• Bakı, 2019-09-18,
Seanews
Heyder Eliyev

class="entry-title">Hindistana gedən dəniz yolunun kəşfi

Bartolmey Diaş Ümid burnunu kəşf etməsi portuqaliyalıların Hindistana gedən dəniz yolunu kəşf etmək ümidlərini artırdı. Portuqaliya kralı I Manuel bu işi Vasko da Qamaya tapşırdı. Böyük coğrafi kəşflər dövrünün məşhur səyyahlarından biri, təcrübəli dənizçi Vasko da Qama 1497-ci il iyulun 8-də 4 gəmi ilə yola düşdü.  Onun ekspe­disiyasına 170 nəfər daxil oldu. Onların arasında ən təhlükəli tapşırıqları belə ye­ri­nə yetirməyə hazır olan cinayətkarlar da var idi. Kral Vasko da Qamaya səyahət zamanı rast gəldikləri  ölkələrlə ticarət əlaqələri saxlamağın mümkünlüyünü də öyrən­mək tapşırığı verilmişdi.

Yaşıl Burun adalarına qədər onu Bartolomey Diaş müşaiyət etdi. Dənizçilər bu adalardan Ümid burnunadək olan məsafəni 4 aya üzdülər. Sonra isə Afrikanın şərq sahillərinə doğru istiqamət götürürdülər. Onlar sahilboyu ərazilərin yanından keçərək müntəzəm olaraq sahilə çıxır, ərzaq və su ehtiyatı görür, yerlilərlə ticarət edirdilər.

Səyahət zamanı ekspedisiya üzvlərinin bir çoxu orqanizmdə S vitaminin çatışmazlığı səbəbindən sınqa xəstəliyinə tutuldular. Bu xəstəlikdən bir çoxları həlak olmuşdu. Güclü fırtınalar gəmiləri hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Vasko da Qama Ümid burnundan Hind okeanına keçdi və Afrikanın şərq sahili ilə üzüb 1498-ci il martın 15-də Somalinin Malinidi limanına gəlib çıxdı. Burada bir aya qədər qalıb Hindistana getmək üçün bələdçi axtardı. Yerli hakim məsləhət gördü ki, o, özünə bu yolların ən yaxşı bələdçisi «qucaratlı mavr» olan «Maleomo Kanaka»nı bələd­çi götürsün. Məhz həmin «Maleomo Kanaka» 1498-ci il aprelin 24-də portuqaliyalıları Hindistana apardı. Üstündən heç bir ay da keçməmiş, 1498-ci il mayın 20-də Vasko da Qamanın başçılıq etdiyi Portuqaliya  gəmiləri Hindistanın qərb sahillərində-Kalikutda lövbər saldı. Sonralar elm aləminə məlum oldu ki, «Maleomo Kanaka» həmin məşhur dənizçinin adı deyil, ləqəbi imiş. Həmin dənizçinin öz adı isə Əhməd  ibn Məcid imiş. Beləliklə, Hindistanın yolunu Avropa müstəmləkəçilərinə məşhur ərəb dənizçisi tanıtdı. Lakin çox keçmədən  portuqaliyalırar Hindistanda, ümumiyyətlə, Hind okeanı hövzəsində qətllərə, qarətlərə başladıqda o, dünya dənizçilik elminə bəxş etdiyi bu töh­fənin xəcallətini çəkdi və yana-yana yazdı: «... insanlar qorxuya və təşvişə düşdülər... təəssüf, onların nələr törədəcəyini mən bilsəydim... ». Lakin iş-işdən keç­mişdi.

Beləliklə, portuqaliyalılara Hindistanın yolunu göstərmiş ərəblər az sonra öz səhvlərinin acı nəticəsini dadmağa başladılar. Vasko da Qama Kalikut hakimindən burada Portuqaliyanın ticarət faktoriyasını yaratmağa icazə istədi. Bu isə ərəblərin Hind okeanında ticarət hökmranlığına zərbə demək idi. Ərəb tacirlərinin  Hindistan ədviyyatı üzərində inhisarına son qoyula bilərdi. Ona görə də ərəb tacirləri Vasko da Qamanın planlarının baş tutmasına mane oldular. Avropalılar gətirdikləri malları çətinliklə ədviyyata dəyişərək tələsik halda Hindistan şəhərlərini tərk etdilər.

1499-cu ilin sentyabrında Vasko da Qama Portuqaliyaya qayıtdı. 170 nəfərlik heyətdən cəmi 55 nəfər salamat qayıtmışdı. Amma qazanc çox idi. Hindistandan gətirilən ədviyyatın dəyəri Vasko da Qamanın ekspedisiyasına çəkilən xərcdən 60 dəfə çox idi.

Vasko da Qama ikinci dəfə Hindistana 1502-ci ildə səyahət etdi.  20 gəmidən iba­rət güclü donanmaya arxalanan portuqaliyalılar ədviyyat şeylərini, qızıl-gümüşü, daş-qaşı silah gücünə talan edib gəmilərə doldurdular. Hindistanın  qərbindəki yerli hakimlər Portuqaliyanın ali hakimiyyətini tanımaq məcburiyyətində qaldılar. Portuqaliya hökuməti Vasko da Qamanın xidmətlərini yüksək qiymətləndirdi. Ona qraf rütbəsi və «Hinditsanın admiralı» titulu verildi. 1524-cü ildə üçüncü dəfə Hindistana vitse-kral kimi qədəm qoydu və orada da ömrünü başa vurdu.

Vasko da Qamanın ilk səyahəti və Hindistana dəniz yolunun kəşf olunması nəticəsində Afrikanın sahil məntəqələrinin xəritəsi və bu qitənin quruluşu qəti müəy­yənləşdirildi; Hind okeanı ilə Atlantik okeanı arasında əlaqə olduğu təcrübədə sübut olundu. Hindistan və bir çox  Cənubi Asiya ölkələrindən Avropaya birbaşa dəniz yolu kəşf olundu. Ərəblərin və başqa şərq tacirlərinin Asiya-Avropa ticarətində üstünlük və vasitəçiliyinə son qoyuldu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır