Çin alimləri dəniz suyunda qısa vaxt ərzində parçalana bilən plastik növü hazırlayıblar. Yeni texnologiya okeanın plastik tullantılarla çirklənməsi ilə bağlı yaranan problemləri aradan qaldırmağa imkan verəcək.
Çin Elmlər Akademiyasının Fizika və Kimya İnstitutunun alimləri tərəfindən müvəffəqiyyətlə sintezləşdirilmiş qabaqcıl poliefirlər suda həll olma və mikroorqanizmlərin parçalanma qabiliyyətini özündə birləşdirir.
İnstitutun böyük mühəndisi Van Qes bildirib ki, dənizə düşən bu plastik növü yüz gün ərzində tamamilə parçalanır və son nəticədə ekoloji təhlükəsizliyə problem yaradan makromolekulyar maddələrə çevrilmir.
Qeyd edək ki, okeanın plastik tullantılarla çirklənməsi ictimaiyyətin diqqətini cəlb edir.Araşdırmalara görə, hər il okeana 4,8-12,7 milyon ton plastik tullantı atılır.
Olaylar
Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəmərinin Yunanıstan və Albaniya marşrutunda boruların 91 faizi torpağa basdırılıb.
Bu barədə boru kəmərinin operatoru TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 700 kilometrində borular xəndəyə endirilib.
Qeyd edək ki, TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77,7 faizdən çoxu icra edilib. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanda – Kipoidə, digəri isə Albaniyada – Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına ötən ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Fierdəki stansiyaya turbo kompressorlar çatdırılıb və quraşdırılıb. Bu kompressor stansiyasının tikintisinin ümumilikdə 40 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasındakı işlərə keçən ilin birinci rübündə başlanılıb. Hazırda tikinti işlərinin 40 faizi yekunlaşıb.
Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən 2 il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.
TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentidir.
Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub. Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə qoyulan 9,3 milyard dollar vəsaitin isə 0,8 milyard dollardan çoxu TAP layihəsinə xərclənib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.
Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Layihənin dəyərinə dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə həyata keçirib. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.
TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Kəmərin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahəsində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. Boru kəmərinin Adriatik dənizindən keçəcək 36 düymlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinliyindən keçəcək. “Saipem S.p.A” şirkəti mikrotunel daxil olmaqla, Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatını və quraşdırılmasını həyata keçirəcək. İzolyasiya edilmiş 36 düymlük borular və digər qurğular isə TAP tərəfindən təmin olunacaq. TAP-ın Adriatik dənizindən keçəcək hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
“Dəniz” qəzetinin növbəti – 7 sentyabr 2018-ci il tarixli nömrəsi işıq üzü görüb.
Bu sayda nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının yeni müstəviyə və inkişaf mərhələsinə keçməsindən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin Xəzərin Rusiya sektorunda yerləşən “Filanovski” neft yatağında işlərini uğurla başa çatdırmasından, Dənizçilərin Ehtiyat Kadr Bazasının yaradılması üçün növbəti imtahanın keçirilməsindən, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizindən çoxunu icra etməsindən, “Türk axını” qaz boru kəməri layihəsi üzrə işlərin səksən faizinin tamamlanmasından, Azərbaycan Dövlət Dəniz Akademiyasına yüksək balla qəbul olanların sayının artmasından, Ələtdə Azad İqtisadi Zonanın yaradılması ilə ölkəmizin tranzit potensialı və ticarət əlaqələrinin daha da genişlənəcəyindən, Çinin İran neftini bu ölkənin gəmiləri ilə daşıyacağından, Bakı Gəmiqayırma Zavodunun müxtəlif təyinatlı ən müasir gəmilər istehsal etmək imkanından, TAP-ın Albaniya hissəsinin tikintisinin dəniz səviyyəsindən 2100 metr yüksəklikdə aparılmasından, Azərbaycanın Xəzər dənizinin su resurslarının qorunması istiqamətində həyata keçirdiyi önəmli tədbirlərdən, himayəsində olan qaçqın və məcburi köçkün ailələrinə Gəmiçiliyin müntəzəm yardımından, gəmilərimizin təmirindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.
Daha ətraflı linkində: DƏNİZ – 7 sentyabr 2018-ci il
“Xankəndi” sualtı tikinti gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilən bu cür mövcud 10 gəmidən biridir. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. Təxminən 400 milyon ABŞ dolları dəyərində olan və artıq dənizdə, “Şahdəniz” yatağı ərazisində olan Xankəndi gəmisi növbəti 10 il ərzində orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək.
Xəzərdəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi
2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlayıb. “Xankəndi” sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra 2016-cı ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz-2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.
Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə “Xankəndi” gəmisinin bütün göyərtə avadanlığı – əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. “Xankəndi” gəmisinin tikintisində ümumilikdə 2 mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib.
DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min 700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir.
175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəmi suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.
Gəmi 2027-ci ilədək “Şahdəniz-2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək
“Xankəndi” gəmisi hazırda sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunub. Gəmi 2027-ci ilədək “Şahdəniz-2” layihəsinin sualtı quraşdırma işlərində istifadə olunacaq.
Ötən bir ildə gəmi “Şahdəniz-2” yatağında sualtı qurğuların quraşdırılması işlərini görüb. “Xankəndi”, həmçinin yatağın Şimal cinahında hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını bitirib. Səngəçal terminalına aparan sualtı xətlər, quyular, sualtı infrastruktur, “Şahdəniz-2” platforması və terminal ilk dəfə olaraq bir-biri ilə bağlanıb.
“Xankəndi” gəmisinin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır. Gəmi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. “Xankəndi” Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisidir.
Xatırladaq ki, BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində Bakı gəmiqayırma zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin ötən il sentyabrın 6-da Prezident İlham Əliyevin iştirakı ilə təqdimat mərasimi keçirilib.
Nihad Budaqov, AZƏRTAC
Yeni tədris ili başlananadək Akademiyada tələbələrin andiçmə mərasimi keçiriləcək.
Bu andın mətni ilə sizi tanış edirik:
Mən Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına daxil olmaqla, bütün yoldaşlarım və müəllimlərim qarşısında təntənəli surətdə and içirəm:
- Dəniz Akademiyasının tələbəsi adını yüksək tutacağıma, elm və biliklərə dərindən yiyələnmək üçün var qüvvəmlə səy göstərəcəyimə
AND İÇİRƏM!
- Akademiyanın və dənizçi peşəsinin ənənələrini qoruyacağıma və davam etdirəcəyimə, dənizçi formasına hörmətlə yanaşacağıma və onu şərəflə daşıyacağıma
AND İÇİRƏM!
- Müəllimlərimə hörmətlə yanaşacağıma, Akademiyanın həyatında fəal iştirak edəcəyimə
AND İÇİRƏM!
- Qazandığım bilik və bacarığımı doğma Azərbaycanımızın qüdrətlənməsinə və inkişafına sərf edəcəyimə
AND İÇİRƏM!
- Dövlətçiliyimizə və xalqımıza sədaqətli, Azərbaycana layiqli vətəndaş olacağıma
AND İÇİRƏM!
AND İÇİRƏM!
AND İÇİRƏM!