Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Özündən güclülərlə döyüşən xanım

Fəridə Abdullayeva: “Nə qədər çox aktiv və sürətli olsanız, həmişə birinci olacaqsınız” 

İstək olan yerdə hər şey etməyin mümkün olduğunu düşünür. Amma təkcə istəməklə hər şey əldə etmək mümkün deyil. Deyir ki, bunun üçün çox çalışmalı, daima hərəkətdə olmalısan. Müsahibimiz dənizçi və idmançı xanım Fəridə Abdullayevadır. Uşaqlıqdan bəri idmana həvəsi olan  həmsöhbətim bildirdi ki, əvvəl sırf özünümüdafiə üçün karate ilə məşğul olub, sonra proseslər peşəkar idmançı olması istiqamətində cərəyan edib.

Qeyd edək ki, F.Abdullayeva 1993-cü ildə Bakı şəhərində anadan olub. Orta məktəbə Bakıxanov qəsəbəsində yerləşən 74 nömrəli məktəbdə başlayan Fəridə, 9-cu sinifdən sonra təhsilini Bakı Peşə Liseyində davam etdirib: “Liseyi  bitirib sənədlərimi Dənizçilik Akademiyasına təqdim etdim. İmtahan verib Nəqliyyatda Daşınmalar və İdarəetmənin Təşkili Mühəndisliyi ixtisasına qəbul oldum. Oxuduğum müddət ərzində mağazalar şəbəkəsinin birində kassir kimi işləyirdim. Dərslər günorta saat 1-də bitdiyinə görə, saat 6-da işə getmək imkanım olurdu. Bu müddət ərzində “Caspian Marine Services” şirkətinin ümumi və kommersiya şöbəsində vakant yer olduğunu öyrəndim və orada işə başladım. Orada bir il işlədikdən sonra “Azersun” Holdinqdə  özümü sınadım. Lakin nədənsə, həmişə öz yerimdə olmadığımı fikirləşirdim. Ona görə, fərqli sahələrə üstünlük verməyə başladım. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də tələbələrin işlə təmin edildiyini öyrəndim və ora müraciət etdim. Artıq bu ilin fevral ayından bəri orada çalışıram”.
 
– Həm dənizçi, həm idmançı. Bu sahələrdə xanımlara çox az rast gəlinir. İkisi bir arada çətin deyil?
 
– Bütün bunlar təsadüf deyil. Mən həmişə güc tələb olunan yerlərə üstünlük verirəm. Ona görə də liderliyin daha çox olduğu sahələr diqqətimi çəkib. Əslində istək varsa, hər şey etmək mümkündür. Ancaq istəkdən əlavə, hərəkət də lazımdır. Mənə görə, həyat hərəkətdən ibarətdir. Su da bir stəkanda qalanda kiflənməyə başlayır. Ona görə də daima hərəkətdə olmağa çalışıram. Ünsiyyətcil biriyəm və insanların olduğu mühitə daha çox üstünlük verirəm. İdmandan əlavə, psixologiya və fəlsəfəyə böyük marağım var. Detektiv əsərləri, xüsusən Çingiz Abdullayevin kitablarını oxuyuram.
 
 
 
– İdmançı kimi ilk addımlarınızı atmağa nə vaxtdan başladınız?
 
– Atamgil 4 qardaş olublar. Onların da hərəsinin iki oğlu olub. Nəsildə ən sonuncu qız mən olmuşam. Anam həmişə fikirləşirdi ki, qızımı evdə tək qoyub getsəm, onu incidə bilərlər. Məndən böyük qardaşım var. Amma o da sakit təbiətli biridir. İlk vaxtlar məni bir növ özünü müdafiə üçün idmana göndərdilər. Lakin müəllimim həvəsim və potensialım olduğunu gördü və mənə yarışlara çıxmağı təklif etdi. Qatıldığım ilk yarışda respublika üzrə birinci yeri qazandım. Bundan sonra həvəsləndim və daha da çox məşğul olmağa başladım. Onu da qeyd edim ki, idmanla məşğul olmağıma baxmayaraq təhsili heç vaxt kənara atmamışam. Çünki idman hansısa yaş həddinə qədərdir. Amma ixtisas, insanın aldığı təhsil ona həmişə lazım olur. Təqribən 13 il karate ilə məşğul oldum. Sonuncu dəfə İsveçrədə dünya kubokunda birinci oldum. Hətta karateni atdıqdan sonra içimdəki idman həvəs ölmədi. Bir müddət taekvando, boksla  məşğul oldum. Amma bu idman növləri mənim diqqətimi bir o qədər də çəkmirdi. Sonra elə oldu ki, işə getdiyim vaxt kikboksinq üzrə 5 qat dünya çempionu Pərviz Abdullayevin böyük bir plakatı ilə rastlaşdım. Araşdırma apardım və “Youtube”da videolara baxdım. Gördüm ki, orada əl və ayaq döyüşləri var. Beləcə, kikboksinqlə məşğul olmağa başladım. Amma başlamamışdan öncə bu sahədə potensialımın olub-olmamağı haqqında müəllimimin fikrini öyrəndim.
 
– İdman şəxsi həyatınıza mane olmur ki?
 
– Demək olar ki, şəxsi həyatım yoxdur. Uşaqlıqdan bəri ətrafımda oğlanlar daha çox olub deyə, mən də oğlan kimi böyümüşəm. Hətta, uşaq vaxtı “samokat” sürürdüm. Mən uşaqlığımı telefon, kompüter, televizorla keçirməmişəm. Yəni, uşaqlığımdan istədiyim kimi həzz almışam. İdmanla məşğul olduğum vaxtlarda qızlarda karateyə  o qədər də həvəs yox idi. Ona görə də,  karateyə başlayanda orada hamı oğlan idi. Liseydə də cəmi 3 qız idik. Orada oğlanları mən idarə edirdim. Hər zaman oğlanlar içində olduğuma görə, elə oğlan kimi də böyüyürəm.
 
– Ailə qurandan sonra bəzən xanımlar idmana vaxt ayıra bilmirlər…
 
– Məncə, hər bir xanımın dayağı öz ailəsi olmalıdır. Adətən, idmançılar məqsədə çatdıqdan sonra daha da çox qazanmaq istəyirlər. Amma bu da qismətdən asılıdır. Gələcəkdə ailə qursam, əlbəttə ki, ailəmə daha çox zaman ayıraram, nəinki idmana. Lakin bununla belə, həmişə özümü formada saxlamağa çalışaram. Ümumiyyətlə, artıq çəki insanın sağlamlığına ziyandır. İnsan özünə nə qədər baxarsa, bir o qədər yaxşıdır. Adətən, insanlar gün boyu ofis şəraitində gəzmədən otururlar. Gecə də hərəkətdə olmuruq. Evə gəldikdən sonra yemək yeyib yatırıq. Mən kikboksinqə başlayanda qarşıma məqsəd qoydum ki, su içməliyəm. Çünki burada çox enerji itirirsən və su içmək lazımdır. Şirniyyatı çox sevsəm də, qədərində yeməyə çalışıram. İdmanla məşğul olmadığım vaxtlarda belə, hərəkətsiz qalmıram. Adi vaxtda gəzəndə də sürətli hərəkət edirəm. Bəlkə də bu xarakterdən asılıdır. Nə qədər çox aktiv və sürətli olsanız,  həmişə birinci siz olacaqsınız.
 
 
 
– Eyni vaxtda həm işə, həm idmana vaxt çatdırmaq çətin deyil ki?
 
– Düzü, işdən sonra yorğun halda gecə vaxtı məşqə getmək bir az çətindir. Məşqlərimiz axşam saat 8-də başlayır. Evə çatanda artıq ikiqat yorğun oluram, hər şey monotonlaşır. Zəif tərəflərimi bildiyim üçün onların üzərində işləyirəm. Qorxmuram, ancaq hər zaman onu ağlıma gətirirəm ki, əlləri aşağı salmaq olmaz. Nəinki idmanda, bu, həyatda da belədir. Məsələn, işdə hansısa vəzifədəyəmsə, zəiflik göstərib deyə bilərəm ki, əşi bu nə vəzifədir, gərək mən işimi dəyişim. Bəlkə başqa yerdə daha  çox qazana bilərəm. Amma o, bir müddət olacaq. Səbir göstərib hər zaman möhkəm olmaq, bəzi şeyləri görməməzlikdən gəlmək, hər bir situasiyaya hazır olmaq gərəkdir. Bütün detallara fikir verməli, tələsməməlisən.
 
– Hiss olunur ki, təkcə fiziki yox, daxilən də güclü birisiniz…
 
– Fiziki güc başqa, daxili güc tam başqa şeydir. Daxili güclə, dağı da yerindən tərpətmək olar. Bilmirəm belə demək nə dərəcədə düzgündür, amma daxili güc bütün sahələrdə – ailədə, işdə, idmanda hər şeyi yerindən tərpədər. Məsələn, bir yarışda qarşımdakını nokaut etməyimin səbəbi də daxilimdəki gücü hiss etməyim oldu ki, onu vurub aşıra bildim.
 
– Bu haqda bir az ətraflı danışasınız bəlkə…
 
– Yarışların birində rəqibimin müəllimi ona mənim ayaqlarla daha yaxşı işlədiyimi deyib. Mənim müəllimim isə yarışdan əvvəl mənə dedi ki, sən qarşındakına sürpriz etməlisən. Bilirsiniz, müəllimdən çox şey asılıdır. Şükürlər olsun ki, müəllimim Mehman Umudov çox təcrübəlidir. Sürpriz deyəndə nəyi nəzərdə tutduğunu bilmirdim. O, hər kəsin mənim ayaqla işlədiyimi, əl ilə zəif olduğumu fikirləşdiyini dedi. Əlavə etdi ki, sən onu əl ilə yıxa bilərsən. Və mən yarışda rəqibimi əl ilə nokaut etdim. O anda mən kənardan heç nəyi hiss etmirdim, amma daxili gücümə arxalanaraq əl ilə işləməyə başladım və nəticəsi də oldu.
 
 
 
– Sizə görə, qələbənin siri nədədir?
 
– Rinqdə olanda rəqibin zəif olduğu anı tutmağı bacarmalısan. Boşluğu tuta bilsən, rəqibini məğlub edə bilərsən. Belə olanda rəqib çox ayaq üstə dayana bilməyəcək. Çünki bu, onun zəif yeridir. Mən karatedən gəldiyimə görə, əlim bir az zəifdir. Həmişə oğlanlarla məşq etməyə çalışıram. Bir dəfə qızlarla məşq etdim və başa düşdüm ki, burada olsam zəifləyərəm. Güclü olmaq üçün özündən güclülərlə döyüşməlisən. Ümumiyyətlə, heç bir yarış asan olmur, istər-istəməz həyəcan və məsuliyyət olur. Sənə inanan insanları pis vəziyyətdə qoymamalısan. Mən həmişə özümdən çox müəllimimi fikirləşirəm. Bu yarışa çıxacağımı bilmirdim. Düşünürdüm ki, sadəcə, tamaşaçı olaraq baxacağam. Kikboksinqdə ilk dəfə olsa da, karatedə müvəffəqiyyətlərim olub. Müəllimim mənə “yarışa çıxırsan” deyəndə, onun gözlərində olan inamı gördüm. Mən onun inamını yanıltmaq istəmirdim.  Düzdür, özünü düşünməmək də yaxşı hal deyil. Amma mən həmişə belə olmuşam. 
 
 
Kaspi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır