycanı odlu və soyuq müharibələrdən çıxara biləcək Ali Baş Komandanımız var. O xalqa inandığı, güvəndiyi kimi, xalq da ona inanır və güvənirdi.
Azərbaycan dövlətçiliyini qorumaq, ölkənin ərazi bütövlüyünü təmin etmək, erməni işğalçılarının hücumlarının qarşısını almaq üçün hər cür çətinliklərə sinə gərdi bu qeyri-adi dözüm, iradə və zəka sahibi. Azərbaycanı qan çanağına döndərmək istəyənlərin bəd niyyətlərini puça çıxarmağa, yaranmış qarşıdurmaya, hərc-mərcliyə, qanunsuz silahlı birləşmələrin meydan oxumalarına… məharətlə son qoymağa nail oldu.
Ulu öndər təkcə Azərbaycanı fəlakətlərdən, məhv olmaqdan xilas etmədi, müstəqilliyini qorumağa, möhkəmləndirməyə nail oldu. Dünənə kimi bizi tanımaq istəməyənlər, xain qonşularımıza arxa, dayaq duranlar, haqq səsimizi qulaq ardına vuranlar artıq haqlı olduğumuzu təkcə etiraf etmirdilər. Dünya bizimlə xoş münasibətlər qurmağa, bizimlə dostluq və əməkdaşlıq etməyə, bizimlə hesablaşmağa tələsirdi. Əlimizi dostcasına sıxanların sayı ildən-ilə artırdı və onlar etiraf edirdilər ki, Azərbaycan xalqının xoşbəxt yaşamaq haqqı heç kəsdən az deyil və bu haqqı onun əlindən heç kəs ala bilməz.
Yadların, düşmənlərin, sapı özümüzdən olan baltaların başımıza gətirdikləri faciələrə, müsibətlərə, məruz qaldığımız qırğınlara baxmayaraq bu gün taleyimizdən küsməyə mənim fikrimcə, mənəvi haqqımız yoxdur. Çünki Ulu öndərin böyük məharətlə qoruduğu və qurduğu müstəqil ölkənin – Azərbaycan adlı gəminin sükanı arxasında bu gün də onu hər cür tufanlardan, qasırğalardan, fırtınalardan salamat çıxara bilən mahir siyasət kapitanı dayanıb. Külək haradan və necə əsirsə-əssin, Azərbaycanın qorxusu yoxdur. Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşmək isə dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, torpaqlarımızın erməni işğalından azad edilməsi ilə ərazi bütövlüyümüzün təmin olunması, regionun lider ölkəsinin daha da qüdrətlənməsi, xoşbəxt gələcək kimi müqəddəs ideya ətrafında sıx birləşmək deməkdir.
Rasif Tahirov – “Dəniz” qəzetinin baş redaktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır