Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Qəbul imtahanında 538 bal topladı, 15 yerdən yalnız ADDA-nı seçdi

Niyyətin hara, mənzilin ora...Məktəbi bitirməyə yaxınlaşdıqca hər birimiz gələcəkdə özümüzü harda görəcəyimizi müəyyənləşdiririk. Kimsə müəllimindən ilhamlanıb müəllim olmaq istəyir, kimsə gördüyü bir binanın memarlıq üslubuna heyran qalıb memarlığa həvəs göstərir və s.

Dənizçi peşəsi onu seçəndən zəhmət və səbr tələb edir. Gəmidə işləyənlər və onların yaxınları bu işin nə qədər şərəfli və məsuliyyətli olduğunu çox gözəl bilir. Uzun müddət yaxınlarından uzaq düşən bu insanlar gördüyü işin nə qədər əhəmiyyətli olduğunu da yaxşı anlayırlar.

Yusir Şahmarov bu il ADDA-ya qəbul olan tələbələrdən biridir. O, digər tələbə yoldaşlarından fərqli olaraq seçim zamanı mümkün 15 ixtisasdan yalnız birini - Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”-ni seçib.

- Yusir, hansı məktəbin məzunusan?

- Əslən Astara rayonundanıq, amma Bakıda yaşayırıq. Nizami rayonundakı 229 saylı məktəbi bitirmişəm.

- Dənizçi olmaq həvəsi səndə hardan yaranıb?

- Qohumlarımız arasında dənizçi çoxdur. Onlar bizə gələndə tez-tez öz işləri haqqında danışırdılar. Aylarla dənizdə işləmək, bir ölkədən başqa ölkəyə gəmi ilə getmək, gəmi kapitanı olaraq bütün bunları idarə etmək mənə çox maraqlı gəlirdi.

- Bəs, niyə yalnız bir ixtisas seçdin?

- Orxan adlı bir qohumum var idi. Akademiyada mənim ixtisasım üzrə təhsil alırdı. Onunla görüşəndə həmişə mənə ADDA-dan və ixtisasından maraqlı söhbətlər edir, dərs prosesindən, təcrübələrindən danışırdı. Bu söhbətlər artıq məndə dənizçi olmaq həvəsini yaratmışdı. Orxan III kursda oxuyanda rayonumuzda faciəvi surətdə həlak oldu. Onun ölümü mənə çox pis təsir etmişdi. İçimdə hardasa bir az tərəddüd olsa da, onun ölümündən sonra dənizçi olacağıma və  Orxanın bitirə bilmədiyi işi başa vuracağıma qəti qarar verdim. Bu il 538 bal topladım və seçim zamanı yalnız ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını seçdim.

- Bu ixtisasdan gözləntilərin nədir?

- Bayaq dediyim kimi su üzərində gəmilərin hərəkəti mənə çox maraqlıdır. Bildiyim qədər ASCO-nun xarici sularda Azərbaycan bayrağı ilə üzən gəmiləri var və getdikcə onların sayı artır.  Ona görə də ingilis dilində təhsili seçmişəm. Arzum bu ixtisasa tam yiyələnmək və həmin gəmiləri hərəkətə gətirən heyətin bir üzvü olmaqdır.

 

Musa Əliyev

ADDA-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır