Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Zəfər” gəmisində bir gün - FOTOLAR

Oktyabrdır, buna baxmayaraq hava aydın və günəşlidir. Amma Xəzər həmişə olduğu kimi çılğındır.

Biz  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mavi Xəzərdə üzən çoxsaylı gəmilərdən birinin - “Zəfər” sərnişin gəmisinin qonağıyıq. Gəmi “səmt küləyi” ilə bərabər tam sürətlə dalğaları yararaq irəliyə gedir. 8 nəfərdən ibarət gəmi heyəti isə iş başındadır.

Kapitan Səfail Muradov 30 ildir ki, dənizdə çalışır. O, kapitan pilləsinə yüksələnədək yaddaqalan yol qət edib.  Əvvəlcə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib,  daha sonra təhsilini Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində davam etdirib. Səfail Muradov 2003-cü ildən kapitan kimi çalışır. Xəzər Dəniz Neft Donanmasının bir çox gəmilərində işləyəndən sonra “Zəfər”in “sükanı arxasına” keçib. Peşəsini o qədər sevir ki,  hətta məzuniyyətdə olduğu vaxtlarda da dəniz üçün darıxır. 53 yaşlı kapitanın ən böyük arzusu daim mavi dənizin sularında xidmət göstərməkdir.

Səfər zamanı, o cümlədən gəmi sahildə olanda kapitanın “sağ əli”, kapitanın baş köməkçisi Sergey Sazonov da bizimlə həmsöhbət oldu. Uşaqlıqdan dənizçi olmaq istəyən Sergey arzusuna çatdığı üçün özünü xoşbəxt sayır. Dənizə iş yeri kimi yox, macəralar aləmi kimi baxır, elə asudə vaxtlarında da macəra janrında bədii əsərlər oxumaqla məşğul olur. Gələcəkdə kapitan olmaq arzusundadır.

Sergey Sazonovla söhbətimizə yekun vurub maşın şöbəsinə keçirik. Burada səliqə-səhman gəminin ümumi təmizliyini tamamlayırdı.

Baş mexanik Şahin Abdiyev bizə dəniz sevgisindən danışır. Dənizin və dənizçiliyin vurğunudur. Daim özünü inkişaf etdirir, asudə vaxtlarında peşəsilə bağlı kitablar oxuyur. 2016-cı ildən “Zəfər” sərnişin gəmisində çalışan Şahin Abdiyev gələcəkdə daha böyük gəmilərdə baş mexanik kimi çalışmağı  arzulayır.

İkinci mexanik Rəşid Raxmatulini də iş başında “yaxaladıq”. Hələ gəmiyə gəlməzdən  əvvəl haqqında eşitmişdik, olduqca maraqlı insandır. Politexnik institutunu bitirdikdən sonra bir müddət kondisioner zavodunda çalışıb. Lakin dənizə olan sevgisi onu dalğıc peşəsi üzrə təhsil ocağına gətirib çıxarıb. Asudə vaxtlarında müxtəlif janrlı ədəbiyyat oxuyur, fantastika və psixologiya janrlarına daha çox üstünlük verir. 25 ildir, dənizçi işləyən həmsöhbətim gənclik illərində sualtı fotoqrafiya və balıqçılıqla məşğul olub. Dənizdə olmayanda ağacdan kamin üzlüklər hazırlayır.

Elektrik-mexanik gəmidə vacib vəzifələrdən biri sayılır. Bu işi “Zəfər” gəmisində Səyavuş Şükürov yerinə yetirir. O, dənizçi ailəsində doğulub, təhsilini Rusiya Federasiyasında alıb. Deyir ki, vəzifəsindən asılı olmayaraq, dənizçi öz sağlamlığının qayğısına qalmalıdır. Çünki, sağlam olmayan dənizçi vəzifəsini lazımınca yerinə yetirə bilməz. Çiyin-çiyinə çalışdığı heyət üzvlərini ailəsi hesab edən Səyavuş asudə vaxtlarını da onlarla birlikdə keçirməyə üstünlük verir.  İşdə əsas kredosu “yüz ölç – bir biç”dir. 

Gəmini matroslarsız təsəvvür etmək mümkün deyil. “Zəfər” gəmisinin matrosları Elxan və Elşən də bizi şən əhval-ruhiyyə ilə qarşıladılar, gəlişimizdən məmnun olduqlarını bildirdilər.

Elşən Qasımovun dənizçilik fəaliyyəti 1991-ci ildən başlayır. 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə iştirak etmək üçün cəbhəyə gedir.  Müharibənin od-alovundan çıxan qəhrəmanımız 1996-cı ildə cəbhə bölgəsindən qayıdandan sonra yenidən sevimli peşəsinə üz tutur. Həyatının yarısından çoxunu mavi dənizə həsr edən matros çoxlu sayda və müxtəlif təyinatlı gəmilərdə işləyib. “Zəfər” gəmisində 2 ildir ki, çalışır. 48 yaşlı matrosun ən böyük arzusu gəmi kapitanı olmaqdır.

Digər matros 30 yaşlı Elxan dənizçilik sahəsinə neftçi atasından ilhamlanaraq üz tutub. Dənizdə işlədiyi 8 ildə o, müxtəlif tipli gəmilərdə çalışıb. Kifayət qədər təcrübəli olmağına baxmayaraq, Ukraynanın Kiyev şəhərində, Gəmi İdarəetmə kursunda təhsil alır, asudə vaxtlarında dərslərini oxuyur. Onun fikrincə, yalnız cəsur insanlar dənizi ram edə bilər.

Gəmi artıq sahilə yan alırdı. Söhbətimizi yekunlaşdırıb heyətlə sağollaşmaq istədiyimiz məqamda gəminin aşpazı Adışirin Gözəlov ləzzətli süfrə açdığını deyib, bizi yeməyə dəvət etdi.  Söhbət əsnasında məlum oldu ki, Adışirin 10 ildir ki, aşpaz kimi çalışır. Son 3 ildə isə  “Zəfər” gəmisində xidmət göstərir.

Gəmi heyətinin hər bir üzvü kimi aşpazın da məsuliyyəti böyükdür.  Necə deyərlər, heyətin daim gümrah və yüksək əhval-ruhiyyədə olması bilavasitə onun üzərinə düşür.  Adışirin  bişirdiyi müxtəlif və dadlı təamlara görə bu yaxınlarda gəmi kapitanı tərəfindən təşəkkürnaməyə də layiq görülüb. 

Onun bişirdiyi dadlı təamlardan dadıb sağollaşdıq və bir daha qonaq gələcəyimizə söz verdik.

80 nəfərlik balaca sərnişin gəmisində özümüzü nəhəng laynerdəki kimi hiss edirdik. Bu təəssüratı bizə bağışlayan isə gəmi heyətinin böyük ürəkaçıqlığı, səmimiyyəti və qonaqpərvərliyi oldu.

Sağlıqla qalın dostlar, sizə aydın səma və səmt küləyi arzu edirik. Gələn görüşlərədək!

 

Müəllif: İlqar Quliyev

Fotolar:  Turab Məmmədov

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır