Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

13 oktyabr Azərbaycan dəmiryolçularının peşə bayramıdır

 

Bu gün Azərbaycan dəmiryolçuları öz peşə bayramlarını qeyd edirlər. Prezident İlham Əliyev 2005-ci il oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, oktyabrın 13-ü – müstəqil Azərbaycan dəmir yolunun yaradıldığı gün - hər il Azərbaycan dəmiryolçularının peşə bayramı kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, 139 illik tarixə malik olan Azərbaycan dəmir yolları möhtəşəm inkişaf yolu keçib. Azərbaycanda dəmir yol tikintisinin birinci mərhələsi 1878-ci ildə başlanıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun istifadəyə verilməsi ilə başa çatıb. O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla inkişaf etdirilib və təkmilləşdirilib.
Üç beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın dəmir yolları “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yüklərin daşınmasını həyata keçirir. İki il əvvəl oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu istifadəyə verilib. “Şərq-Qərb” nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatı ilə bir sıra ölkələrin yükləri Avropaya və əks istiqamətə daşınır. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artır, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşir. BTQ 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır. Bu dəmir yolu ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün də işlər görülür və bu, turizmin inkişafına yeni bir nəfəs gətirəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keçməklə bu il martın 29-da Bakıya çatıb. Amma bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda 9 sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. “Stadler”lə imzalanan müqaviləyə əsasən daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.
Müstəqil Azərbaycan böyük uğurlar qazanıb, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi dəyişikliklər sayəsində respublika iqtisadiyyatı dinamik inkişaf edir. Heydər Əliyev ölkənin siyasi rəhbəri olduğu dövrdə respublikanın polad magistralı daim onun diqqət və qayğı obyekti olub. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturu Prezident İlham Əliyev tərəfindən intensiv şəkildə inkişaf etdirilir və modernləşdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirakçıdır.
Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpüdür. Hazırda ölkənin nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun möhkəmləndirilməsinə yönəlmiş bir neçə layihə həyata keçirilir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında nəqliyyat və logistika sektorunun roluna böyük ümidlər bəslənilir.
Strateji əhəmiyyətli bir regionda beynəlxalq nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşən Azərbaycan əsrlərboyu bu dəhlizlər arasında unikal körpü rolunu oynayıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə intensiv iş aparılır. Proqnozlar göstərir ki, “Şimal-Cənub” dəhlizi tam gücü ilə işə düşdükdə Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının körfəz və Hindistan istiqamətində çıxışına şərait yaradacaq, Qara dəniz limanları ilə Xəzəryanı dövlətlərin ticarət münasibətlərinin intensivləşməsinə gətirib çıxaracaq. Bu dəhliz dəmir yolu daşımalarını və müvafiq surətdə həm yerli, həm də tranzit marşrutlarla Avropa, Cənubi Asiya və Yaxın Şərq arasında daşımalar hesabına dəmir yolu nəqliyyatının gəlirlərini artırmağa imkan verəcək. Bu il “Şimal-Cənub” dəhlizi ilə 400 min tondan çox yük daşınıb.
Xəzər dənizində ən iri liman olan yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Azərbaycan dəmir yolları ilə yükdaşımaların artırılmasına şərait yaradır. Bu liman Böyük İpək Yolu layihəsi çərçivəsində həyata keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsidir. Bakı Limanında konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb.
Hazırda dəmir yollarının inkişafı istiqamətində bir sıra işlər görülməkdədir. Bunlara Bakıətrafı qəsəbə və kəndləri birləşdirən dairəvi dəmir yolunun çəkilməsi, Bakı-Qəbələ, Bakı-Lənkəran dəmir yolunun tikintisi daxildir. Bakı-Gəncə qatarının Ağstafayadək uzadılması, Balakən istiqamətində dəmir yolunun yenidən qurulması, dəmir yolunda elektrikləşdirmə işlərinin aparılması, iki yeni deponun istifadəyə verilməsi də gələcək hədəflər sırasındadır. “Azərbaycan Dəmir Yolları” QSC-nin vaqon parkı daim yenilənir, müasir vaqonlar, yük və sərnişin qatarları alınır, köhnə qatarlar yenidən təmir olunaraq istifadəyə verilir. İndiyədək 3100 yeni vaqon və 30-35 milyon dollarlıq yol-tikinti maşınları alınıb, 1000 kilometrədək dəmir yolu təmir olunub. “Azərbaycan Dəmir Yolları” QSC ilin sonunadək “Stadler” şirkətindən 2 qatar alacaq. Yeni qatarlar Rusiya istehsalı olan qatarlardan səsboğucularının sayına görə də fərqlənir. Belə ki, yeni qatarlarda səsboğucularının sayı 40-dır. Bu qatarlar həm sürət, həm də keyfiyyət göstəricilərinə görə üstündür.
Azərbaycanın polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Ölkəmiz böyük əhəmiyyətə malik beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilir.

Elvin Camalov 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır