SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşüb.
Bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumatı yayıb.
Bildirilir ki, görüşdə SOCAR-ın prezidenti türkiyəli nazirə şirkətin bu ölkədəki investisiyaları və gələn həftə açılışı olacaq “Star” neft emalı zavodu barədə (NEZ) məlumat verib.
Qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodu oktyabrın 19-da istifadəyə veriləcək.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyir.
Azərtac
Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) kəmərinin polad borularının 90 faizdən çoxu Yunanıstan və Albaniya ərazisindədir.
Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb.
“İki il öncə polad boruların daşınmasının qızğın çağı idi. Hazırda TAP-ın borularının 90 faizdən çoxu Yunanıstan və Albaniya ərazisindədir”, – deyə TAP AG bildirib.
Qeyd edək ki, TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra olunub. Sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təqribən 538 kilometr boru xətt boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin demək olar ki, hamısı təmizlənib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya hissəsinin 756 kilometri, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə TAP-ın borularının 97 faizi qaynaq olunub. Həmçinin boruların təxminən 90 faizi xəndəyə endirilib. Yunanıstan və Albaniyada xəndəyin qazılması işləri 97 faiz yekunlaşıb.
TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.
Bor kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini reallaşdıran İtaliyanın “Saipem S.p.A” şirkətinin qarşıdakı aylarda mikrotunel üçün qazma işlərinə başlaması gözlənilir. TAP-ın Adriatik dənizindən keçəcək 36 düymlük hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.
Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.
TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
Almaniyanın Baden Württemberg əyalətinə bağlı Kressbrondada yerləşən limanda yanğın olub.
“Seanews.az” xəbər verir ki, hadisə zamanı limanda dayanan 8 qayıq yanıb.
Alman polisi bildirib ki, hadisə gecə yarışı baş verib. Bir qayıqdan başlayan alov qısa müddətdə digərlərini əhatə edib.
Yanğının vurduğu zərərin yarım milyon avro olduğu bildirilir.
Polis hadisənin təxribat olub-olmadığını araşdırır.
Bu gün Milli Məclis “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə “BP Exploration (Azerbaijan) Limited”şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini təsdiqləyib.
Bu qanun qüvvəyə mindikdən sonra podratçı tərəflərin Saziş, hökumət təminatı və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Qeyd edək ki, “D230” blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə Londonda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb.
“D230” bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən, 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok, təxminən, 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında “D230” blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Report
“Globalfirepower” saytı ölkələrin ən güclü dəniz qüvvələrini açıqlayıb.
Dünyanın ən güclü dəniz qüvvələrinə sahib olan ölkələrin ilk pilləsində Şimali Koreya yer alıb. İkinci yerdə Çin, 3-cü pillədə Amerika qərarlaşıb.
Daha sonra İran, Rusiya, Misir, Hindistan, Filanda, Kolumbiya və İndoneziya onluğu tamamlayıb.
Azərbaycan isə siyahıda 67-ci yerdə qərarlaşıb.
Open.az
Sürətlə hərəkət edən “Voc Batavia” bərəsi “Pacific Crown” quru yük gəmisinə dəyib. Hadisə oktyabrın 11-də səhər saatlarında Cənubi Çin dənizində Sinqapura yaxınlaşarkən baş verib.
“Seanews.az” xəbər verir ki, hadisə zamanı “Voc Batavia”da 153 sərnişin olub. Bərəyə ciddi ziyan dəyib, bir neçə sərnişin və heyət üzvü yaralanıb. Bir nəfər isə özünü dənizə ataraq xilas olub.
Digər gəmi “Pacific Crown” isə etibarlı şəkildə Sinqapura çatıb.
ABŞ prezidenti Donald Tramp cümə axşamı Çin və Yaponiyanı hər il dünya okeanına təqribən 8 milyon ton tullantı atmaqda ittiham edib.
Bunu Amerika lideri Ağ evdə dəniz ekologiyasının mühafizəsinə dair yeni qanun layihəsinin imzalanmasından sonra jurnalistlərə deyib.
“Hər il təqribən 8 milyon ton tullantı dünyanın bir çox ölkələri, o cümlədən Çin, Yaponiya tərəfindən bizim gözəl okeanlara atılır. Bütün bu tullantılar və zibillər təkcə dəniz heyvanlarına deyil, Amerikanın sahil ərazilərdəki iqtisadiyyatına da ziyan vurur. Bu böyük, nəhəng, ağılasığmaz həcmdə olan zibillər düz bizim sahillərə üz tutur, xüsusilə də qərb sahillərinə”, – deyə o bildirib.
Amerika lideri bunu “çox ədalətsiz” vəziyyət adlandırıb.
Report