Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA-nın yataqxanasından Reportaj: Böyük ailənin böyük evi

“Başının üstündə bir damın olsun” ifadəsi insan üçün həmişə aktualdır. Uşaqkən hər birimizin yaşamağa, dərslərimizi oxumağa, dostlarla xoş vaxt keçirməyə evimiz olur. Sonra böyüyürük, orta məktəbi bitiririk, bəzilərimizin ali məktəbə qəbul şansı yaranır. Beləliklə, tələbəlik həyatı başlayır. Bakıya oxumaq üçün başqa bölgələrdən gələn bir qisim tələbənin isə xüsusi həyatı olur. Söhbət yataqxana həyatından gedir.

Yataqxananın yerləşdiyi ərazidən tutmuş orada yaradılan şərait, işçilərin münasibəti demək olar ki, tələbənin yaddaşından heç vaxt silinmir. Çünki, o buranı özünə ikinci ev hesab edir.

Azərbaycan Dövlət Dəniz Akademiyasının yataqxanası Bakının mərkəzi küçələrindən biri olan Üzeyir Hacıbəyli 114 ünvanında yerləşir. Beşmərtəbəli binada yerləşən yataqxanada ümumilikdə 312 yataq yerinə malik 104 otaq var. 2, 3 və 5 tələbənin birlikdə qalması üçün nəzərdə tutulan otaqlar  müvafiq olaraq 12, 18 və 23 kvadratmetr sahəyə malikdir.

 

Yataqxanada hər tədris ilinin əvvəlində tələbələr öz aralarında açıq səsvermə yolu ilə Tələbə Şurası seçirlər. İl ərzində Şura yataqxana sakinlərinin daxili nizam-intizam və gigiyena qaydalarına riayət etmələrinə nəzarət həyata keçirir,  yataqxana ilə bağlı tələbələri narahat edən məqamları rəhbərliyə çatdırır.

ADDA tələbələri həftə içi 5 gün səhər və nahar yeməkləri ilə Akademiyanın yeməkxanasında pulsuz təmin olunurlar. Tələbə yataqxanada axşam yeməyini hazırlamaq istəsə, mətbəxdən sərbəst istifadə edə bilir.  Mətbəx şənbə-bazar günləri də tələbələrin ixtiyarında olur.

 

Otaqların hamısı eynidir.  Pəncərələrin demək olar ki, hamısı daim maşınların hərəkət etdiyi Üzeyir Hacıbəyli küçəsinə açılır.

Belə otaqların birində qalan tələbədən soruşuram:

– Bu səs-küydə normal yata bilirsiz?

– Elə yorğun oluruq ki, necə yuxuya getməyimizdən xəbərimiz olmur.

– Paltarlarınızı kim yuyur?

– Xanım işçilər. Üst geyimlərimizi istədiyimiz vaxt onlara veririk. Sağolsunlar, yuyub, ütüləyib qaytarırlar.

 

– Bəs, yataq dəstləri nə vaxt dəyişdirilir?

– On gündən bir bizə tər-təmiz dəst verilir. Hamam dəsmalları isə həftədə bir dəfə təmizi ilə əvəz olunur.

 

– Otaqlara baxış keçirilir?

 – Hər gün otaqlarımıza baxış keçirilir. Sanitar qovşaqları da daim nəzarətdədir. Problem yarananda yataqxana rəhbərliyi aradan qaldırmaq üçün dərhal tədbir görür.

Başqa bir tələbə də söhbətimizə qoşulur:

– Bura bizim ikinci evimizdir.  Biz də öz növbəmizdə çalışırıq ki, qaldığımız otaqları səliqəli saxlayaq. Səliqəli otağa görə Akademiyanın rəhbərliyi tərəfindən təşəkkürnamə alan tələbələr də olub.  

– Asudə vaxtınızı necə keçirirsiniz?

– Birinci mərtəbədə istirahət otağımız var. Televizora baxırıq, söhbət edirik.

– Burada xarici tələbələr də qalır?

– Bəli, onlardan da yataqxanamızda qalan var.

Yataqxana direktorundan dəqiq məlumat alırıq: “Yataqxanada 8 əcnəbi tələbə qalır. Onlardan 6 nəfəri Türkiyədən, 2 nəfəri isə Türkmənistandan təhsil almaq üçün gələnlərdir”.

Yataqxanada olduğumuz müddətdə imtahan sessiyasının vaxtı idi. Tələbələr kompyuter otağında imtahana hazırlaşırdılar. Bu otaqda onların internetə çıxışı da mövcuddur.

 

Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Odur ki, həm hazırda yataqxanada qalan tələbələrin, həm də bu il övladlarını Azərbaycan Dövlət Dəniz Akademiyasına təhsil almağa göndərmək istəyən abituriyentlərin valideynlərini ADDA-nın yataqxanasına dəvət edirik.

Gəlin, qapımız həmişə qonaqlar üçün açıqdır.

Musa Əliyev – ADDA-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır