Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Əlli ildə dənizin hər üzünü görən kapitan

25 iyun – “Dənizçi günü” münasibətilə ölkə Prezidenti İlham Əliyevin Sərəncamları ilə bir qrup dənizçi vətənin yüksək mükafatları ilə təltif edilib. Əməyi yüksək qiymətləndirilənlərin arasında qocaman dənizçi Məmməd Məmmədov da var. Ömrünün əlli ilini dənizdə keçirmiş uzaq səfərlər kapitanı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Məmməd müəllim “seanews.az”-ın əməkdaşı ilə təəssüratını bölüşüb.  

 Məmməd müəllim, öncə sizi təbrik edirik…

– Çox sağ olun. Bu təqaüdə görə möhtərəm prezidentimizə və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Onu da deyim  ki, bu, təkcə mənim deyil, bütün dənizçilərin əməyinə verilən yüksək qiymətdir. Bəli, indi ölkədə dənizçilərə xüsusi qayğı var. Bu da təsadüfi deyil. Çünki, dənizçilər ölkənin iqtisadi qüdrətinin artırılmasında mühüm rol oynayırlar.

–  Məmməd müəllim, istərdim ötənlərə kiçik bir nəzər salaq.

– Yarım əsr dənizçi kimi işləmişəm. Bakı Dəniz Yolları Məktəbini bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində əvvəlcə kapitanın üçüncü, sonra ikincü, daha sonra baş köməkçisi və nəhayət kapitan kimi çalışmışam. 1995-ci ildə xəstəliyimlə əlaqədar təlimatçı kapitan vəzifəsinə keçdim. Bir müddət Azərbaycan Dövlət Dəniz Akademiyasında müəllim işlədim. Onu da deyim ki, Odessa Ali Mühəndislər İnstitutunu bitirən ilk azərbaycanlı dənizçilərdənəm. Ümumiyyətlə,  bir dənizçi kimi dənizin hər üzünü görmüşəm.  Və dənizçi olmağımla hər zaman qürur duymuşam.

– Qocaman dənizçi kimi Azərbaycan dənizçiliyinin bu gününü və gələcəyini necə dəyərləndirirsiniz?

– Azərbaycanda zəngin  dənizçilik ənənələri mövcuddur.  Bu sahənin inkişafında Ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolu var. Hər ikisinin gəmiçiliyin inkişafında xidmətləri əvəzsizdir. Tam əminliklə deyə bilərəm ki, bu gün bizim dənizçilər  dünyanın ən qabaqcıl ölkələrindəki  həmkarları ilə  rəqabət aparmaq gücündədirlər. Onu da deyim ki, indi Gəmiçilik çox inkişaf edib. Burda işləmək üçün hər cür şərait var. Hərdən deyirəm, kaş cavan olaydım.

 Siz də qeyd etdiniz ki, Azərbaycanda dənizçiliyin və gəmiçiliyin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu olub. Bildiyim qədəri ilə, uzaq səfərlər kapitanlığına Ulu Öndərin xeyir-duası ilə başlamısınız. Necə xatırlayırsınız?

–  Bəli, o vaxt biz təsdiq üçün Moskvaya getməmişdən öncə Mərkəzi Komitənin bürosundan keçirdik. Yaxşı xatırlayıram, çox həyəcanlı idim. Ulu Öndər mənə suallar verdi, ailəmlə, işimlə maraqlandı…

Bu görüşümüzdən 10 il keçmişdi. Dübəndi terminalının açılışında biz yenidən qarşılaşdıq. Daha doğrusu, Ulu Öndər açılışdan sonra mənə yaxınlaşdı. “Kapitan Məmmədov, vəziyyət necədir?”- deyə soruşdu. Təsəvvür edirsiniz, 10 il sonra o məni tanıdı. Doğrudan da çox böyük yaddaşı var idi.

– Gənclərə tövsiyəniz?

– Həyatı hədər yaşamamağa çalışmışam və düşünürəm ki, buna az da olsa nail olmuşam. İstər istehsalatda, istərsə də həyatda zəhmət, peşəkarlıq və insanlara yaxşılıq etmək əsas hədəfim olub. Gənclərə də bunları tövsiyə edərdim. Gələcəyin dənizçiləri fəaliyyətə başlayanda inamlı olsunlar. Öz üzərlərində çox çalışsınlar. Çünki, bu sahədə bacarığın varsa qabağa gedə biləcəksən.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır