Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Uzaq səfərlər kapitanı: “Hər əsən küləkdən qorxmağa dəyməz”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin xarici sularda üzən gəmilərinin fəaliyyət coğrafiyası kifayət qədər genişdir.

İndi dor ağacında Azərbaycan bayrağı dalğalanan 11 gəmimiz (10 quru yük gəmisi və 1 tanker) Aralıq, Qara dənizlərdə yerləşən onlarla limana yan alır. Həmin gəmilər vacib beynəlxalq su nəqliyyat arteriyaları ilə müxtəlif yüklər daşıyır. Bu isə sözsüz ki, ölkəmizə xarici valyutanın gətirilməsində, Gəmiçiliyin inkişafında mühüm əhəmiyyət kəsb edir.

“seanews.az”-ın əməkdaşı uzaq səfərlər kapitanı Aydın Quliyevlə  xarici sularda fəaliyyət barədə söhbətləşib. Müsahibəni təqdim edirik.

Aydın Quliyev 1977-ci ildən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışır. Karyerasına matrosluqdan başlayıb. 2003-cü ildən uzaq səfərlər kapitanıdır. Gəmiçiliyə məxsus bir çox gəmidə çalışıb. Hazırda Qara dənizdə istismar olunan “Üzeyir Hacıbəyli” gəmisinin kapitanıdır.

Aydın Quliyev uzaq səfərlər kapitanı olmaqdan qürur duyur. Deyir ki, xarici ölkə sularında Azərbaycan bayrağını dalğalandırmaq həm şərəfli, həm də məsuliyyətlidir.

  • Biz burada ölkəmizi təmsil edirik. Hər şeydən öncə vətənimizin adını daim uca tutmağa çalışırıq. Şükürlər olsun ki, indiyədək hər şey ürəyimizcə olub. Heyətimizin peşəkarlığını isə xarici limanlarda da etiraf edirlər.

Gəminin heyət üzvləri limanlarda xaricilərlə ünsiyətdə olanda Azərbaycan haqqında geniş məlumat verməyi də özlərinə borc bilirlər. Aydın Quliyev deyir ki, Qarabağ həqiqətləri barədə indiyədək yüzlərlə əcnəbini məlumatlandırıblar.

“Biz bunu işimizin mühüm tərkib hissəsi sayırıq. İstəyirik ki, təbliğat məsələsində az da olsa bizim də töhfəmiz olsun.”

 – Aydın müəllim, çox vaxt vətəndən uzaqlarda olmaq çətin deyilmi? Darıxmırsınız ki?

  • Artıq bu həyata öyrəşmişik. Gəmi isə bizim ikinci evimizdir. Asudə vaxtlarımızda milli filmlərimizə baxırıq, milli musiqilər dinləyirik. Burda yediyimiz yeməklər belə öz mətbəximizə aiddir. Gəminin göyərtəsində özümüzü Azərbaycanda olduğu kimi hiss ediriksə, niyə darıxaq?!

Müsahibimiz işinə çox bağlıdır. Deyir ki, dənizçi həyatının hər anı maraqlıdır. Hətta fırtınalar belə onu qorxutmur. Əksinə, daha da gücləndirir, məsuliyyətini artırır.

  • Elə gələndə fırtınaya düşmüşdük,-deyir.-Fırtınaya görə Türkiyənin ərazi sularında lövbərdə dayanmalı olduq. 6.8 bal gücündə külək əsirdi. Ciddi narahatlığımız olmadı. Çünki, yükü gəmiyə düzgün yığmışdıq. Fırtınada əsas məsələ budur. Yük anbara düzgün yığılmayanda təhlükə riski artır. Küləyə də düşürük, gəmilərlə təhlükəli yerlərdən də keçirik. Heyətimizin peşəkarlığı və cəsarəti sayəsində istənilən vəziyyətdən çıxırıq.

 

 

–  Aydın müəllim, bir az da səfəriniz barədə məlumat verin. İndi hardan gəlirsiniz və sonrakı planınız nədir?

  • Ukraynanın İzmayıl limanından Közcə limanına gedirik. Hazırda su, yanacaq və ərzaq ehtiyatı üçün dayanmışıq. Yükümüz isə buğdadır. Ümumiyyətlə, gəmimiz Aralıq dənizi hövzəsində üzür. Bura Aralıq, Qara və Egey dənizləri daxildir. Gəmimiz təzədir. Bu yaxınlarda istismara verilib. Heç bir problemimiz yoxdur. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC burda bizim üçün hər cür şərait yaradıb.

 

 

– Boğazlardan keçmək prosesini izah edə bilərsinizmi?

  • Gəmimiz müasir naviqasiya avadanlıqları ilə tam təchiz olunub. Boğazlardan onların köməyi ilə keçirik. Bələdçidən mümkün qədər az istifadə edirik. Amma Kerç boğazından keçəndə bizə bələdçi lazım olur. Çünki, burada yeni körpü tikilib. Bosfor və Dardanel boğazlarından keçəndə maksimum ehtiyatlı oluruq. Axıntıların olma ehtimalı burada çox yüksəkdir. Gəmilərin intensiv hərəkəti də keçidi çətinləşdirən amillərdəndir. Əsas şərt qabaqdan və arxada gələn gəmilərlə təhlükəsiz məsafədə üzməkdir.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır