Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Fukuşima AES-in suyunun okeana axıdılmasının 5-ci mərhələsi başlayıb

Fukuşima atom elektrik stansiyasının (AES) 2011-ci ildəki dağıdıcı zəlzələ və sunami nəticəsində sıradan çıxmış 3 reaktorunun aktiv zonalarının soyudulması üçün istifadə olunmuş suyun Sakit okeana axıdılmasının 5-ci mərhələsi başlayıb.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu mərhələdə mayın əvvəlinədək 7 800 ton suyun okeana buraxılması planlaşdırılır. Yaponiya hökuməti bəyan edib ki, radioaktiv maddələrdən təmizlənən, lakin tərkibində hələ də tritium (hidrogenin radioaktiv izotopu) olan suyun tərkibindəki zərərli maddələrin miqdarı standartlardan xeyli aşağıdır və okeanın ekosistemi üçün zərərsizdir. AES-in operatoru olan “Tokio elektrik enerjisi” şirkəti (TEPCO) suyu okeana buraxmazdan əvvəl tritium səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının içməli su üçün tövsiyə etdiyi səviyyənin təxminən yeddidən birinə endirmək üçün ona əlavə su qatır.

TEPCO stansiyanın suyunun okeana buraxılmasına ötən ilin avqustunda başlayıb. İlk dörd mərhələdə 31 145 ton təmizlənmiş su okeana axıdılıb. Şirkət AES-in reaktorlarının soyudulması üçün istifadə olunmuş 1,34 milyon ton suyu qarşıdakı 30 il ərzində okeana axıtmağı planlaşdırıb ki, bu da stansiyanın su ehtiyatının 98 faizi deməkdir. Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) “Fukuşima” AES-in suyunun okeana axıdılmasına razılıq verib. Yaponiya və BAEA-nın mütəxəssisləri suyun ilk partiyası axıdılandan sonra okeandan və balıqlardan götürülmüş nümunələrin analizinin nəticələrinin normalara uyğun olduğunu açıqlayıb. Bununla belə, qonşu ölkələr, xüsusən də Çin və Rusiya Fukuşima AES-in suyunun okeana axıdılmasına qarşı çıxır. Rəsmi Pekin BAEA-nın müsbət rəyini şübhə altına alaraq, suyun okeana buraxılmasının dərhal dayandırılması barədə bir neçə dəfə xəbərdarlıq edib. Hətta Çin Yaponiyadan dəniz məhsullarının idxalını dayandırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır