• Bakı, 2019-10-21,
Seanews
Heyder Eliyev

18 ilin dənizçisi: Gəminin işi heç vaxt bitmir, qadın kimi “kaprizli”dir - MÜSAHİBƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Mərdəkan” gəmisinin kapitanı İlqar Paşayevin Oxu.Az-a müsahibəsi:

- Sizə necə müraciət edək? Dənizçi, yoxsa gəmiçi?

- Bizim işimizin, həyatımızın yarısı gəmidə keçir. Gəmi dənizdə olsa da, dənizdə bir çox başqa sahələr üzrə də çalışanlar var. Ona görə də düşünürəm ki, dənizçi demək daha yaxşı olar.

- Neçə ildir bu sahədə işləyirsiniz? Ümumiyyətlə, bir qədər özünüz haqqında məlumat verərdiniz.

- Paşayev İlqar Ənvər oğlu. 1979-cu ildə anadan olmuşam. Ailəliyəm, bir övladım var. 18 ilə yaxındır bu sahədə çalışıram. Dəniz Akademiyasını bitirmişəm. Əksər dənizçilər kimi, bu peşəyə matros olaraq başlamışam. 13 ilə yaxın kapitan köməkçisi kimi fəaliyyət göstərmişəm: kapitanın üçüncü, ikinci və birinci köməkçisi. Nəhayət, beş ildir gəmi kapitanıyam.

- İşinizə həm də istirahət demək olarmı? Bütün günü dənizdə - təmiz hava, sağlamlıq...

- Bir tərəfdən elədir. İşimizi sevirik, dəniz adamıyıq. Demək olar, tətil üzü görmürük, vaxtımızın çoxu gəmilərdə keçir. Amma şikayətçi də deyilik (gülür).

  

                                                                                                                               

 

- Dənizçi olmaq, dənizə çıxmaq asaı?

 -Bu sahənin də özünə görə çətinlikləri var. Amma bunu qorxulu, riskli adlandırmaq olmaz. Çünki adi bir misal çəkək, dülgər işi. Dülgər də ani bir diqqətsizlik edərsə, əlini, qolunu itirə bilər. Belə hallar az olmayıb. İndi belə hadisələrə görə deyə bilərikmi ki, heç kim dülgər olmasın, təhlükəlidir, qorxuludur? Əlbəttə ki, yox. Eləcə də bizim işimiz. Sadəcə olaraq diqqətli, məsuliyyətli olmaq lazımdır.

Biz dənizə çıxmazdan əvvəl lazımi təcrübə yığmışıq. Akademiyanı bitirdikdən sonra beynəlxalq tələblərə uyğun diplom almışıq. Dənizdə işləmək üçün müəyyən sertifikatlar, təcrübə lazımdı. Mənim atam da dənizçi olub. Bəlkə də dənizə sevgim ailədən gəlir. Qardaşım da, mən də onu özümüzə kumir hesab etmişik və ikimiz də onun davamçıları olmuşuq. Mən artıq məktəb illərindən dənizçi olmağı arzulayırdım.

- “Həsən ağanın qohumu” dənizdədir, yoxsa...

- Əlbəttə ki, xeyr (gülür). Hər insanın peşəsi, təcrübəsi və öz məsuliyyəti var. Öz üzərimə düşən məsuliyyəti layiqincə yerinə yetirməsəm, komanda işi olmaz. Mənim bir kiçik səhvim həm gəmini, həm də heyəti xoşagəlməz hadisələrlə üz-üzə qoya bilər. Odur ki, dənizdə “Həsən ağanın qohumu” olmaq keçmir. Hər şeyi gərək öz gücünlə qazanasan.

- Bir dənizçidə ən önəmli özəlliklər hansılar olmalıdır?

- Hər kəs qarşısına bir məqsəd qoymalıdır. Bu məqsəd uğrunda iradəli şəkildə addımlamalıdır. Ən əsası, onu deyim ki, dəniz tənbəl insanları sevmir. Çalışmışıq ki, işlədiyimiz gəmilərdə passiv olmayaq, daim təcrübələrimizi, bilik və bacarıqlarımızı artıraq.

Dənizçilər tədricən peşəkarlaşırlar, onlar ürəkli olmalıdırlar. Bu sahəni seçən insan möhkəm iradəli, qoçaq, dözümlü və ən əsası, sağlam ruhlu olmalıdır. Gəmi dənizə açılanda dənizçinin fikrində “mən” yox, “biz” olmalıdır. Hamıya özün kimi yanaşmalısan.

- Dənizçilik macəralarla dolu peşədir. Qurudan xəbərsiz aylarla dənizdə olmaq çətin deyilmi?

- Biz hamı kimi, hər səhər durub işə getmirik, gecikmə həyəcanı yaşamırıq, tıxaclarda qalmırıq. Bu tərəfdən işimiz rahatdır (gülür). Amma hamıdan fərqli olaraq bir gün evdən çıxıb, 15 gün, bəzən bir ay, bəzən də üç-beş aydan sonra evə qayıdırıq. Əksər hallarda bir ay işdə, bir ay evdə oluruq. Çətinliklərimiz də olur. Ancaq bunlar müvəqqətidir. İşini sevərək görürsənsə, hər şeyin öhdəsindən gələ bilərsən.

                                                                                                                       

 

 

- Uzun müddət ailənizdən uzaq qalırsınız. İşiniz belə tələb edir. Bəs ailəniz necə, sizdən küsüb-incimir?

- Xeyr, onlar artıq öyrəşiblər. Mən işimi sevirəm. Ailə üzvlərim də məni belə qəbul edib. Bayaq dediyim kimi, atam da dənizçi olub və bu sistem bizdə artıq çoxdan qəbul edilib. Ona görə də işimlə bağlı evdən nə qədər uzaqda qalsam da, əlavə söz-söhbət, küskünlük yaşanmır.

- Bayramları da dənizdə qeyd edirsiniz?

- Hərdən Novruz bayramında evdə oluruq, Yeni ili dənizdə. Mən buna elə də önəm vermirəm. Amma bəzən elə olub ki, ardıcıl beş il Yeni ili gəmidə, ailəmdən uzaqda qarşılamışam.

- Hazırda “Mərdəkan” gəmisinin kapitanısınız. Bəs bundan əvvəl hansı gəmilərdə çalışmısınız?

- Daha əvvəllər “Nefteqaz 64”, “Nefteqaz 58”, “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Oktay Vəliyev”, “İrgiz” və digər bir çox gəmilərdə çalışmışam.

- Xəzər daxilində hərəkət edirsiniz. Gələcəkdə uzaq məsafələrə üzən gəmi kapitanı olmağı düşünürsüzmü?

- Təbii. Ola bilər ki, gələcəkdə uzaq səfərlərə çıxaq. Biz hazırda Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərdə çalışırıq. Bu gəmilərin işi neft buruqlarının təchizatı, onların mütəmadi iş rejiminin tənzimlənməsi və təhlükəsizliyi təmin etməkdən ibarətdir.

- Heç olubmu ki, gəmi dənizdə olarkən hər hansı problem yaşanıb?

- Xeyr, işimizə problem yaradacaq hər hansı hadisə yaşanmayıb. Amma bəzən kiçik nasazlıqlar olur. Gəmi səfərə çıxmazdan əvvəl yoxlanılır, texniki, elektrik və təhlükəsizlik sahələrində mütəxəssislər tərəfindən ciddi yoxlamalar aparılır. Aidiyyəti şöbələr üzrə mütəxəssislər bütün yoxlamaları yekunlaşdırdıqdan sonra gəmi kapitanına gəminin vəziyyəti ilə bağlı məlumat verirlər. Əgər kiçik bir problem aşkarlanarsa, həmin gəmi səfərə buraxılmır. Heç bir problem olmadığı təqdirdə isə gəmi dənizə açıla bilər. Ümumiyyətlə, gəmilər beş ildən bir əsaslı təmir edilir.

- Gəmi heyəti, əsasən, neçə nəfərdən ibarət olur?

- Bu, gəmilərin təyinatından asılıdır. Bizim “Mərdəkan” gəmisində minimum heyət 13, tam heyət isə 21 nəfərdir. Əsas sıravi və komandir heyəti olur. İstənilən gəminin mütləq kapitanı olmalıdır. Kapitandan sonra iki heyət - mühəndis heyəti və kapitanın köməkçiləri gəlir. Bundan sonra sıravi heyət, maşın bölməsinin heyəti və göyərtə heyətinin sıravi üzvləri gəlir.

                                                                                                                      

- Sizin heyətin ən qocaman və ən gənc üzvünün neçə yaşı var?

- Ən qocaman üzvümüzün 45 yaşı, ən gənci isə Dəniz Akademiyasının tələbələri olan 25 yaşlı matroslarımızdır.

Bakı küləklər şəhəridir. Dənizdə olarkən küləklər sizə mane olmur ki? Ümumiyyətlə, fırtınalı havalarda bir kapitan olaraq necə davranırsınız?

- Fırtınalar bizim dostumuzdur. Nə qədər güclü külək olsa da, bu, əsl dənizçinin dənizə olan sevgisini azaltmaz. Ara-sıra güclü küləyə düşürük. Təbii ki, biz əvvəlcədən bu barədə məlumatlandırılırıq. Bu zaman ya dənizə çıxmırıq, ya da xüsusi sığınacaqlara gedirik. Qeyri-adi hava dəyişkənliyi yaşanarsa, külək tutmayan nöqtələrdə gəminin və heyətin təhlükəsizliyini təmin etmək mümkündür. İstənilən halda, təcrübəli dənizçilər fırtınanın olacağını əvvəlcədən bilirlər. Bunun üçün havanı dərindən qoxulamaq kifayət edir. Dənizçilər üçün dənizin həddindən artıq sakitliyi də arzuolunan deyil. Çünki belə sakitlik bəzən güclü fırtına olacağından xəbər verir. Ona görə də biz dənizçilər bir-birimizə uğur arzulayanda səmt küləyi arzulayırıq.

- Gəmi gün ərzində dayanmadan hərəkət edir, yoxsa gecə saatlarında dayanır?

- Xeyr, gəmilər daim hərəkətdə olur. Heyət növbəli şəkildə istirahət edir. Yalnız hava şəraiti imkan vermədiyi halda gəmi bir müddət ləngiyə bilər. Başqa hallarda isə limandan yola çıxan gəmi A məntəqəsindən B məntəqəsinə olan missiyanı tamamladıqdan sonra geri qayıtmalıdır. Gəminin yanacaq sərfiyyatı tənzimlənir. Limandan ayrılan gəmi yanacaq doldurur və bu yanacaqla bir ay dayanmadan hərəkətdə ola bilir.

- Avtobuslarda sürücünün oturduğu tərəfdə qapı olmur. Belə izah edirlər ki, bu, qəza anında sürücünün sərnişinləri təhlükəyə ataraq avtobusdan düşməməsi üçündür. Gəmidə necə, kapitan ekipajını hər cür çətinlikdən çıxarır, yoxsa...

- Axırıncı dəfə avtobusa nə zaman mindiyimi xatırlamıram. Gəminin elə qapıları yoxdur (gülür). Dənizdə qaydalar var: gəmini son olaraq kapitan tərk etməlidir. Əgər gəmi qəzaya uğrayarsa, kapitan bütün ekipajın təhlükəsiz şəkildə gəmidən çıxdığına əmin olduqdan sonra gəmini xilas etməyə cəhd etməlidir. Vəziyyətdən asılı olaraq heç bir nəticə əldə olunmadıqda kapitan özü gəmini tərk edir. Ümumi qaydalara görə, ekipaj maksimum çalışmalıdır ki, gəmi batmasın. Gəmi dənizçilər üçün evdir. Kim istəyər ki, evi batsın? Odur ki, gəmiçilər üçün gəmi müqəddəsdir.

- Hava nəqliyyatında belə qayda var ki, eyni ailənin iki üzvü bir təyyarədə çalışa bilməz. Dənizdə qaydalar necədir?

- Bəli, əslində, bu, həm təhlükəsizlik, həm də işə məsuliyyət baxımından önəmlidir. Çünki, bir ailədən iki nəfər eyni gəmidə olanda səhlənkarlıq yarana bilər. Hər insan öz aləmində işinə bir qədər rahat yanaşar ki, məsələn, atam, qardaşım buradadır, o mənim işimə də baxar və s. Bu anlamda, bəli, bizim qaydalara görə də eyni ailənin üzvlərinin bir gəmidə çalışmasına icazə yoxdur.

- Məşhur “Titanik” filmi ilə bağlı belə bir zarafat var: “Filmə gəmiçi zehniyyəti ilə baxsan, heç bir zövq ala bilməzsən”. Siz “Titanik”ə baxanda zövq ala bilirsiniz?

- Maraqlı sualdır. Filmə baxanda avtomatik olaraq mənfi və müsbət nüanslar diqqəti cəlb edir. Təbii ki, bir kapitan digər kapitanın yol verdiyi səhvləri, eləcə də yerində verilən doğru qərarları daha tez tutur. Amma onu qınamaq olmur.

- O kapitanın səhvi nə idi?

- Əslində o vaxtkı gəmilərlə indiki gəmilər bir deyil. Fikrimcə, həmin kapitanın səhvi gəminin gücündən artıq sərnişin və yük alması idi. Kapitan gəmi ilə bağlı yekun qərarları yalnız özü verməlidir. Daha sonra isə okeanda aysberqlərin olduğunu diqqətdə saxlamadılar. Gəmi də, irəliyə baxan heyət üzvləri də məsələyə laqeyd yanaşdılar. Bu səbəbdən də gəmini son anda döndərə bilmədilər və batdı. O vaxt gəmidə sukeçirməz qapılar yox idi. Yəni bu gün ən müasir texnologiyalarla təchiz edilən gəmilər var və bu gün gəmilərin batma təhlükəsi qat-qat aşağıdır.

- “Titanik”in kapitanı olsaydınız, gəmi yenə də batardımı?

- Düşünürəm ki, mən qızıl qaydaları daim gözləmişəm. Həmin kapitanın yerində olmadan onun atdığı addımları müzakirə etmək də düz deyil. Lakin mən gəmi ilə bağlı son qərarları özüm verirəm və mənim ekipajımda bu qədər diqqətsizlik yolverilməzdir.

- Gəmi limana çatanda, tapşırıq yerinə yetirildikdən sonra heyət nə edir? Gəmidən çıxmağa icazə var, ya yox?

- Gəmi daim kapitanın nəzarətində olur. Amma getdiyimiz limanda iş bitdikdən sonra təbii ki, istirahət edirlər. Ailəsi ilə əlaqə saxlayan olur. Bir qədər istirahətə hər kəsin ehtiyacı var təbii ki.

                                                                                                                                 

- Doğrudur ki, kapitanların hər limanda bir sevgilisi olur?

- Bu, sadəcə əsası olmayan, təəssüf ki, tez-tez işlədilən ifadələrdən biridir. Mən bilmərəm (gülür).

- Gəmilər arasında rəqabət olurmu? Dənizdə qarşı-qarşıya gəlmək və s.

- Xeyr. Gəminin getdiyi istiqamət əvvəlcədən dəqiqləşdirilir. Əks halda su nəqliyyatında qəzalar qaçılmaz ola bilər. Bütün gəmilərin müəyyən edilmiş yolu, naviqasiya sistemi var. Elə bilməyin ki, gəmilər dənizdə hara istədi, üzüb gedir.

- Bəzən maşını parklamağa çətinlik çəkirik. Bu böyüklükdə gəmini körpüyə belə dəqiqliklə yaxınlaşdırmağı necə bacarırsınız?

- Sizin üçün kənardan baxanda çətin g

- Ümumiyyətlə, dənizçilikdə yazılmamış bir qanun var: “Qadın dənizdə bəladır”. Ona görə gəmidə qadın işçi olmur?

- Əslində, belə deyil. Deyərdim ki, bu, bir az bizim mentalitetimizlə bağlıdır. Uzun müddət evdən ayrı qalmalı olduğun üçün və bir qədər spesifik sahə olduğu üçün xanımlarımız bu sahəni çox seçmirlər. Amma yemək bişirən, təmizlik işlərinə baxan işçilərimiz xanımlardır. Bildiyim qədər, əvvəllər xanım kapitanlarımız da olub. Ümumiyyətlə, gəminin işi heç vaxt bitmir, qadın kimi “kaprizli”dir.

- Yemək demişkən, hər gün balıq yeyirsiz?

- Balıq mənim sevimli yeməyimdir (gülür). Amma təbii ki, iş saatlarında balıq tutmaq şansı olmur. Yemək seçimi etmirik. Müxtəlif yeməklər, qidalar olur. Hər kəs öz zövqünə, damaq dadına uyğun qidaları yeyir.

- Nə vaxtsa bu sahədən getməyi düşünürsünüz? Övladınızın sizin peşənizi davam etdirməsini istəyərdiniz?

- Atam kapitan olub. Qardaşım da kapitan köməkçisidir. Bu sahəyə ailəlikcə bağlılığımızın nə vaxtsa bitəcəyini düşünmürəm. Nə qədər ki varam, bu sahədə çalışacağam.

Bir oğlum var və onun seçimlərinə daim hörmətlə yanaşıram. Düşünürəm ki, hansı sahəni seçsə, ona dəstək olacağam. Mən atamın peşəsini davam etdirirəm. Oğlum da mənim sahəmi seçsə, sadəcə fəxr edərəm.

- Bəzən gənclər dənizçi olmağı arzulayır, lakin bəzi məlumatlar onları qorxudur. Onlara nə tövsiyə edərdiniz?

- Məncə, çox az adam olar ki, dənizi sevməsin. Dəniz çox gözəldir. Dəniz Akademiyasına sənəd vermək istəyən gənclər heç nədən qorxmasın. Bütün sahələr kimi, bizim sahənin də öz çətinliyi və özünəxas müsbət cəhətləri var. 

Könül Cəfərli

FOTO: Ramil Zeynalov

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır