• Bakı, 2019-09-18,
Seanews
Heyder Eliyev

Mustafa bəy Topçubaşov – 124

Azərbaycanda cərrahlıq elmi məktəbinin yaradıcılarından biri, görkəmli alim Mustafa Topçubaşovun anadan olmasından 124 il ötür. 

Mustafa Topçubaşov 1895-ci il avqustun 5-də qədim Azərbaycan torpağı İrəvanın Göykümbət kəndində dünyaya göz açıb. Böyük bir nəslin nümayəndəsi olan Mustafa əvvəlcə Vətəndə ibtidai məktəbdə və gimnaziyada təhsil alır. Valideynləri onun təhsilini uzaq yerdə davam etdirməsinə qarşı çıxsalar da, Mustafa Kiyevə gedərək, orada universitetin tibb fakültəsinə qəbul olunur. Onun tələbəlik illəri siyasi mübarizələrin kəskinləşdiyi dövrə təsadüf edir. O zaman Rusiyanın digər şəhərləri kimi, Kiyevdə də qalmaq təhlükəli idi. Mustafa bəylə oxumağa gedənlərin əksəriyyəti bu səbəbdən təhsilini yarımçıq qoymağa məcbur oldu. Ancaq M.Topçubaşovu çətinliklər, aclıq, ölüm qorxusu yolundan döndərə bilmədi. Və o, 1919-cu ildə diplomlu həkim kimi Vətənə qayıtdı.

Gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrah kimi çalışmağa başladı. 1920-1930-cu illərdə Azərbaycan Dövlət Universiteti Tibb fakültəsinin Fakültə Cərrahlığı Klinikasında əvvəl ordinator, sonra assistent işlədi. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Bu işin əhəmiyyətinə görə M.Topçubaşova professor elmi adı verildi və o, Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə kafedrasının müdiri seçildi. Görkəmli alim ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirdi.
Mustafa Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elminə yeni, orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu gətirir. Sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halları aradan qaldırmağa imkan verdiyinə görə bu metod geniş tətbiq edilir. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə olunur. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi Tibbi Şurası bu qarışığın "Analgezin" adı ilə istehsalına icazə verir.

M.Topçubaşovun II Dünya müharibəsi illərindəki böyük xidmətləri də danılmazdır. O dövrdə Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışan görkəmli alim SSRİ-də ilk dəfə təxliyə hospitallarının yaradılması təşəbbüsünü irəli sürüb və onun təklifi hərbi cərrahlıq işinin təşkilində uğurla tətbiq edilib. Həmin illərdə M.Topçubaşov saysız-hesabsız ağır cərrahiyyə əməliyyatları aparıb və minlərlə döyüşçünü ölümdən xilas edib.
Bütün fəaliyyəti dövründə elmi nailiyyətləri ilə Azərbaycan səhiyyəsini yorulmadan irəli çəkən alim öz araşdırmalarında müasir cərrahlıq problemləri – öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və başqa xəstəliklər üzrə daim axtarışlar aparıb, yeni təkliflər irəli sürüb.

Görkəmli təbib Azərbaycan Elmlər Akademiyasının (EA) həqiqi üzvü, Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü, SSRI Tibb Elmləri Akademiyasının akademiki seçilib. Azərbaycan SSR EA-nın vitse-prezidenti, Azərbaycan Eksperimental Tibb İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş cərrahı olub. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, iki dəfə Ali Sovetin sədri seçilib.

Dövrünün ən yüksək fəxri adlarını və mükafatlarını qazanmış akademik M.Topçubaşov Əməkdar Elm Xadimi, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb, Stalin mükafatı laureatı olub.

Bu önəmli tarixdə böyük elm və dövlət xadimini dənizçilər olaraq qürurla anırıq.

Xatırladaq ki, hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının gəmi-bərələrindən biri onun adını daşıyır. Uzunluğu 154,50 metr, eni 18,3 metr olan “Akademik Topçubaşov”  gəmi bərəsinin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır