Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Tatyana Srebnaya: Dənizçi olmağımla fəxr edirəm

O dənizin yaxınlığında yaşayır, dənizdə işləyir və dənizlə nəfəs alır.  Biz sözlə, həyatını dənizsiz təsəvvür etmir. Söhbət Azərbaycanın yeganə qadın yaxta kapitanı Srebnaya Tatyana Vladimirovnadan gedir. Dəniz onun ən böyük sirdaşıdır.

Dənizə olan sevgisi onu dövrünün qəhrəmanına çevirib desək, yanılmarıq.  Çünki, Tatyana xanım öz işi ilə bütünlükdə qadınların qorxmazlığını və cəsarətini nümayiş etdirir.    

 

1966-ci il dekabrın 22-də Bakıda dünyaya gələn Tatyana Srebnaya dənizçiliyə uşaq vaxtlarından həvəs göstərib. O, ilk dəfə 9 yaşında yelkənli idman növü ilə məşğul olmağa başlayıb. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının Bədən tərbiyəsi kafedrasının müdiridir, beynəlxalq təcrübəli məşqçidir.

  • Məndə bu sahəyə marağı atam yaratmışdı. O, özü də dənizçi idi. Dənizlə bağlı maraqlı xatirələr danışırdı. Və həmişə deyirdi ki, dənizdən qorxmaq lazım deyil. İndi bunu mən tələbələrimə aşılayıram. Dənizin nəhəngliyi bu işin məsuliyyətini hiss etdirir. Təhlükəli məqamlarda nə etdiyini anlamaq, vəziyyəti qiymətləndirə bilmək vacibdir. Təşvişə düşmək olmaz. Dənizçi anında düzgün qərar verməyi bacarmalıdır.

O, tələbələrinə təkcə işin sirlərini öyrətmir. Dənizi, dənizçiliyi sevməyi aşılayır.

  • Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC durmadan inkişaf edir. Donanmalarımız ildən-ilə yenilənir. Artıq gəmilərimiz xarici sularda da üzür. Bununla hər bir azərbaycanlı, xüsusilə dənizçilər fəxr etməlidir. Çalışıram ki, gənc nəslə bunları çatdırım. Çünki, onlar inkişafı görüb həvəslənirlər.

 

Tatyana xanım deyir ki, dəniz ondan qorxanları sevmir. Elə bu səbədən qarşılaşdığı çətinliklərə baxmayaraq kapitan bir dəfə də olsun sevimli işindən imtina etməyi ağlından keçirməyib. O, işinə olduqca bağlıdır. Belə olmasaydı,  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində işləməyindən fəxrlə danışmazdı.

  • Hər zaman demişəm, 160 illik bir tarixi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində işləmək qürurvericidir. Burada işləmək insanın həyatına ayrı bir dəyər qatır. Əməyimiz daim qiymətləndirilir. Bu yaxınlarda Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Buna görə, həm ölkə başçısı cənab İlham Əliyevə , həm də “AXDG” QSC-nin sədri Rauf Vəliyevə təşəkkürümü bildirirəm.

 

Uzun illərdir fəaliyyətini davam etdirən xanım kapitanın dənizçiliklə bağlı hələ qəlbində çox arzuları var. O, bütün arzularına çatacağına əmindir.

Tatyana Srebnaya ilə bağlı Мир 24 telekanalının hazırladığı sujeti diqqətinizə çatdırırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır