• Bakı, 2019-10-21,
Seanews
Heyder Eliyev

Onu hamı tələbkar olduğu qədər də sadə insan kimi xatırlayır

O, bütün həyatı boyu düzə inanıb və mayası  düzlüklə yoğrulmuş şərəfli bir ömür yaşayıb. Söhrab Ağayevi bu gün də hamı belə insan kimi xatırlayır. 

Söhrab Rüstəm oğlu Ağayev  1930-cu il fevralın 22-də Gəncədə hərbçi ailəsində anadan olub. 1946-cı ildə ailəsi Bakıya köçüb.

1948-ci ildə 31 №-li orta məktəbin səkkizinci sinfini başa vuran gənc Bakı Dəniz Yolları Məktəbinin hərbi-dəniz şöbəsinə daxıl olub.  1952-ci ildə bu tədris ocağını leytenant rütbəsində “Gəmi sürücüsü” ixtisası üzrə bitirərək, Qırmızı bayraqlı Xəzər Donanmasının Hidroqrafiya xidmətinə məxsus gəmilərdə kapitanın 3-cü köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1955-ci ildən etibarən Xəzər Dəniz Gəmiçiliyində işləyib, neftdaşıyan gəmilərdə kapitanın 3-cü, 2-ci və baş köməkçisi üzüb. İntizamı, bacarığı ilə seçilən S.Ağayev səfər xəritəsinə bir çox xarici ölkələrin limanlarının adını yazıb. 1967-ci ilin fevralında  Bakı – Krasnovodsk (indiki Türkmənbaşı) xəttində işləyən ”Sovet Azərbaycanı” gəmi-bərəsinə kapitanın baş köməkçisi göndərilib. 12 mart 1968-ci ildə həmin  xətdə  istismara verilən yeni – “Sovet Özbəkistanı” gəmi-bərəsinə kapitan təyin edilib.  Sözügedən gəmi-bərənin heyəti kapitan S.Ağayevin rəhbərliyi ilə sərnişin və yük daşımaları üzrə planları həmişə vaxtında yerinə yetirib, dəfələrlə gəmi heyətləri arasında keçirilən yarışlarda qalib olub. Hətta “Sovet Özbəkistanı”nın kapitanı və onun komandası haqqında keçmiş Sovet İttifaqı məkanında kütləvi informasiya vasitələri arasında sayılıb-seçilən “Oqonyok”  jurnalı da məqalə yazıb.  

Özünə qarşı tələbkarlığı ilə seçilən kapitan 1975-ci ildə istehsalatdan ayrılmadan Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialını bitirib. 1983 və 1984-cü illərdə Xəzər  Dəniz Gəmiçiliyinin “Ən yaxşı kapitan”ı  adına layiq görülüb.  Mahir gəmi sürücüsü 1994-cü ildən təqaüdə çıxdığı 2012-ci ilədək hami kapitan kimi fəaliyyətini davam etdirib, onlarla gənc kapitanın  peşəkar kimi yetişməsinə bilavasitə köməklik göstərib.

Kapitan Söhrab Ağayev “Rəşadətli əməyə görə”(1970) və “Əmək rəşadətinə görə” (1971) medalları ilə təltif edilib. “Dəniz Donanmasının Fəxri işçisi”  və “Xəzərin veteranı” olub.

Mahir kapitan Söhrab Ağayev 2017-ci ildə haqq dünyasına qovuşub.

Sevda ABDULLAYEVA


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır