Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür - VİDEO

Ərdəbil şeyxlərindən olan Səfəvilər xanədanına mənsub İsmayıl Heydər oğlu 1487-ci ilin iyulun 17-də anadan olub.

14 yaşında taxta çıxan Şah İsmayıl qısa zamanda Şimala yürüşlər təşkil edir, Şirvan və Şəki hakimliklərini Səfəvi dövlətinə tabe edir, parçalanmış Ağqoyunlu xanədanının bir-birini qəbul etməyən hökmdarlarına qalib gəlir.

Şah İsmayılın zamanında Azərbaycan Səfəvi dövlətinin ərazisi təxminən 2 milyon 800 min kvadrat kilometrə çatırdı. İlk dəfə türk dilinin rəsmi dövlət dili səviyyəsinə qaldırmış Şah İsmayıl ədəbiyyat, incəsənət hamisi idi.

1510-cu ildə güclü özbək hökmdarı Şeybani xana qalib gələn Şah İsmayıl Səfəvi dövlətini imperiyaya çevirdi. Səfəvilərin güclənməsi başqa bir türk dövlətini - Osmanlı imperiyasını narahat edirdi.

1514-cü ilin avqustunda Çaldıran düzənliyində zəmanəsinin iki nəhəng türk dövləti üz-üzə gəldi. Döyüş Səfəviləri məğlubiyyəti ilə bitsə də, Osmanlılar da ciddi itki verdilər. İki qardaş türk dövləti arasında  qırğın Şah İsmayıla olduqca pis təsir etmişdi. Bundan sonra bir daha müharibə aparmayan gənc hökmdar 1524-cü ilin 23 mayında vəfat etdi.

Onun nəşi Ərdəbilə gətirilərək Şeyx Səfi məqbərəsində torpağa tapşırıldı.

Bu gün güclü dövlət xadimi, bacarıqlı sərkərdə, cəsur döyüşçü kimi Şah İsmayıl Xətai daim fəxr və qürurla xatırlanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Onun adını daşıyan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Şah İsmayıl Xətai” tankeri isə dənizçilərimizin bu görkəmli şəxsiyyətə hörmətinin bariz nümunəsidir.

Sözügedən tanker Nəqliyyat Donanmasının ən nəhəng tankerlərindən biridir. Uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır