Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Orta dəhlizin orta ölkəsi - Azərbaycan

Dünyadakı geosiyasi gərginlik, Rusiya-Ukrayna və HƏMAS-İsrail arasında baş verən müharibələr qlobal ticarətdə tədarük zəncirinin qırılmasına səbəb olub. Biz hələ yəmənli husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücum etməsini və bunun nəticəsində dünya ticarətinə böyük zərbə dəydiyini demirik. 

Məlum olduğu kimi, Asiyadan, o cümlədən Çindən Avropaya yüklər Süveyş kanalı üzərindən daşınır. İndi bu marşrutla yüklərin daşınması 50 faizdən çox aşağı düşüb. Beynəlxalq Dəniz Təşkilatının son hesablamalarına görə, Qırmızı dənizdə baş verən məlum hadisələr səbəbindən bu marşrut üzrə yüklərin daşınma imkanı da təxminən üçdəikiyəcən azalıb. Yaranan vəziyyət təhlükəsizlik problemi ilə yanaşı, daşınma xərclərinin artmasına da səbəb olub. Belə ki, hazırda bu marşrut üzrə yüklər Cənubi Afrikada Ümid burnundan keçməklə daşınır. Bu isə əlavə xərc və vaxt itkisi deməkdir. Onu da vurğulayaq ki, beynəlxalq ticarətdə bu iki fakt xüsusi əhəmiyyət daşıyır.

Odur ki, indi dünyada ticarət marşrutunda ən etibarlı nəqliyyat yolu kimi Orta dəhlizi görürlər. Səbəbi bu regionda müharibə ocaqlarının olmaması və yolun yüklərin daşınmasında az vaxt tələb etməsidir. Bu səbəbdən dünyada Çinin "Bir kəmər, bir yol" layihəsi əsasında formalaşan Orta dəhlizə  maraq artıb. Daha doğrusu, bu, Şərqlə Qərb arasında ən etibarlı və ən sərfəli marşrut kimi nəzərdən keçirilir.

Azərbaycan isə Orta dəhlizin ən önəmli halqasıdır. Ölkəmiz Qərbi Şərqlə Avropanı birləşdirdiyi kimi, "Şimal-Cənub" marşrutunda da yüklərin daşınmasında mühüm rol oynayır. Yəni hər iki marşrut üzrə gedən yollar Azərbaycandan keçir. Buna görə də dəhliz vasitəsilə yüklərin daşınmasında dinamika sürətlə yüksəlir. Xatırladaq ki, keçən il bu marşrutla 2 milyon 750 min ton yük daşınıb. Bu, 2022-ci ildə daşınan yüklərlə müqayisədə 64 faiz çoxdur. Gələn iləcən Orta dəhlizlə yüklərin daşınmasının 10 milyon tona çatdırılması proqnozlaşdırılır. Hədəf isə bu marşrutla yüklərin daşınmasının həcmini 25 milyon tona çatdırmaqdır. 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalyada keçirilən Diplomatik Forumda Azərbaycandan keçən nəqliyyat marşrutunun dünya üçün əhəmiyyətini vurğulayaraq demişdir: "Hazırda şimal dəhlizi məlum səbəblərdən praktiki olaraq iflic vəziyyətindədir və bu, iki ticarət tərəfdaşı arasında mərkəz olan Qafqaz regionunun əhəmiyyətini artırır. Beləliklə, Cənubi Qafqaz və Orta dəhliz Azərbaycan tərəfinin də niyyəti olan geniş strateji əlaqəni təmin edə bilər. Çindən Avropaya yüklərin daşınmasını təmin etmək üçün regionun potensialına əlavə diqqət yetirildiyini görürük. Azərbaycan bu yaxınlarda BTQ-nin Gürcüstan seqmentinin gücünü artırmaq üçün Gürcüstanla birgə əlavə sərmayələr qoymağa başlayıb. Biz həmçinin türkiyəli həmkarlarımızla Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi ilə bağlı da razılıq əldə etmişik".

Artıq Avropada da anlamağa başlayıblar ki, onlar üçün ən əlverişli ticarət marşrutu Orta dəhlizdir. Bunun üçün Avropa və bir sıra beynəlxalq maliyyə qurumları Mərkəzi Asiya regionunda nəqliyyat əlaqələrinin, ilk növbədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarının genişləndirilməsi üçün 10 milyard avro məbləğində vəsait ayırmağa hazır olduqlarını bəyan ediblər. 

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Bakı limanı vasitəsilə yüklərin aşırılmasını əhatə edən Orta dəhlizin birləşmiş dəniz və dəmir yolu komponentinin imkanlarının genişləndirilməsi istiqamətində də fəal iş aparır. Türkiyədə çəkilən və uzunluğu 230 kilometr olan xətt Qars-İğdırdan başlayaraq Naxçıvana qədər uzanacaq. Oradan xətt İran, Əfqanıstan və Pakistana gedən dəmir yolu xəttinə birləşdiriləcək. Bununla Türkiyə də logistika sahəsində böyük üstünlük əldə edəcək.

BTQ-nin Gürcüstan seqmenti üzrə genişləndirmə və modernizasiya işlərinin 2 ay ərzində başa çatdırılması planlaşdırılır. Bu günlər Axalkalakidə Azərbaycan, Türkiyə və Gürcüstanın dəmir yolları administrasiyaları rəhbərlərinin üçtərəfli görüşü keçirilib və görüşdə işlərin icrasının gedişi və sürətləndirilməsi məsələləri müzakirə olunub. Bu işlər yekunlaşandan sonra əlavə yük axınlarının cəlb edilməsi üçün zəruri şərt olan Asiya və Avropa arasında yükdaşıma vaxtı xeyli azalacaq. İlkin mərhələdə modernləşdirilmədən sonra BTQ ilə yükdaşımaların həcminin ildə 5 milyon ton olacağı gözlənilir.

Statistik rəqəmlər ölkəmizdən keçən marşrutun dünya üçün əhəmiyyətini ortaya qoyur. BTQ vasitəsilə yüklərin Pekindən (Çin) Londona (Böyük Britaniya) çatdırılması 12-15 günə mümkündürsə, Avropadan Asiyaya Afrika üzərindən dəniz yolu ilə yüklərin daşınması 45-62, Çindən Avropaya Rusiya üzərindən 32 gün çəkir. Bundan savayı, Orta dəhliz marşrutları üzrə qeyri-neft, eləcə də konteyner yüklərinin qatar və yük maşınları ilə daşınması orta hesabla təxminən 20-25 gün zaman tələb edir ki, bu da yüklərin Çin və Cənub-Şərqi Asiyadan dəniz yolu ilə, Cənubi Afrikada Ümid burnundan keçməklə daşınmasından xeyli azdır. Konkret desək, ikinci halda yüklərin daşınması orta hesabla ən azı 45 gün çəkir. Şərq və Qərb arasında ənənəvi marşrutlar üzrə və əks istiqamətdə malların Süveyş kanalı üzərindən daşınmasına isə 53 gün vaxt lazım olur.

Görünən odur ki, Rusiya ilə Qərb arasında bütün logistika marşrutlarını kəsən Rusiya-Ukrayna müharibəsi, eləcə də Qırmızı dəniz və Süveyş kanalında gəmiçilik fəaliyyətini faktiki olaraq iflic edən Yaxın Şərqdəki mövcud münaqişələrin gərginləşməsi Orta dəhlizin etibarlı marşrut kimi rolunu daha da artırıb.

Rüstəm KAMAL,
"Azərbaycan"


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır