Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

“Dünya Dənizçilik Universitetində oxumaq asan olmasa da… “

Müsahibimiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  istedadlı və perspektivli gənclərin xarici ölkələrin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədi ilə təsis etdiyi Təqaüd Proqramının qalibi, hazırda proqram üzrə Dünya Dənizçilik Universitetində (World Maritime University)  təhsil alan Nərminə Cabbarovadır.

-Nərminə xanım, artıq yarım ildir ki, İsveçdəsiniz.  Təhsil aldığınız universitet və ixtisas barədə  təəssüratlarınızı eşitmək maraqlıdır.

-Öncə bizə bu imkanı yaratdığına və dəstək olduğuna görə başda “AXDG” QSC-nin sədri Rauf müəllim olmaqla, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Qeyd edim ki, oxuduğum Dünya Dənizçilik Universiteti Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış orqanı Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təsis edilib. Dünyada dənizçilik sahəsində yüksək və keyfiyyətli təhsilə malik mütəxəssislərin sayının artırılması universitetin qarşıya qoyduğu əsas məqsəddir. Mən bu universitetdə “Dəniz daşımalarının idarə olunması və loğistika” ixtisası üzrə təhsil alıram. Bu ixtisas daşımaların müasir tələblərə cavab verərək effektiv idarəedilməsi ilə bağlı bir çox məsələni özündə əks etdirir. Bura limanların idarəedilməsi və daşımalardakı rolu, strateji inkişafa maneə törədən problemlərin analiz yolu ilə həlli, istismar və kommersiya məsələləri, maliyyə risklərinin idarə edilməsi, marketinqin daşımalara tətbiqi, daşınma müqavilələri və s. aiddir. Bir sözlə, çox əhatəli ixtisasdır. Digər tərəfdən,  “Dəniz daşımalarının idarə olunması və loğistika” Dünya Dənizçilik Universitetinin  ən çətin ixtisası hesab olunur. Amma mən etimadı doğrultmaq və ölkəmizin adını uca tutmaq üçün əlimdən gələni edirəm.

-Ümumiyyətlə, oxuduğunuz universitetdə sizi daha çox nələr qane edir?

-Dünya Dənizçilik Universitetinin qaneedici tərəfləri çoxdur. Bir neçəsini vurğulaya bilərəm. Burda dərslər dənizçilik sənayesinin son illərdəki dəyişikliklərinə uyğun keçirilir. Bu da tələbələri lazım olan bilik və bacarıqlarla təmin edir. Təhsil yalnız professorların verdiyi ümumi biliklərə əsaslanmır. Əldə olunan biliklərin tətbiqinə geniş imkanlar yaradılır. Bundan başqa, tələbənin analitik düşüncə qabiliyyətinin inkişafı da vacib sayılır. Müxtəlif ölkələrin təcrübəsini öyrənmək imkanımız var. Məsələn, bizim ixtisasın tələbələri Birləşmiş Krallıqda (London), Almaniyada (Hamburq) və Yunanıstanda təcrübə keçəcəklər.  Universitetə tez-tez digər təşkilatlardan, assosiasiyalardan, şirkətlərdən beynəlxalq səviyyədə tanınmış ekpertlər dəvət olunur. Onlar mühazirələri ilə dərslərimizdə iştirak edirlər. Ən son Amerika Gəmiçilik Bürosunun prezidenti cənab Kris Shernicki “Texnologiyanın inkişafı gəmiçiliyin gələcəyini necə formalaşdırır” mövzusunda təqdimatla çıxış edib. Universitetin həm müəllim heyəti, həm də tələbələr dünyanın müxtəlif ölkələrindən formalaşıb. Bu da dostluq əlaqələrimizin genişlənməsinə və gələcəkdə həmin ölkələrin nümayəndələri ilə əməkdaşlığa imkanlar yaradacaq.  Dünya Dənizçilik Universiteti böyük kitabxana resurslarına malikdir. Bundan başqa, 100000-dən çox elektron kitab, İMO sənədləri, HeinOnline və s. resurlarından istifadə üçün hər birimizin giriş icazəmiz var.

 

-İsveçdə dərsdənkənar vaxtlarınızı necə keçirirsiniz? Ümumiyyətlə, buna imkan olurmu?

-Düzü, dərslərimizin çətinliyinə görə asudə vaxtımız çox olmur.  Hər iki həftədən bir imtahan veririk. Bəzən imtahanlararası əlavə təqdimatlara  və digər tapşırıqlara da hazırlaşırıq. Amma imkan tapan kimi,  İsveçin başqa şəhərlərinə və digər Avropa ölkələrinə səyahət edirəm. Həftəsonları dostlarımızla milli yeməklərimizi bir-birimizə təqdim edir və əylənirik. Bundan başqa, universitetdə müxtəlif idman növləri ilə məşğul olmaq üçün gözəl şərait var. Ümumiyyətlə, əminəm ki, burada təhsil aldığım müddət yaddaşımda həyatımın ən unudulmaz günləri kimi qalacaq.

 

-Bəs,sosial layihələrdə iştirak edirsinizmi?

-Bəli, sosial layihələrdə iştirak edirəm və bu, çox vacibdir. Çünki, insan bu layihələrə qatılmaqla həm başqalarına kiçik də olsa töhfə verir, həm də özünü inkişaf etdirir. Hazırda təhsil aldığım universitetdə Tələbə Şurasının Məzun və Beynəlxalq gün üzrə sədriyəm. Bundan əlavə, Qadın Assosiasiyasında layihə kordinatoru üzrə çalışıram. Assosiasiyanın əsas məqsədlərindən biri dənizçilik sahəsində qadınların təhsil almasına və bu sahədə daha çox uğur qazanmalarına dəstək olmaqdır.  Ölkəmizə qayıtdıqdan sonra da bu layihələrdə, regional digər assosiasiya və ya təşkilatlarda iştirakımı davam etdirmək istəyirəm.

 

Son olaraq təhsilini xaricdə davam etdirmək istəyən dənizçilərə  sözünüz?

-Öncə onu deyim ki, yaşlarından asılı olmayaraq xaricdə təhsil almaq arzuları varsa, bunun arxasınca getsinlər. Yaş məsələsini niyə xüsusi vurğulayıram? Çünki oxumaq heç zaman gec deyil. Burada təhsil alanların orta yaşına nəzər salsaq 30-dan çox olduğunu görərik. Xüsusilə, gənc dənizçilərimizə (hazırda Akademiyada təhsil alan və məzun olan) demək istərdim ki, vaxtınızdan düzgün istifadə edin. Vaxt elə bir şeydir ki, göz qırpımında gedir və geriyə dönüb baxdığımızda boşluq görməmək üçün çox çalışmalıyıq. Təbii ki, qarşımıza maneələr çıxacaq, amma nəyisə etmək istəyiniz bu maneələrdən üstün olmalıdır. Ən əsas problem maddi məsələdə yaranır, bunun üçün də müxtəlif təqaüd proqramlarına müraciət etmək olar.

Təbii ki, xaricdə təhsil almaq beynəlxalq əmək bazarına qapı açacaq. Amma, fikrimcə,  qazandığımız biliklərlə öncə ölkəmizə töhfə verməyə çalışmalıyıq.  Bu, çox vacib məsələdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır