Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Neptun” üzən tərsanəsində hər işin öz ustası var

Gəmilərin uğurlu səfərlərində onların sazlığını təmin edən gəmi təmirçilərinin də zəhmət payı var.  ASCO-nun donanmalarına aid gəmilər də təmirə dayanarkən məhz onların əllərinin qabarı ilə istismara yararlı vəziyyətə gətirilir. Çətin peşə sahibləri ilə yaxından tanış olmaq üçün yolumuzu  “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun  “Neptun” üzən tərsanəsinə saldıq.

“Neptun” tərsanəsi 2014-cü il dekabrın 29-da istismara verilib.  Hazırda Xəzərdə ən müasir üzən tərsanədir. 8 min ton yük qaldırmaq qabiliyyəti olan bu tərsanənin uzunluğu 158, eni 37 metrdir. Divarlarının hündürlüyü 13 metrə çatır. 6 moduldan ibarət tərsanə müxtəlif növ gəmilərin təmiri üçün nəzərdə tutulub.

 “Neptun”la tanışlıq zamanı məlum oldu ki, hazırda burada  “Şəki” gəmi-bərəsinin təmiri yekunlaşmaq üzrədir.  Tərsanədə  qızğın iş gedirdi.  Qaynaqçılar, növbə mexanikləri, növbə elektrikləri və digər heyət üzvləri  intensiv iş rejimində fəaliyyət göstərirdilər.  Heyəti bir neçə dəqiqəlik olsa da işdən ayırıb yaxından tanımaq istədik.

Üzən tərsanələr qrupunun rəisi Hümbət Hacıyev bizi tərsanənin körpüsündə gözləyirdi. Çaşqın halda olduğumuzu görüb tərsanədə ən adi günün belə keçdiyini bildirdi.  Qrup rəhbəri ilə söhbətimizi  onun  kayutunda  davam etdirdik.  

 

Ziyalı ailəsində dünyaya göz açan Hümbət Hacıyev Azərbaycan Dövlət Politexnik İnstitutunun “Sənaye avadanlıqlarının quraşdırılması və təmiri” fakültəsinin məzunudur.   1985-ci ildən dənizdə çalışan Hümbət müəllim, bir müddət kran maşinisti, növbə mexaniki, növbə köməkçisi işləyib. 5 ildir “Neptun”un işgüzar kollektivinə  rəhbərlik edir. O özünü rəisdən daha çox  mehriban bir ailənin başçısı sayır.  Xüsusən cavanlara doğma övladı kimi baxır. Hümbət Hacıyev deyir ki, işə can yandırmasan sonda nə deməyə sözün, nə gözə görünməyə üzün olacaq.

Söhbətimizin bu yerində Üzən tərsanələr qrupunun rəis müavini Şahin Mirzəyev də əlində gəmi çertyoju ilə kayuta daxil oldu. Fürsətdən istifadə edib onu da söhbətə tutduq.  

 

Öyrənirəm ki, 1981-ci ildən gəmi təmiri sahəsində çalışır. Hərbi xidmətdən qayıtdıqdan sonra Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialını bitirib. Müxtəlif vəzifələrdə işləyib. Sözügedən tərsanə istismara veriləndə burada işləməyə dəvət alıb. İlk gündən tərsanənin güc qurğuları və mexanizmlərini bacarıqla istismar edir. İşinin incəliklərini gənclərə həvəslə öyrədir. Asudə vaxtlarında mütaliə etməyi xoşlayır.

Tərsanəni gəzirik. 46 ilin elektrik mexaniki olan Qurban Aslanov da heyətin əksər üzvləri kimi tərsanə istismara verildiyi gündən burada çalışır. Öz işinə məsuliyyətlə yanaşır. Boş vaxtlarında iş yoldaşlarına kömək edir. Ən böyük arzusu dünyanın bütün okean və dənizlərindən ASCO-nun gəmilərinin xoş sorağını eşitməkdir.

Digər növbə elektrik mexaniki Emil Baxşıyevin 27 yaşı var.  5 ilin dənizçisinin 4 ili bu tərsanə ilə bağlıdır. Öncə Elektrik quraşdırma sexində işləyib. Əsas işi gəmiyə verilən gərginliyi nizamlamaq və ona nəzarət etməkdir. Asudə vaxtlarında  qrafik dizayn və animasiya ilə məşğul olur.

 

 

Sonra Hümbət müəllim bizi növbə elektrikləri Azər Hacıyev  və Emil Zəkiyevlə tanış edir.

Azərin 30 yaşı var. Müxtəlif vaxtlarda  “Akademik Zərifə Əliyeva”, “Naftalan”, “Ordubad” və s. gəmilərdə  elektrik kimi üzüb. Növbədə olarkən gəmidə elektrik qurğularının qaydasında işləməsinə diqqət yetirir. Elektrik itkisinin və qısaqapanmanın  qarşısını alır.

Digər növbə elektriki 32 yaşlı Emil 2007-ci ildən gəmi təmiri sahəsində çalışır. Arzusu elektrik mexaniki olmaqdır. Asudə vaxtlarını ailəsinə, ən çox da 3 yaşlı oğlunun tərbiyəsinə həsr edir.



Növbəti müsahiblərimiz növbə mexanikləri oldu. 36 ilin dənizçisi  olan Oruc Quliyev peşəsinin vurğunu kimi tanınır. Politexnik institutunu bitirib və yalnız tərsanələrdə çalışıb. 2014-cü ildən “Neptun”dadır. Mexanizmlərin, kranların, yanğınsöndürən nasosların sazlığına həmişə nail olmaq sizə asan gəlməsin.

Digər növbə mexaniki Rəyis Rəhmanov  tərsanədə peşəsinin ustası, səmimi və təvazökar insan kimi xarakterizə edilir. 32 illin dənizçisidir. Dənizçi formasını ilk dəfə görən gündən dənizçi olmaq qərarına gəlib.  Bu arzu onu Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə gətirib çıxarıb. Məktəbi bitirdikdən sonra motorçu, mexanik işləyib. “Neptun”da işlədiyi son  3 ildə onu həm də mütaliə həvəskarı kimi tanıyırlar. Sevdiyi yazıçılar arasında Çingiz Abdullayevin, Elxan Elatlının, Xalid Hüseyninin adını çəkən Rəyis müəllimin sevdiyi janr detektiv janrıdır. Oxuduğu kitabları digər heyət üzvlərinə verir və onların da mütaliəyə  həvəsini artırır.

Hər bir gəmidə olduğu kimi,  tərsanədə də  ümumi səliqə-səhmana cavabdeh onların işi az deyil. Babası, babasının qardaşı və atası da dənizçi olan  İlqar Məmmədovun 27 yaşı var və 4 ildir matros işləyir. İstehsalatdan ayrılmadan ali təhsil aldığı üçün yəqin nə vaxtsa bu işgüzar gəncin çiyinlərində kapitan paqonu da  görəcəyik. 

Reportajımızın əvvəlində “Neptun”un fəaliyyətindən və gəmi təmirindəki mühüm rolundan danışmışdıq. Bu tərsanənin istismara verilməsində bir çoxlarının, o cümlədən tərsanəyə ezam olunan boru çilingəri Vidadi Abdullayevin də böyük zəhməti olub.

 

Onunla söhbət edərkən yaxınlıqda bir dənizçi diqqətimi çəkdi.  Məlum oldu ki, 23 yaşlı İbrahim Hüseynov da bu tərsanəyə əmrlə ezam olunub və bir çox işlərdə Hümbət müəllimin yaxın köməkçisidir. Amma, təmirə gələn gəmi tərsanəyə qaldırılan zaman əlindən gələn köməyi digər iş yoldaşlarından da əsirgəmir. Babası və əmisi də dənizçi olan İbrahim uşaqlıqdan rəsm çəkməyi sevir və çəkdiyi rəsmlərin əsas mövzusu da dənizdir. “Həmişə çəkdiyim gəmiləri real həyatda görmək istəmişəm, elə bu maraq da məni dənizçiliyə gətirib çıxardı” deyən İbrahimin orta musiqi təhsili də var. Arabir fortepianoda və gitarada “mahnı qanadlarında süzməyi” də var. Hələ bu harasıdır? İbrahim mahnılar da bəstələyir. Doğru deyiblər, istedadlı insan hər şeydə istedadlıdır.

Daha bir işgüzar gənci - kran maşinisti Ehtiram Cabbarovu da sizə təqdim etmək istəyirdik. Amma Ehtiram kranın kabinəsində olduğu üçün onu işdən ayırmadıq. Bizə yalnız iş başında onun fotosunu çəkmək qismət oldu.

Saatın əqrəbləri artıq nahar vaxtını göstərirdi. Dənizçilər nahara çıxanda, biz də təəssüratlarımızı sizə çatdırmağa tələsdik...

 

Müəllif: İlqar Quliyev

 

Fotolar:  Turab Məmmədov

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır