Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“Kapitanlıq fəth etmək istədiyim ən uca zirvə idi”

Həqiqətən də dənizçi olmaq asan deyil. Dumanı var, fırtınası var, həsrəti var… Hər kəs bacarmır bu işi. Dənizi sevməyənlər ümumiyyətlə bacarmır, bacarmazlar da…

Elə müsahibim – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin qabaqcıl kapitanlarından olan Şakir Dadaşov da bu qənaətdədir. Hesab edir ki, dənizi sevmək başlıca şərtdir. Özü də kor-koranə yox.

 -Şakir müəllim, belə başa düşdüm ki, dənizi yaxşı tanıyırsınız.

-Bəli, uşaqlığım dəniz sahilində – Neftçala rayonunun Bankə qəsəbəsində keçib. Amma bu o demək deyil ki, dəniz kənarında doğulub, böyüdüyüm üçün bu peşəni seçmişəm.

-Bəs, xüsusi bir səbəb olubmu?

-Bizim nəsildə dənizçi çox olub. Dayım, qardaşlarım…Əslində, özümü tamam başqa sahədə sınamaq istəyirdim. Hətta sənədlərimi də vermişdim. Novruz dayım yolumdan döndərdi. Sənədlərimi geri götürməyi təkid etdi. Və məni dənizçiliyə yönləndirdi. Həmişə deyirdi ki, səni kapitan kimi görmək istəyirəm. Sözündən çıxa bilməzdim. 1980-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin gəmi sürücülüyü fakültəsinə qəbul oldum. 1983-cü ildə oranı bitirdim və Xəzər Dəniz Neft Donanmasına gəldim. Təchizat-yedək gəmilərinin birində kapitanın ikinci köməkçisi kimi işə başladım. 1988-ci ildən kapitanın baş köməkçisi işlədim. Bir il sonra kapitanlığa namizədliyimi irəli sürdüm. O vaxtlar azərbaycanlı kadrlara qarşı biganəlik var idi. Buna görə, kapitan ola biləcəyimə inanmırdım. Amma bəxtim gətirdi. Donanmada yerli kadr kimi  seçilən 2-3 kapitandan biri də mən oldum.

 

-Yedək gəmisində işlədiyinizi dediniz. Bildiyim qədəri ilə bu tip gəmilərdə çalışmaq asan deyil…

-Bəli, çətindir. Təchizat-yedək gəmiləri çox vacib işləri yerinə yetirirlər. Biz böyük platformaların yerini dəyişir, lövbərə qoyur, xilasetmə işləri görürük.

-Şakir müəllim, dənizçi olmaq nə deməkdir?

-Dənizçi olmaq zövq işidir. Əvvəldə dediyim kimi, dənizi sevməkdir. Və bir də mənə görə, dənizçi olmaq plansız yaşamaqdır. Çünki nə vaxt, harda olacağını bilmirsən.

-Dənizçi olmaq həm də məsuliyyətin nə olduğunu dərk etməkdir..

-Doğrudur. Dəniz çox şıltaqdır. Hər an coşa bilər. Ona görə də, səhlənkarlıq və arxayınçılıq yolverilməzdir. Sizə bir hadisə danışım. Xaricilərin bizdə yeni işə başladıqları vaxtlar idi. “İsrafil Hüseynov” gəmisində idik. Havanın pis olacağı barədə məlumat aldıq. Gəmini dayaz sularda lövbərdə saxlamaq barədə göstəriş verdilər. Xaricilər buna etiraz etdilər. Bizim narahatlığımızı başa düşmürdülər.  “Boş şeydir” deyirdilər. Birdən güclü fırtına oldu. Sözlərini geri götürdülər.  Etiraf etdilər ki, Xəzər dənizinin fırtınası ilə zarafat etmək olmaz.

– Xəzər Dəniz Neft Donanmasına gəldiyiniz ilk vaxtları necə xatırlayırsınız?

-1984-cü ildən XDND-də işləyirəm. O vaxtlar çox qarışıq dövr idi. Azərbaycanlılara qarşı ayrı-seçkilik var idi. Amma müstəqillikdən sonra vəziyyət dəyişdi. Hər şey öz yerini tutdu. Əvvəllər xaricdən mütəxəssislər gələrdi. İndi demək olar ki, onlara ehtiyac yoxdu. Heyətimiz çox peşəkardır, gəmilərimiz müasirləşib.

-Dənizçiliyə başlayarkən özünüz üçün bir hədəf müəyyənləşdirmişdinizmi?

-Kapitan olmaq. Bu mənim fəth etmək istədiyim ən böyük zirvə idi. Təvazökarlıqdan uzaq olsa da, bacardım.

-Uğurunuzun sirri nədədir?

-Mən həmişə öyrənirəm. Mənə elə gəlir ki, yaxşı kapitan olmaq istəyən ara verməməli, daim öyrənməlidir.

-Şakir müəllim, kollektivdə kifayət qədər hörmətiniz var. Yəqin ki, asan qazanmamısınız?!

– Haqqımda belə xoş fikirlər dolaşırsa, buna yalnız sevinmək olar. Elə xüsusi prinsiplərim yoxdur. Sadəcə, hər zaman işlədiyim gəmidə heyətə dəyər vermişəm. Həmişə fikirləşmişəm ki, “tək əldən səs çıxmaz”.

-Ailəniz dənizçilik həyatında sizə necə dəstək verir?

-Bax, olduqca mühüm  məsələyə toxundunuz. Dənizçi üçün ailənin dəstəyi çox vacibdir. Elə biriylə ailə qurmaq lazımdır ki, o, səni başa düşsün. Nə yalan deyim, evin bütün yükü xanımın üzərinə düşür. Övladlar, nəvələr, ev və s.. Mənim həyatımın 70-80%-i dənizdə keçir. Buna baxmayaraq, bu gün hər şey qaydasındadır. Kimin sayəsində? Əlbəttə ki, həyat yoldaşımın.

 

-Və sonda sizin əməyinizin yüksək qiymətləndirilməyindən danışaq. Bu yaxınlarda Prezident İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olundunuz. Nə deyə bilərsiniz?

-Açığı deyim ki, gözləmirdim. Eşidəndə, əvvəlcə inanmadım. Nə deyə bilərəm? Demək ki, dövlətini, millətini sevən hər kəsə dəyər verilir, əməyi qiymətləndirilir. Bu,stimul və üstəlik də məsuliyyətdir. Yüksək mükafata görə möhtərəm Prezidentimizə və “AXDG” QSC-nin sədri Rauf Vəliyevə dərin minnətdarlığımı bildirirəm. Etimadı doğrultmağa çalışacağam.

 

Rövşən Abdurəhmanov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır