
Müsəllim Həsənov – Əməkdar mədəniyyət işçisi
Hələ “Nobel qardaşları” şirkəti təsis edilməzdən əvvəl Bakı quberniyasında neftin kəmərlərlə daşınmasını təşkil edən Nobel qardaşları neftin Bakıdan kənara aparılması sahəsində yeni ideyalar üzərində baş sındırmağa başlamışdılar. Düzdür, onda Bakı neftini Rusiya bazarlarına Xəzərdə çoxdan fəaliyyət göstərən gəmiçilik şirkətləri daşıyırdılar. “Kavkaz i Merkuri”, “Vostoçnoye” Mal Anbarları Cəmiyyəti”, “Nadejda” və s. adlarla fəaliyyət göstərən şirkət və səhmdar cəmiyyətləri ilə yanaşı yerli iş adamlarının – Dadaşovların, Useynovların və başqalarının gəmiçilik şirkətləri də neft daşınmasında mühüm rol oynayırdı.
Xəzərdə neft daşınması sahəsində yaranmış bu gərgin rəqabət şəraitində Nobellər də gəmiçilik şirkəti yaratmaq, nefti öz gəmiləri ilə daşımaq barədə düşünürlər. Və bu işdə bir təsadüf nəinki Nobellər, bütövlükdə neftdaşıma sahəsi üçün inqilabi dəyişikliyin əsasını qoyur.
Bakıdan neft daşımaqla məşğul olan Həştərxan tacirləri Nikolay və Dmitri Artyomov qardaşlarının gəmiləri fırtınaya düşür. Nəticədə gəmidəki taxta çəlləklər dağılır və neft tryümə – gəminin ən aşağı göyərtəsinin altındakı yük yerinə tökülür. Həştərxana çatanda məlum olur ki, tryümə tökülən neft limana qədər itkisiz gəlib çıxıb. Məhz bu hadisə tacir qardaşlara yeni ideya verir. Onlar 1873-cü ildə özlərinin “Aleksandr” adlı yelkənli gəmisininin tryümündə dəmir rezervuar quraşdırır, nefti əl nasosu ilə ora vurur, elə həmin üsulla da boşaltmağa başlayırlar. Beləliklə, dünyada ilk dəfə Xəzərdə neftin birbaşa tryümdə daşınmasına başlanılır. Daha doğrusu, bu qeyri-adi hadisə Bakı neftinin neftdaşıyan gəmilərlə nəqlinin kəşfinə gətirib çıxarır.
1874-cü ilin naviqasiyası zamanı “Aleksandr” gəmisi Bakıdan Həştərxana səkkiz reys edə bilir, nefti xüsusi qablarda daşıyan gəmilər isə ancaq altı reyslə kifayətlənməli olurlar. Üstəlik “Aleksandr” Həştərxandan geri dönərkən taxta-şalban gətirir, o biri gəmilər isə geriyə boş neft çəlləkləri ilə qayıtmalı olur. Bundan sonra Artyomov qardaşları yelkənli gəmilərinin əksəriyyətini neftdaşıyan gəmilərə çevirirlər.
Bu sahədə qazanılan uğur digər gəmi sahiblərinin, gəmiçilik şirkətlərinin də diqqətini cəlb edir və Xəzərdə neftdaşıyan gəmilərin sayı artır. 1877-ci ildə Xəzərdə artıq 12 yelkənli neftdaşıyan gəmi üzürdü.
Daha bir neçə il keçir, neftin və neft məhsullarının tryümə doldurulub-boşaldılması texnologiyası da təkmilləşdirilir, neft güclü buxar nasoslarının köməyi ilə doldurulub-boşaldılır, nəticədə bu üsulla daşıma nisbətən ucuz başa gəlir.
O dövrdə yeni daşıma üsulu sərfəli və səmərəli olsa da, təhlükəsiz deyildi. Gəmi sahibləri yanğından və məhsulun keyfiyyətini itirəcəyindən ehtiyat edərək, məsələn, kerosini əvvəlki qayda ilə taxta qablarda daşıyırdılar. Deməli, neftin daşınma texnologiyasının yenə də təkmilləşdirilməsinə ehtiyac var idi.
Xəzər dənizində bu sahədə növbəti yenilik də Nobel qardaşlarının adı ilə bağlıdır. Nobellər neftin tryümdə daşınması sahəsində yaranan təcrübəni diqqətlə öyrənir və 1877-ci ildə İsveçdə fəaliyyət göstərən “Motala” gəmiqayırma zavoduna ilk neftdaşıyan tanker sifariş verirlər. Zərdüşt fəlsəfəsinə və bütövlükdə atəşpərəstliyə maraq göstərən qardaşlar tankerə qeyri-adi və maraqlı ad – “Zoroastr” – “Zərdüşt” adı verirlər. Növbəti naviqasiyaya qədər gəmi hazır olur və 19 dəmir rezervuarı olan ikivintli “Zərdüşt” tankeri 1878-ci ildə ilk dəfə 15 min pud Bakı nefti ilə səfərə çıxır.
Bunun ardınca Nobel qardaşları 1878-1880-ci illərdə “Motala” zavoduna daha yeddi neftdaşıyan tanker sifariş verir. Bu gəmilərə də maraqlı adlar qoyulur: “Budda”, “Məhəmməd”, “Moisey”, “Spinoza”, “Darvin”, “Linney” və s. 1882-ci ildə artıq Nobel qardaşları şirkətinin Xəzərdə 13 belə gəmisi üzür və naviqasiya ərzində Həştərxana 10 milyon puda yaxın kerosin daşıyırdı.
Hesablamalara görə, o dövrdə Bakıdan Nijni Novqoroda tankerlə daşınan neftin bir pudu, o biri gəmilərlə müqayisədə, 70-80 qəpik ucuz başa gəlirdi.
Beləliklə, XIX əsrin 70-ci illərinin sonlarında və 80-ci illərində Xəzərdə fəaliyyət göstərən digər gəmiçilik şirkətləri də Nobel qardaşlarından nümunə götürür və yeni neftdaşıyan tankerlər alırlar. “M.İ.Şipov və Ko”, “Kaspi” və s. cəmiyyət və şirkətlər Xəzərə yeni tankerlər gətirir.
Gəmiçilkdə tətbiq olunan bu yenilik neftin nəinki daşınma xərclərini azaldır, üstəlik, daşınma sürətini qat-qat artırırdı. Məsələn, 1873-cü ildə Bakıdan Rusiya bazarlarına 833 min pud kerosin daşınmışdısa, 1882-ci ildə bu rəqəm təxminən 15 dəfə artaraq 12,5 milyon puda çatmışdı.
Bakı nefti uğrunda rəqabət günü-gündən artırdı.
Zaman Nobellərdən neft sənayesi sahəsində yeniliklər tələb edirdi. Və daha çox Peterburqda olan Lüdviq daim Parisdə yaşayan Alfredlə əlaqə saxlayır, onun ideyalarından bəhrələnir, Bakıda işləyən Robertə lazımi kömək göstərirdi.
1880-ci ilin martında Alfred Lüdviqə yazırdı: “…Mən neftin təmizlənməsi üçün böyük gəlir gətirəcək tamamilə yeni üsul işləyib hazırlamışam. Sınaqlar yaxşı keçdi”.
Onda Nobellər bütün sahələrdə sınaqları davam etdirirdilər. Gəmiçilik sahəsində də həmçinin…
Rudolf Dizelin müəmmalı ölümü və…
Həmin dövrdə artıq neftin istehsalı və satışı sahəsində dünyada amansız rəqabət gedirdi. Məşhur amerikalı sahibkar Con Rokfeller Rusiyanın neft sənayesinə can atırdı. “Rotşild qardaşları” Paris bankir evinin nümayəndəsi baron Alfons Rotşild Bakıda “Xəzər-Qara Dəniz Neft Sənayesi Cəmiyyəti” təsis etmişdi. Bakıya xarici ölkələrdən iş adamlarının axını dayanmamışdı.
Nobellər bu rəqabətdən qalib çıxmaq üçün daha da irəli gedir, dünya neft bazarında Rokfelleri sıxışdırmağa başlayırlar. Hətta Rotşildlə birgə “Nobmazut” şirkəti yaradır, Avropada onun filiallarını təsis edirlər.
…1913-cü ilin sentyabrında Antverpendən İngiltərəyə yola düşən “Drezden” gəmisinin sərnişinlərindən biri axşam öz kayutuna gedir və yoxa çıxır. Bir neçə gündən sonra balıqçılar dənizdən səliqəli geyimdə olan kişi meyiti aşkar edirlər. Sonradan məlum olur ki, bu, məşhur alman ixtiraçısı Rudolf Dizeldir.
Hətta məşhur ixtiraçının intihar etdiyi, yoxsa öldürüldüyü barədə mübahisə və müzakirələr uzun illər mətbuat səhifələrindən düşmür.
Bir versiyaya görə, Böyük Britaniyada onun ixtirası ilə hazırlanmış mühərrik istehsal edən zavodun açılışına gedən R.Dizel özünü dənizə atıb.
Başqa versiyaya görə, R.Dizel onun Britaniya hərbi dairələri ilə danışıqlar aparmaq cəhdindən xəbər tutan alman kəşfiyyatı tərəfindən danizə atılıb. Məşhur ixtiraçı o vaxt Britaniya hərbi sənayesinin nümayəndələri ilə əməkdaşlıq edibmi?
Bu sualın bu gün də dəqiq cavabı yoxdur.
Amma bütün bunlardan xeyli əvvəl – hələ XIX əsrin sonlarında R.Dizelin Nobellərlə əməkdaşlıq etdiyi gizli deyil.
Rudolf Dizel 1897-ci ildə özünün “yeni səmərəli istilik mühərriki” adlandırdığı mühərriki yaradır.
Dizelin daxiliyanma mühərrikinə dünyanın hər yerində maraq göstərilsə də, Almaniyanın özündə bu ixtira yetərincə qiymətləndirilmir. Belə bir vaxtda, 1898-ci ildə Emanuil Nobel həmin mühərrikə lisenziya əldə edir və onu kerosinlə deyil, neftlə işləməyə uyğunlaşdırmaqla Peterburqdakı “Lüdviq Nobel” zavodunda kütləvi istehsalına nail olur. Zavodun mühəndisləri gəmilər üçün xam neftlə və mazutla işləyən 20 at gücündə mühərrik hazırlayırlar. Bu mühərriklər yanacağa qənaət etməyə imkan verdiyindən Rusiyada dizel mühərriklərinin geniş tətbiqinə başlanılır. Qısa vaxtda dizel mühərrikləri buxar maşınları ilə müqayisədə öz üstünlüyünü təsdiq edir. Çünki bu mühərriklər buxar maşınlarından 5-6 dəfə az yanacaq sərf edir, onlara texniki qulluq daha asan başa gəlirdi.
1903-cü ildə “Nobel qardaşları” şirkəti Sormovo zavoduna dünyada ilk teploxod hesab edilən və hər biri 120 at gücündə olan üç dizel mühərrikli “Vandal” adlı gəmi-barjın, 1904-cü ildə isə hər biri 180 at gücündə iki dizel mühərriki ilə işləyən, 750 ton yükgötürmə qabiliyyəti olan “Sarmat” tankerini sifariş verir.
Teploxodların məhz XX əsrin əvvəllərində aktuallıq kəsb etməsi, hər şeydən əvvəl, neft yanacağının qiymətinin ilbəil artması ilə bağlı idi. Teploxod isə daha az yanacaqla işləyirdi.
Bundan sonra “Nobel qardaşları” şirkəti Kolomna zavoduna artıq 240 min pud yük götürən gəmilər sifariş verir.
Həmin dövrdə Bakıda möhkəmlənən şirkət öz işçilərinin mənzil şəraitinin yaxşılaşdırlması qayğısına qalır. “Villa Petrolea” adı ilə bu gün də Bakıda qorunan şəhərciyinin əsası qoyulur. Çünki Avropadan dəvət olunan mütəxəssilər bu şəhərin iqliminə bəzən tab gətirmir, əziyyət çəkirdilər. Nobellər isə əmin idi ki, peşəkar mühəndislər, ağıllı mütəxəssislər cəlb etmədən neft sənayesində uğur qazanmaq mümkün deyil. Məhz buna görə “neft bağı” salınır…
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır