Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 101-ci sessiyasında təmsil olunur

Baş qərargahı Böyük Britaniyanın paytaxtı Londonda yerləşən BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 101-ci sessiyası işinə başlayıb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Azərbaycanı bu tədbirdə Agentliyin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İclası açıq elan edən BDT-nin baş katibi Kitak Lim gündəlikdə duran və müzakirə olunacaq məsələlər barədə məlumat verib. O, görüləcək işlərlə bağlı nümayəndə heyətlərinə uğurlar arzulayıb.

Sessiyada qeydiyyatdan keçən mətbuat nümayəndələri sessiyanın gedişini izləmək imkanı əldə ediblər. Azərbaycan nümayəndə heyətinin sessiyada foto və video çəkiliş aparmasına rəsmən icazə verilib.

K.Lim mayın 30-u Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında turist gəmisinin qəzaya uğraması nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib. Qəza ilə bağlı narahatlığını ifadə edən baş katib bu hadisənin nəticələrinin araşdırılması və başvermə səbəbləri ilə bağlı təqdim olunacaq hesabata diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb.

“Dəniz cəmiyyətində qadınların səlahiyyətləndirilməsi” mövzusu K.Limin təklifi ilə öz təsdiqini tapıb. “Qadınların dünyada dəniz sahəsində fəaliyyətinin genişləndirilməsi, səlahiyyətlərinin artırılmasına dəstək verilməsi mühüm əhəmiyyət kəsb edir”, – deyən baş katib bildirib ki, dəniz nəqliyyatı sahəsində gender bərabərliyinin qorunmasına, qadınların səlahiyyətləndirilməsinə nail olmaq lazımdır.

K.Lim vurğulayıb ki, sessiyada BDT-nin qurumlarının qərarları müzakirə olunacaq, əsas hüquqi sənədlərə dəyişikliklər nəzərdən keçiriləcək. Sessiyada həmçinin dənizdə mühafizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər, yeni gəmi konstruksiya və standartları, qütb sularında üzən “SOLAS” Konvensiyasının tətbiq olunmadığı gəmilərə dair təhlükəsizlik tədbirləri, yanacaq istifadəsinə uyğun olaraq, gəmilərin təhlükəsizliyinin yüksəldilməsinə dair əlavə tədbirlərin təkmilləşdirilməsi, konteynerlərin və yüklərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri müzakirə ediləcək. Naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi dizaynı və konstruksiyası, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq olunması üçün bacarıqların artırılması, formal mühafizə qiymətləndirilməsi, beynəlxalq ictimaiyyəti dərindən narahat edən mühüm gəmilərə qarşı silahlı basqın və quldurluq halları, dəniz vasitəsilə təhlükəli qarışıq miqrasiya halları, komitə metodunun tətbiqi məsələləri də sessiyada müzakirə olunacaq əsas məsələlər sırasındadır.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində BDT-nin rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirəcək. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır