Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-03-29,
Seanews
Heyder Eliyev

Maraqlar balansını təmin edən meqalayihə – Cənub Qaz Dəhlizi

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. Qırx milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə bu layihəyə üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun qoşulacağı gözlənilir. Bu baxımdan da Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsi deməkdir. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən – təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək.

Nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb, həm də geniş beynəlxalq əməkdaşlıq tələb edən layihə

Tarixə nəzər salaq. 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirildi. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Qeyd edilən layihələrdə Azərbaycanın mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradıldı. Habelə ölkə başçısının 2014-cü il 25 fevral tarixli Sərəncamına əsasən, səhmlərinin 51 faizi dövlət mülkiyyətində – İqtisadiyyat Nazirliyi, 49 faizi isə SOCAR-a məxsus “Cənub Qaz Dəhlizi” QSC (CQD) təsis edildi. Azərbaycan tərəfdən layihələrin iradə edilməsi SOCAR-ın “SOCAR Upstream Management International” və “SOCAR Midstream Operations” şirkətləri tərəfindən həyata keçirilir. Həmin şirkətlər layihələrin tərkibində yaradılmış bütün komitələrdə təmsil olunur və operatorlarla birgə layihənin icrasında əməkdaşlıq edirlər. SOCAR layihələrdə dövlətin maraqlarını təmin etməklə yanaşı, əsas qərarların qəbul edilməsində də iştirakçıdır. Layihənin maliyyələşdirilməsi isə “Şahdəniz-1”dən əldə edilən gəlirlərin sərmayə olaraq yatırılması, o cümlədən də “Cənub Qaz Dəhlizi” QSC-nin səhm kapitalına, yerli və xarici maliyyə bazarlarından cəlb olunmuş borc vəsaitləri hesabına həyata keçirilir.

“Cənub Qaz Dəhlizi” QSC layihələrdə olan iştirak paylarının maliyyələşdirilməsi üçün aşağıdakı mənbələrdən vəsaitlər cəlb edib: QSC tərəfindən buraxılan və Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış cəmi 2,5 milyard dollarlıq istiqrazlar; İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən təmin edilmiş 2,4 milyard dollarlıq nizamnamə kapitalı; 2016-cı ilin martında nominal dəyəri 1 milyard dollar olan avrobondların (ilk buraxılış) və 2017-ci ilin martında nominal dəyəri 1 milyard dollar məbləğində avrobondların (təkrar buraxılış) emissiyası vasitəsilə.

Beynəlxalq maliyyə qurumlarının da Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə marağı böyükdür. Belə ki, bu vaxtadək Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından (AIIB) birbaşa müvafiq olaraq 0,4 milyard və 0,6 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 500 milyon dollar, Asiya İnkişaf Bankından (ADB) 500 milyon dollar, Asiya İnkişaf Bankının zəmanəti ilə 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit və Dünya Bankı (World Bank) Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 750 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb olunub.

Cənub Qaz Dəhlizi layihələrində “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsi üçün 2014-2020-ci illər üzrə ümumi tələb olunan təqribən 11,5 milyard dollarlıq vəsaitin təqribən 85 faizədək hissəsi artıq reallaşdırılıb. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üzrə maliyyə öhdəliklərini 90 faiz icra edib. “Cənub Qaz Dəhlizi” QSC təkcə ötən il meqalayihənin bütün seqmentlərinə təqribən 1 milyard ABŞ dolları investisiya yatırıb.

“Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas qaz mənbəyi olacaq

Ölkəmizin beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsinin əsasını 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi təşkil edir. 2006-cı ildən hasilata başlanılan yataqdan çıxarılan qaz “Şahdəniz-1” layihəsi üzrə Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz Boru Kəməri – CQBK (Bakı-Tbilisi-Ərzurum) ilə göndərilir. İndiyədək “Şahdəniz-1” layihəsi üzrə CQBK ilə Gürcüstana 8 milyard kubmetrədək, Türkiyəyə isə 55 milyard kubmetrədək qaz ixrac olunub.

Dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi isə məhz Cənub Qaz Dəhlizinin əsas qaz mənbəyi olacaq. İndiyədək “Şahdəniz-2” üzrə hasilat və sonrakı tədrici artım üçün ümumilikdə 16 quyu qazılıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu və şərq-cənub cinahında da 4 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edir. Cari ilin ilk rübündə “Şahdəniz” yatağından – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə ümumilikdə 4,3 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,5 milyon barrel) kondensat hasil olunub. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir. Ötən il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edib. Bu vaxtadək isə “Şahdəniz” yatağından 104 milyard kubmetrdən çox təbii qaz əldə olunub, ümumi kondensat hasilatı isə 26 milyon tona çatıb.

Azərbaycan təbii qazının daha böyük həcmlərlə Türkiyəyə və Avropaya çatdırılması üçün isə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi icra edilib. Cənub Qaz Dəhlizinin digər tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düymlük boru kəmərinin, o cümlədən də Gürcüstanda 2 kompressor stansiyasının inşasını əhatə edir. CQBKG layihəsi 2013-cü ildən icra edilməyə başlayıb və ötən ilin ortalarında yekunlaşdırılıb. Boru kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP-a qoşulub ki, bu da Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya çatdırılmasına xidmət edir. Layihənin ümumi dəyəri 4,9 milyard dollardır. CQBKG üzrə 2020-ci ilədək Azərbaycan şirkətlərinin xərclərinin ümumilikdə 820 milyon dollar olması gözlənilir.

Genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük qabiliyyəti 16 milyard kubmetr artırılaraq 23,4 milyard kubmetrə çatdırılıb. Bununla da, qaz nəqlinin həcmi 3 dəfəyədək artıb. Yeni boru kəmərinin uzunluğu Azərbaycan ərazisində 424 kilometr, Gürcüstan ərazisində 61 kilometr, TANAP-a bağlantısı isə 2 kilometrdir.

Artıq TANAP-la Türkiyəyə daha böyük həcmdə Azərbaycan qazı çatdırılır

2012-ci ildə “Şahdəniz-2” layihəsi üzrə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP tikintisi ilə bağlı razılıq əldə edildi. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atıldı, TANAP və TAP qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalandı. 2015-ci il martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyuldu. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır.

Keçən il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başladı. Türkiyə bu vaxtadək TANAP-la 1,5 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, cari ilin axırına kimi 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması planlaşdırılır.

TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin isə artıq 99 faizi başa çatıb. Boru kəməri bu il TAP-a birləşmək üçün hazır olacaq. TANAP layihəsi üzrə kapital xərcləri 8 milyard dollardır ki, bu vaxtadək təxminən 6 milyard dollar xərclənib.

“Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Azərbaycan qazının Avropaya nəqli prosesi üçün həlledici mərhələ – TAP boru kəməri

2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün TAP qaz boru kəmərinin seçildiyini elan etdi. Uzunluğu 870 kilometr olan və layihə dəyəri 4,5 milyard avro olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır. Bu boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib.

2013-cü il sentyabrın 19-da isə Bakıda “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın Avropaya satışına dair Azərbaycan tərəfi ilə “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA”, “GDF Seuz S.A.”, “Hera Trading srl” və “Shell Energy Europe Limited” şirkətləri ilə uzunmüddətli sazişləri imzalandı. Sazişlər “Şahdəniz” yatağından hasil ediləcək qazın İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasına dair 25 illik əməkdaşlığın təməlini qoydu. Bu şirkətlər ildə 10 milyard kubmetr qazı hərəsinə təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanını isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürəcək. Bu sazişlərin ardınca isə həmin il dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi oldu.

Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi və Avropa hissəsi olan TAP-ın qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyuldu. TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” qazını Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşərək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Buradan TAP kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Artıq TANAP və TAP boru kəmərləri bir-birinə fiziki olaraq birləşdirilib. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olacağı gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avrodur. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib.

Hazırda qrafik üzrə davam edən TAP layihəsi üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa edilir. Layihənin reallaşdırılması prosesi isə həlledici mərhələyə daxil olub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir, uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bu ölkədə boruların 547 kilometri qaynaq edilib. 535 kilometr boru torpağa basdırılıb. Boru kəmərinin Albaniyadan keçən 215 kilometrlik hissəsində də ərazi təmizlənib və qiymətləndirilib. Boruların 214 kilometri qaynaqlanıb və 177 kilometr ərazi isə tamamilə əvvəlki vəziyyətinə gətirilib. Yunanıstan, Albaniya və İtaliyada TAP marşrutu boyunca torpaqların 93 faizdən çoxu bərpa edilib. Üç ölkə üzrə TAP-ın marşrutunda boruların 98 faizi torpağa basdırılıb. Yay aylarında TAP üzrə Avropadakı qaz sistemlərinin operatorları ilə birgə sınaq işlərinə başlanacaq.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisinin 85 faizdən çoxu tamamlanıb. Kipoidə boruların tədarükü tamamlanıb və boruların 90 faizdən çoxu qurulub. Suyun dayanıqlılıq sınaqları isə qrafik üzrə irəliləyir. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən 2 il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. Lazımi turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.

TAP konsorsiumu İtaliyanın “Saipem S.p.A” şirkəti ilə boru kəmərinin dəniz hissəsi üçün mühəndislik, təchizat, tikinti və quraşdırma (EPCI) müqaviləsi imzalayıb. TAP-ın Adriatik dənizində keçəcək 36 düyümlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə və təqribən 105 kilometr uzunluğunda olacaq. Müqavilə (mikrotunel daxil olmaqla) Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatı və quraşdırılmasını əhatə edir. İzolyasiya edilmiş 36 düyümlük borular və digər qurğular TAP tərəfindən təmin olunacaq. Ötən ilin oktyabrından boru kəmərinin dəniz hissəsinin tikintisi işləri başlayıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Xəttin inşasında ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min boru istifadə olunacaq. “Saipem” dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək. TAP-ın dəniz hissəsinin inşası qrafikinə əsasən bu il həyata keçiriləcək. Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq. TAP üzrə Albaniya sularında da artıq ilk dəniz borularının inşasına başlanılıb, borular müvəffəqiyyətlə sahilə çıxarılıb. Belə ki, TAP-ın podratçısı “Saipem” şirkəti bu əməliyyatlar üçün “Castoro 10” gəmisindən istifadə edib. Polad borular sahilə 1,4 kilometr məsafədəki gəmidə qaynaqlanıb. Daha sonra sınaqlar aparılıb və borular dənizin dibinə endirilib, 1,8 kilometrlik ilk borular Fier yaxınlığında sahilə çıxıb. Uzunluğu 139 metr və eni 36 metr olan “Castoro 10” gəmisi boruları Albaniyanın dayaz sularında döşəməyə davam edir, bunun ardından fiber-optik kabelin çəkilişi də həyata keçiriləcək. TAP-ın dəniz hissəsində tikinti işlərinin 10 faizdən çoxu yekunlaşıb.

İtaliyada isə mikrotunelin tikintisi üzrə hazırlıq işləri davam etməkdədir. Hazırda boru kəmərinin qəbulu terminalında, mikrotunel sahəsində və dənizə çıxış hissəsində işlər aparılır. TAP Bolqarıstanın qaza olan tələbatının təxminən 33 faizini, Yunanıstanın 20 faizini və İtaliyanın isə təqribən 10,5 faizini təmin edəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün də böyük imkanlar yaradır. Boru kəmərinin keçdiyi 3 ölkədə işçilər 116 milyon kilometr yol qət edib və təxminən 41 milyon nəfər/saat iş görülüb. TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Nihad Budaqov, AZƏRTAC


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır