Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA-nın əlaçı tələbəsi: İnanıram ki, yaxşı gəmi kapitanı olacam

Tələbənin hər ay aldığı təqaüd onun ehtiyaclarını ödəməyə kömək edir. Hər bir tələbə üçün təqaüddən əlavə pul isə necə deyərlər, göydəndüşmə olur. Artıq iki ildir ki, ASCO rəhbərliyi Azərbaycan Dövlət Dəniz Akademiyasının və onun nəznindəki Azərbaycan Dənizçilik Kollecinin tələbələri üçün belə bir fürsət yaradıb. Semestrləri uğurla başa vuranlar Akademiya rəhbərliyinin təqdimatına əsasən ASCO-nun xüsusi təqaüdünə layiq görülürlər.

2018-2019-cu tədris ili üzrə payız semestrinin imtahan nəticələrinə əsasən Azərbaycan Dövlət Dəniz Akademiyasının 13, ADDA-nın tabeliyində olan Azərbaycan Dənizçilik Kollecinin isə 6 tələbəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təsis etdiyi xüsusi təqaüdə layiq görülüb.

Bu fürsətdən yararlanan tələbələrdən biri də Qüdrət Şəmilzadədir. O, hazırda ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin “Dəniz Naviqasiyası” ixtisası üzrə 2-ci kursunda təhsil alır. Qüdrətin müvəffəqiyyət göstəricisi 95,871 baldır.

  • Qüdrət, söhbətimizə səni tanımaqla başlayaq

Ailəm 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşüb. Elə o vaxtdan valideynlərim Goranboy rayonunda məskunlaşıblar. Mən  də 1999-cu ildə orada dünyaya gəlmişəm.  Orta təhsilimi də elə kəndimizdəki tam orta məktəbdə əlaçı kimi bitirmişəm.

  • Deməli, elə o vaxtdan təhsilə böyük marağın olub?

Bəli, elədir. Uşaqlıqdan başa düşürdüm ki, dərslərimi vaxtında və yaxşı oxusam, ali məktəbə daha asan qəbul ola bilərəm.

  • Asan oldu?

Çox rahat oldu. 590 bal topladım.

 

  • Niyə məhz Dəniz Akademiyasında oxumaq istədin?

Ümumiyyətlə, səyahəti çox sevirəm. Yaşımın az olmasına baxmayaraq artıq Azərbaycanın bir çox yerlərində olmuşam. Amma həmişə dəniz səyahəti arzusunda idim. İstəyirdim, Xəzər sahilində yerləşən ölkələrə də gedim. Atamın dostları arasında bizim Akademiyanı bitirənlər var idi. Onlar bizə gələndə dənizçilik, gəmi və gəmi kapitanının işi haqqında həvəslə danışırdılar. Həmin söhbətlər məndə gəmiçiliyə maraq yaradırdı. Qəbul imtahanının nəticələrini biləndən sonra tam əmin idim ki, məhz Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alacağam. “Dəniz naviqasiyası” ixtisasını seçdim. Seçimimdən çox razıyam.

 

  • İlk təcrübəyə nə vaxt getdin?

Keçən il yayda ASCO-nun Dəniz Nəqliyyat Donanmasının “Naxçıvan” gəmisində oldum. Gəmi heyəti bizi maraqlandıran bütün suallara cavab verir, təcrübə toplamağamız üçün əllərindən gələni edirdi. Ümidvaram ki, növbəti illərdə də təcrübəli dənizçilərdən hələ çox məqamları öyrənəcəyəm. Məqsədim yaxşı gəmi kapitanı olmaqdır. İnanıram ki, alınacaq.

 

  • Bildiyim qədər əlaçı təqaüdü alırsan?

Bəli, əlaçı təqaüdü ilə yanaşı, ASCO-nun Akademiyamız və Kollecimiz üçün təsis etdiyi xüsusi təqaüdə də layiq görülmüşəm. İki ildir, bu təqaüddən yararlanıram.

  • Sirr deyilsə, pulunu hara xərcləyirsən?

ADDA-da oxumaq iqtisadi cəhətdən çox sərfəlidir. Akademiyamızın yataqxanasında qalıram. Buna görə heç bir ödəniş etmirik. Səhər və günorta yeməyimiz də pulsuzdur. Yəni, yeməyə elə də çox pulumuz çıxmır. Aldığım təqaüdü əsasən ixtisasım üçün lazım olan əlavə dərs vəsaitlərinə, ya da avadanlığa xərcləyirəm. Demək olar ki, hər dəfə evə göndərməyə də pul çatır.

  • Necə düşünürsən, əlaçı “sükanını” belə saxlaya biləcəksən?

Əlbəttə ki, bu mənim dərsə yanaşmağımdan və məsuliyyətimdən asılıdır. Ümid edirəm ki, öhdəsindən gələcəyəm.

  • Sənə bütün işlərində uğurlar!

Çox sağolun. Sizə də həmçinin.

Müsahibəni alıd: Musa Əliyev – ADDA-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır