Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Xətti gəmiçilik şirkəti 1 milyard dollar dəyərində müqavilə bağlayıb

“Hapag-Lloyd AG” xətti gəmiçilik şirkətinin Çilinin “SM SAAM S.A.” şirkəti ilə 2022-ci il oktyabrın 4-də imzaladığı müqaviləyə görə, “Hapag-Lloyd AG” şirkəti “SAAM Ports S.A.” və “SAAM Logistics S.A.”-nın səhmlərinin 100%-ni alacaq. Beləliklə, “Hapag-Lloyd AG” onun bütün terminal biznesini və əlaqəli logistika xidmətlərini əldə edəcək.

“Seanews.az”ın məlumatına görə,  təxminən 1 milyard dollar dəyərində müqavilə logistika biznesi ilə bağlı daşınmaz əmlakın alınmasını da nəzərdə tutur.

Çilinin “SM SAAM” şirkəti Amerika qitəsinin bir neçə ölkəsində terminal operatoru,  logistika və yedəkləmə xidmətlərinin təminatçısıdır. 1960-cı ildə yaradılan “SM SAAM”-ın terminal biznesinə Şimali, Mərkəzi və Cənubi Amerikanın altı ölkəsində 10 terminal daxildir. 4 minə yaxın işçinin çalışdığı bu terminalların ümumi konteyner ötürmə qabiliyyəti 2021-ci ildə təxminən 3,5 milyon TEU olub. “SM SAAM”-ın yedəkləmə xidmətləri və hava limanının logistika xidmətləri müqaviləyə daxil edilməyib və “SM SAAM”-ın idarəçiliyində qalacaq.

“Terminal infrastrukturuna sərmayə qoymaq strategiyamızın əsas elementidir və Latın Amerikası bizim əsas bazarlarımızdan biridir. “SM SAAM”-ın terminal əməliyyatlarının və əlavə logistika xidmətlərinin alınması fəaliyyətimizi daha da gücləndirməyə kömək edəcək”, - deyə nəhəng xətti gəmiçilik şirkəti “Hapag-Lloyd AG”-nin baş direktoru Rolf Hubben Jansen şərh edib.

Aktivlərin alqı-satqısı əməliyyatı müvafiq antiinhisar orqanları tərəfindən təsdiqlənməlidir. Tərəflər bu cür əqdlərin bağlanması zamanı adətən əlavə şərtlərə də əməl etməlidirlər.

Transatlantik, Yaxın Şərq, Latın Amerikası və Şimali Amerika konteyner xidmətlərində yük daşıyan “Hapag-Lloyd AG” 1970-ci il sentyabrın 1-də  iki gəmiçilik şirkətinin – “Hamburg-Amerikanische Packetfahrt-Actien-Gesellschaft” (“Hapag”, “Hamburg-American Line”) və “North German Lloyd” (“NDL”) birləşməsi nəticəsində yaranıb. 126 gəmiçilik xəttinə xidmət göstərən şirkətin ümumi tutumu 1,8 milyon TEU olan 253 konteyner gəmidən ibarət donanması  dünyanın 600 limanı arasında əlaqəni təmin edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır