• Bakı, 2019-09-15,
Seanews
Heyder Eliyev

class="content-title">Xəzər İqtisadi Forumu mütəmadi qaydada keçiriləcək

Xəzər regionu beynəlxalq iqtisadi məkana fəal şəkildə inteqrasiya edəcək. AZƏRTAC Türkmənistanın “Turkmenistan seqodnya” dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Birinci Xəzər İqtisadi Forumunun yekunları ilə bağlı tədbirin sədrliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, forum çərçivəsində bir sıra beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlərdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya Federasiyası və Türkmənistanın dövlət başçıları tərəfindən 2018-ci il avqustun 12-də Aktauda keçirilmiş Beşinci Xəzər Sammitində imzalanmış Konvensiyanın əhəmiyyəti vurğulanıb. Həmin sənədin Xəzəryanı ölkələrin əməkdaşlığında yeni mərhələ açdığı da qeyd olunub. Həmçinin, Xəzəryanı ölkələrin BMT-nin strukturuna daxil olan təşkilatlarla əməkdaşlığının genişləndirilməsi də mühüm vəzifə kimi qarşıya qoyulub.

Sənəddə Xəzər İqtisadi Forumunun Xəzəryanı ölkələrin sahilboyu şəhərlərində mütəmadi keçiriləcəyi də qeyd olunub.

Xatırladılıb ki, avqustun 12-də Türkmənbaşı şəhərində keçirilmiş Birinci Xəzər İqtisadi Forumunda Xəzəryanı ölkələrin – Azərbaycanın Baş Naziri Novruz Məmmədov, Rusiyanın Baş Naziri Dmitri Medvedev, İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri, Qazaxıstanın Baş Naziri Askar Mamin, qonaq qismində isə Bolqarıstanın Baş Naziri Boyko Borisov və Özbəkistanın Baş Naziri Abdulla Aripovun başçılıq etdikləri nümayəndə heyətləri, o cümlədən Xəzər regionunun bank və biznes sektorunun nümayəndələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır