Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti və atletlərimizin qazandıqları nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur. Dövlət tərəfindən hərtərəfli qayğı göstərilən idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər yarış yoxdur ki, orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar gətirməsinlər. Bu həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarının vətənpərvərliyini göstərir.
Həmçinin mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir.
Nüfuzlu turnirlərin dəyişilməz ünvanı
Fərəhli haldır ki, qısa müddətdə idman sahəsində əldə edilmiş nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən də yayınmayıb. Məhz bu qurumların istəyi ilə ölkəmizdə onlarca olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilib. 2015-ci ildə tarixdə ilk dəfə təşkil edilən I Avropa Oyunlarını və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd etmək lazımdır. 500 milyondan çox izləyici auditoriyası olan “Formula-1” yarışlarının daha 5 il ölkəmizdə keçirilməsinə qərar verilməsi isə Azərbaycanın idman ölkəsi olduğunu növbəti dəfə təsdiqlədi.
Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın uğurla ev sahibliyi etdiyi beynəlxalq yarışlar ölkənin iqtisadi inkişafına da mühüm töhfələr verir: “2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci “Formula-1” yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Ondan sonra – 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı… Təkcə “Formula-1” yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı”.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, belə nüfuzlu yarışlarda idman təşkilatlarımızın həyata keçirdikləri işlərə, möhtəşəm idman bazalarına, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə bilməyən xarici ölkə mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini hər zaman söyləyirlər.
Yelkənçilərin beynəlxalq qələbəsi
Sevindirici haldır ki, ötən il uğur qazanan idmançılar sırasında yelkənçilərimiz də var. Vurğulayaq ki, Azərbaycan Yelkənli İdman Federasiyasının rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində bu idman növü də ölkəmizdə uğurla inkişaf etməkdədir. Məhz rəhbərliyin əzmkarlığı sayəsində yelkənli idman növünə olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişməkdədir.
Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir.
Məqsədlərə çatmaq üçün federasiya rəhbərliyi tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda, qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib.
Ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən Azərbaycan Yelkənli İdman Federasiyasının təmsilçiləri ötən il Qazaxıstanın Aktau şəhərində keçirilən “Beynəlxalq Xəzər Kuboku” yarışında qələbə qazanaraq növbəti dəfə onlara göstərilən etimadı doğruldublar.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan və Özbəkistan təmsilçiləri də mübarizə aparıblar. Beynəlxalq turnirdə kişi idmançılarımız birinci və üçüncü yerlərdə, qızlarımız isə fəxri kürsünün hər üç pilləsində qərarlaşaraq medallara sahib olublar. Hər üç əyarlı medalları qazanan yelkənçilərimizin yarışda parlaq qələbələri əcnəbi məşqçilərin də diqqətini cəlb edib, onların uğuru böyük rəğbətlə qarşılanıb.
Yarışda Azərbaycanı Murad Hacızadə, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, İsmayıl Həmidov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, köməkçi məşqçi Aleksandr Knyazev təmsil ediblər.
Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova isə Sloveniyada keçirilən “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4-cü yerdə qərarlaşaq yüksək nəticə göstərmişdi.
Yelkənli idman növündə yüksəliş ili
2018-ci ildə yelkənli idman növündə ölkə daxili yarışlar da silsilə xarakter daşıyıb. Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən təşkil olunan Federasiya kuboku üzrə iki gün ərzində “Laser” və “Optimist” siniflərinin yarışı keçirilib, “Windsurf sinfi”nin nümayişi olub. Yarışda həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun “Laser-standard” sinfi üzrə komandası da iştirak edib. Çətin hava şəraitində gərgin mübarizə aparan yelkənçilər yarışı uğurla başa vurublar.
Maraqlı mübarizə şəraitində keçən yarışın yekununda “Optimist”, “Laser 4.7”, “Laser Standart” sinifləri üzrə yarışın qalibləri mükafatlandırılıblar. “Optimist” sinfi üzrə qaliblər Yelkənli İdman Federasiyasının üzvləri Ömər İsmayılov, Səxavət Əzimov və Fidan Ağazadə olublar.
“Laser 4.7” sinfi üzrə isə qalib adına da Yelkənli İdman Federasiyasının idmançıları İsmayıl Kərimov, Cavid Kərimov və Murad Allahverdi layiq görülüblər.
“Laser Standart” sinfi üzrə qaliblər isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun idmançıları Mixail Protasov, Tofiq Abdullayev və Ruslan Əzizov olublar.
Xatırladaq ki, yarış idman koordinatoru, hakim Burcu Algon Giorgianni, “Optimist” sinfinin baş məşqçisi Seyhun Yıldız, “Laser 4.7” sinfinin baş məşqçisi Tuğçe Subaşı, “Laser srandard” sinfinin baş məşqçisi Tatyana Srebnaya, köməkçi məşqçilər Aleksandr Knyazev, Anton Vilyayev tərəfindən idarə olunub.
Mayın 31-dən iyunun 3-dək isə milli komandanın hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədilə təlim düşərgəsi təşkil olunub. Məşqlərin yüksək keyfiyyəti və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, altıqat dünya, dördqat Avropa çempionu, 30 il məşqçi kimi fəaliyyət göstərən Draqan Qasiç Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən həmin təlimə cəlb edilib.
İdmançılarımız “Mussanah Race Week 2019” təlim və yarışlarında
Yelkənli idman növünün inkişafı istiqamətində görülən tədbirlər bu il də davam etdirilir. Belə ki, komandamız Omanda “Mussanah Race Week 2019” təlim və yarışlarına qatılacaq. 23 ölkənin iştirak edəcəyi yarışlarda Azərbaycan yelkənçiləri “Optimist”, “Laser4,7” və “Laser radial” sinifləri üzrə çıxış edəcəklər. Təlim və yarışlarda Azərbaycanı “Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Səxavət Əzimov, “Laser” sinfi üzrə Murad Allahverdi, İsmayıl Kərimov, Cavid Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçe Subaşı təmsil edəcəklər.
Təlim-məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.
Şübhə yoxdur ki, yelkənli idman növü ölkəmizdə bu il daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaqlar.
Elçin CƏFƏROV,
“Azərbaycan”

Müsəllim Həsənov – Əməkdar mədəniyyət işçisi
Hələ “Nobel qardaşları” şirkəti təsis edilməzdən əvvəl Bakı quberniyasında neftin kəmərlərlə daşınmasını təşkil edən Nobel qardaşları neftin Bakıdan kənara aparılması sahəsində yeni ideyalar üzərində baş sındırmağa başlamışdılar. Düzdür, onda Bakı neftini Rusiya bazarlarına Xəzərdə çoxdan fəaliyyət göstərən gəmiçilik şirkətləri daşıyırdılar. “Kavkaz i Merkuri”, “Vostoçnoye” Mal Anbarları Cəmiyyəti”, “Nadejda” və s. adlarla fəaliyyət göstərən şirkət və səhmdar cəmiyyətləri ilə yanaşı yerli iş adamlarının – Dadaşovların, Useynovların və başqalarının gəmiçilik şirkətləri də neft daşınmasında mühüm rol oynayırdı.
Xəzərdə neft daşınması sahəsində yaranmış bu gərgin rəqabət şəraitində Nobellər də gəmiçilik şirkəti yaratmaq, nefti öz gəmiləri ilə daşımaq barədə düşünürlər. Və bu işdə bir təsadüf nəinki Nobellər, bütövlükdə neftdaşıma sahəsi üçün inqilabi dəyişikliyin əsasını qoyur.
Bakıdan neft daşımaqla məşğul olan Həştərxan tacirləri Nikolay və Dmitri Artyomov qardaşlarının gəmiləri fırtınaya düşür. Nəticədə gəmidəki taxta çəlləklər dağılır və neft tryümə – gəminin ən aşağı göyərtəsinin altındakı yük yerinə tökülür. Həştərxana çatanda məlum olur ki, tryümə tökülən neft limana qədər itkisiz gəlib çıxıb. Məhz bu hadisə tacir qardaşlara yeni ideya verir. Onlar 1873-cü ildə özlərinin “Aleksandr” adlı yelkənli gəmisininin tryümündə dəmir rezervuar quraşdırır, nefti əl nasosu ilə ora vurur, elə həmin üsulla da boşaltmağa başlayırlar. Beləliklə, dünyada ilk dəfə Xəzərdə neftin birbaşa tryümdə daşınmasına başlanılır. Daha doğrusu, bu qeyri-adi hadisə Bakı neftinin neftdaşıyan gəmilərlə nəqlinin kəşfinə gətirib çıxarır.
1874-cü ilin naviqasiyası zamanı “Aleksandr” gəmisi Bakıdan Həştərxana səkkiz reys edə bilir, nefti xüsusi qablarda daşıyan gəmilər isə ancaq altı reyslə kifayətlənməli olurlar. Üstəlik “Aleksandr” Həştərxandan geri dönərkən taxta-şalban gətirir, o biri gəmilər isə geriyə boş neft çəlləkləri ilə qayıtmalı olur. Bundan sonra Artyomov qardaşları yelkənli gəmilərinin əksəriyyətini neftdaşıyan gəmilərə çevirirlər.
Bu sahədə qazanılan uğur digər gəmi sahiblərinin, gəmiçilik şirkətlərinin də diqqətini cəlb edir və Xəzərdə neftdaşıyan gəmilərin sayı artır. 1877-ci ildə Xəzərdə artıq 12 yelkənli neftdaşıyan gəmi üzürdü.
Daha bir neçə il keçir, neftin və neft məhsullarının tryümə doldurulub-boşaldılması texnologiyası da təkmilləşdirilir, neft güclü buxar nasoslarının köməyi ilə doldurulub-boşaldılır, nəticədə bu üsulla daşıma nisbətən ucuz başa gəlir.
O dövrdə yeni daşıma üsulu sərfəli və səmərəli olsa da, təhlükəsiz deyildi. Gəmi sahibləri yanğından və məhsulun keyfiyyətini itirəcəyindən ehtiyat edərək, məsələn, kerosini əvvəlki qayda ilə taxta qablarda daşıyırdılar. Deməli, neftin daşınma texnologiyasının yenə də təkmilləşdirilməsinə ehtiyac var idi.
Xəzər dənizində bu sahədə növbəti yenilik də Nobel qardaşlarının adı ilə bağlıdır. Nobellər neftin tryümdə daşınması sahəsində yaranan təcrübəni diqqətlə öyrənir və 1877-ci ildə İsveçdə fəaliyyət göstərən “Motala” gəmiqayırma zavoduna ilk neftdaşıyan tanker sifariş verirlər. Zərdüşt fəlsəfəsinə və bütövlükdə atəşpərəstliyə maraq göstərən qardaşlar tankerə qeyri-adi və maraqlı ad – “Zoroastr” – “Zərdüşt” adı verirlər. Növbəti naviqasiyaya qədər gəmi hazır olur və 19 dəmir rezervuarı olan ikivintli “Zərdüşt” tankeri 1878-ci ildə ilk dəfə 15 min pud Bakı nefti ilə səfərə çıxır.
Bunun ardınca Nobel qardaşları 1878-1880-ci illərdə “Motala” zavoduna daha yeddi neftdaşıyan tanker sifariş verir. Bu gəmilərə də maraqlı adlar qoyulur: “Budda”, “Məhəmməd”, “Moisey”, “Spinoza”, “Darvin”, “Linney” və s. 1882-ci ildə artıq Nobel qardaşları şirkətinin Xəzərdə 13 belə gəmisi üzür və naviqasiya ərzində Həştərxana 10 milyon puda yaxın kerosin daşıyırdı.
Hesablamalara görə, o dövrdə Bakıdan Nijni Novqoroda tankerlə daşınan neftin bir pudu, o biri gəmilərlə müqayisədə, 70-80 qəpik ucuz başa gəlirdi.
Beləliklə, XIX əsrin 70-ci illərinin sonlarında və 80-ci illərində Xəzərdə fəaliyyət göstərən digər gəmiçilik şirkətləri də Nobel qardaşlarından nümunə götürür və yeni neftdaşıyan tankerlər alırlar. “M.İ.Şipov və Ko”, “Kaspi” və s. cəmiyyət və şirkətlər Xəzərə yeni tankerlər gətirir.
Gəmiçilkdə tətbiq olunan bu yenilik neftin nəinki daşınma xərclərini azaldır, üstəlik, daşınma sürətini qat-qat artırırdı. Məsələn, 1873-cü ildə Bakıdan Rusiya bazarlarına 833 min pud kerosin daşınmışdısa, 1882-ci ildə bu rəqəm təxminən 15 dəfə artaraq 12,5 milyon puda çatmışdı.
Bakı nefti uğrunda rəqabət günü-gündən artırdı.
Zaman Nobellərdən neft sənayesi sahəsində yeniliklər tələb edirdi. Və daha çox Peterburqda olan Lüdviq daim Parisdə yaşayan Alfredlə əlaqə saxlayır, onun ideyalarından bəhrələnir, Bakıda işləyən Robertə lazımi kömək göstərirdi.
1880-ci ilin martında Alfred Lüdviqə yazırdı: “…Mən neftin təmizlənməsi üçün böyük gəlir gətirəcək tamamilə yeni üsul işləyib hazırlamışam. Sınaqlar yaxşı keçdi”.
Onda Nobellər bütün sahələrdə sınaqları davam etdirirdilər. Gəmiçilik sahəsində də həmçinin…
Rudolf Dizelin müəmmalı ölümü və…
Həmin dövrdə artıq neftin istehsalı və satışı sahəsində dünyada amansız rəqabət gedirdi. Məşhur amerikalı sahibkar Con Rokfeller Rusiyanın neft sənayesinə can atırdı. “Rotşild qardaşları” Paris bankir evinin nümayəndəsi baron Alfons Rotşild Bakıda “Xəzər-Qara Dəniz Neft Sənayesi Cəmiyyəti” təsis etmişdi. Bakıya xarici ölkələrdən iş adamlarının axını dayanmamışdı.
Nobellər bu rəqabətdən qalib çıxmaq üçün daha da irəli gedir, dünya neft bazarında Rokfelleri sıxışdırmağa başlayırlar. Hətta Rotşildlə birgə “Nobmazut” şirkəti yaradır, Avropada onun filiallarını təsis edirlər.
…1913-cü ilin sentyabrında Antverpendən İngiltərəyə yola düşən “Drezden” gəmisinin sərnişinlərindən biri axşam öz kayutuna gedir və yoxa çıxır. Bir neçə gündən sonra balıqçılar dənizdən səliqəli geyimdə olan kişi meyiti aşkar edirlər. Sonradan məlum olur ki, bu, məşhur alman ixtiraçısı Rudolf Dizeldir.
Hətta məşhur ixtiraçının intihar etdiyi, yoxsa öldürüldüyü barədə mübahisə və müzakirələr uzun illər mətbuat səhifələrindən düşmür.
Bir versiyaya görə, Böyük Britaniyada onun ixtirası ilə hazırlanmış mühərrik istehsal edən zavodun açılışına gedən R.Dizel özünü dənizə atıb.
Başqa versiyaya görə, R.Dizel onun Britaniya hərbi dairələri ilə danışıqlar aparmaq cəhdindən xəbər tutan alman kəşfiyyatı tərəfindən danizə atılıb. Məşhur ixtiraçı o vaxt Britaniya hərbi sənayesinin nümayəndələri ilə əməkdaşlıq edibmi?
Bu sualın bu gün də dəqiq cavabı yoxdur.
Amma bütün bunlardan xeyli əvvəl – hələ XIX əsrin sonlarında R.Dizelin Nobellərlə əməkdaşlıq etdiyi gizli deyil.
Rudolf Dizel 1897-ci ildə özünün “yeni səmərəli istilik mühərriki” adlandırdığı mühərriki yaradır.
Dizelin daxiliyanma mühərrikinə dünyanın hər yerində maraq göstərilsə də, Almaniyanın özündə bu ixtira yetərincə qiymətləndirilmir. Belə bir vaxtda, 1898-ci ildə Emanuil Nobel həmin mühərrikə lisenziya əldə edir və onu kerosinlə deyil, neftlə işləməyə uyğunlaşdırmaqla Peterburqdakı “Lüdviq Nobel” zavodunda kütləvi istehsalına nail olur. Zavodun mühəndisləri gəmilər üçün xam neftlə və mazutla işləyən 20 at gücündə mühərrik hazırlayırlar. Bu mühərriklər yanacağa qənaət etməyə imkan verdiyindən Rusiyada dizel mühərriklərinin geniş tətbiqinə başlanılır. Qısa vaxtda dizel mühərrikləri buxar maşınları ilə müqayisədə öz üstünlüyünü təsdiq edir. Çünki bu mühərriklər buxar maşınlarından 5-6 dəfə az yanacaq sərf edir, onlara texniki qulluq daha asan başa gəlirdi.
1903-cü ildə “Nobel qardaşları” şirkəti Sormovo zavoduna dünyada ilk teploxod hesab edilən və hər biri 120 at gücündə olan üç dizel mühərrikli “Vandal” adlı gəmi-barjın, 1904-cü ildə isə hər biri 180 at gücündə iki dizel mühərriki ilə işləyən, 750 ton yükgötürmə qabiliyyəti olan “Sarmat” tankerini sifariş verir.
Teploxodların məhz XX əsrin əvvəllərində aktuallıq kəsb etməsi, hər şeydən əvvəl, neft yanacağının qiymətinin ilbəil artması ilə bağlı idi. Teploxod isə daha az yanacaqla işləyirdi.
Bundan sonra “Nobel qardaşları” şirkəti Kolomna zavoduna artıq 240 min pud yük götürən gəmilər sifariş verir.
Həmin dövrdə Bakıda möhkəmlənən şirkət öz işçilərinin mənzil şəraitinin yaxşılaşdırlması qayğısına qalır. “Villa Petrolea” adı ilə bu gün də Bakıda qorunan şəhərciyinin əsası qoyulur. Çünki Avropadan dəvət olunan mütəxəssilər bu şəhərin iqliminə bəzən tab gətirmir, əziyyət çəkirdilər. Nobellər isə əmin idi ki, peşəkar mühəndislər, ağıllı mütəxəssislər cəlb etmədən neft sənayesində uğur qazanmaq mümkün deyil. Məhz buna görə “neft bağı” salınır…
Ömür yolu dənizdən keçənlərin bir çoxu Məmməd Hüseynqulu oğlu Yaqubovu bu gün də böyük hörmətlə xatırlayır. Bu, təsadüfi deyil. Dənizdə iz qoyanların hər birinin təhsil aldığı illərdə kamil mütəxəssis kimi yetişməsində Məmməd müəllimin böyük zəhməti olub.
Məmməd Yaqubov 1931-ci il fevralın 5-də Bakı şəhərində anadan olub.
1944–1947-ci illərdə Bakı yunqa məktəbində təhsil alan Məmməd Yaqubov birinci dərəcəli gəmi maşinisti ixtisasına yiyələnib. Oxumağa ara verməyib, əvvəlcə təhsilini Bakı Dəniz Yolları Məktəbində, 1951-ci ildən isə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunda davam etdirib. Ali təhsil ocağını 1956-cı ildə “Gəmi güc qurğularının istismarı üzrə mühəndis-texnik” diplomu ilə bitirən Məmməd Yaqubovu Bakı Dəniz Yolları Məktəbinə müəllim göndəriblər.
Bütün həyatını dənizçi kadrların hazırlanmasına həsr edən Məmməd müəllim müxtəlif illərdə Bakı Dəniz Yolları Məktəbində şöbə rəisi, tədris hissə üzrə rəis müavini, Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialı qiyabi şöbəsinin rəisi, 1973–1991-ci illərdə Bakı Dəniz Yolları Məktəbinin rəisi işləyib. Bu gün diplomu bütün dünyada tanınan Azərbaycan Dövlət Dəniz Akademiyası da 1996-cı ildə məhz Məmməd müəllimin uzun illər rəhbərlik etdiyi Bakı Dəniz Yolları Məktəbinin bazasında yaradılıb.
Məmməd Yaqubov əmək fəaliyyəti dövründə tədrisin kefiyyətini yüksəltmək üçün çox işlər görüb – dövrün tələblərinə uyğun metodiki vasitələr hazırlayıb, texniki kabinetlərin təchizatını yaxşılaşdırıb.
Sinəsini “Xalqlar Dostluğu” ordeni bəzəyən Məmməd Yaqubov “Dəniz Donanmasının Fəxri işçisi” idi, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdu.
Təcrübəli pedaqoq, tələbkar və həssas qəlbli insan Məmməd Hüseynqulu oğlu Yaqubov 2000-ci il dekabrın 5-də – ömrünün altmış doqquzuncu ilində vəfat edib.
Sevda Abdullayeva
İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi
Müasir dünya xalqlarının siyasi taleyində, sosial-iqtisadi və mədəni həyatında müstəsna rol oynayan, beynəlxalq münasibətlərdə dünya dövlətlərinin daxili və xarici siyasətlərinin müəyyənləşdirilməsində həlledici amilə çevrilən, bu qeyri-adi cəlbedici qüvvəyə malik qara “gözəl” – neft necə yaranıb və onu özünün ən başlıca enerji mənbəyi hesab edən insana o nə zamandan məlumdur?
Dünya elmi bu sərvətin insanlara təxminən 8000 il bundan əvvəl məlum olduğunu təsdiq edir. Arxeoloq alimlərin apardıqları qazıntılar zamanı qədim insanların təxminən eramızdan əvvəl VI-IV minilliklərdə neft çalaları və hətta quyuları qazdıqları aşkar edilmişdir.
Geoloji baxımdan neftin təbii sərvət kimi ilk dəfə harada meydana gəldiyini söyləmək mümkün olmasa da, məlum olan odur ki, o, yunanların “Mesopotamiya” adlandırdıqları Fərat və Dəclə çayları vadisində e.ə. III minillikdə siyasi birliklərini yaradan şumerlilər tərəfindən kəşf olunub. Şumerlilər insanlıq üçün yeni olan bu təbii sərvəti yağ kimi suda batmadığı keyfiyyətindən irəli gələrək, ia hul “qəzəbli (və ya “dağıdıcı”) yağ” adlandırır, bitki (ia gış) və heyvanı mənşəli (ia udu, ia ab) yağlardan fərqləndirirdilər. Neftə verilən ad onu deməyə əsas verir ki, şumerlilər ondan hərbi məqsədlərdə (məsələn, şəhərlərin müdafiəsi və ya qalaların alınması zamanı) istifadə edirdilər.
Neft Mesopotamiyanın sami mənşəli xalqına – Babillilərə və Aşurlulara da məlum idi; beynəlxalq terminə çevrilmiş “neft” sözü başlanğıcını onların dilindəki naqatu (“yanmaq”, “işıqlanmaq”) adlıq halda; yiyəlik halda naqti, təsirlik halda napta) sözündən götürüb. E.ə. XVIII əsrdə bu təbii sərvət ia.kur.ra ideoqramları ilə (hərfən: “dağ yağı”) ifadə olunurdu. Buradan belə nəticəyə gəlmək olar ki, düzən Mesopotamiyanın sakinləri neft məhsulunu indiki İraqla İran arasında yerləşən Zaqros dağ silsiləsinin sakinlərindən alırdılar. Fonetik struktur baxımından “neft” ümumsami mənşəlidir. Aramilər (Suriyanın və Fələstinin qərbi sami mənşəli sakinləri) bu təbii neməti naphta adlandırırdılar. Onların vasitəsilə bu söz ərəblərə keçmişdir. Lakin ərəb dilinin fonologiyasında və əlifbasında -p- səsi və onu ifadə edən hərf olmadığından ərəblər bu təbii sərvəti naft adlandırmalı olmuşlar (Dğəkonov İ.M. İstoriə Midii. M-L., 1956, s. 133, prim 4).
E.g. II minilliyin sonlarında “Xam neftin bizə məlum olmayan emalı nəticəsində “təmiz neft” (Babilistanın və Aşşur dövlətinin mətnlərində napti elli ifadəsi ilə bildirilirdi) əldə etmək mümkün oldu. Məsələn, Elam dövlətinin paytaxtı Suzdan (indiki İranın Xuzistan vilayətində Şuş şəhəri) tapılmış akkaddilli mixi yazılı kitabədə “3 qab təmiz neft” ifadəsi yazılıb.
E.ə. I minilliyin mətnlərində neft məhsulunun ən azından 3 məqsədlə istifadə olunduğuna dair məlumatlar mövcuddur.
1. Aşşur şahı Aşşurahaiddinin dövrü ilə tarixlənən (e.ə. 6-6) bir mətndə deyilir ki, məhsul saxlamaq üçün qazılan quyuların divarları neft məhsulu ilə rənglənirdi.
2. Həmin dövrün “təbib məsləhətlərinin” birində dərman kimi neft məhsulundan maz kimi istifadə olunması qeyd olunub.
3. Kahinlər neft yağı vasitəsilə fala baxaraq gələcək hadisələrin proqnozunu verirdilər.
Azərbaycanın arxeoloq alimlərinin XX əsrin 50-70-ci illərində Bakıdan 7-8 km məsafədə olan Binəqədi kəndi yaxınlığında apardıqları paleontoloji qazıntılar zamanı on min illər öncə (alimlər bunu dördüncü dövrə, yəni təqribən 1 milyon il bundan əvvəl başlanan dövrə aid edirlər) burada sahilləri qara neftlə örtülmüş şirin sulu gölün əmələ gəldiyi faktiki olaraq təsdiq edilmişdir. Ətrafda yaşayan canlılar bu gölə su içməyə gələr, lakin içməli su gölün ortalarında olduğundan heyvanlar özlərini suya çatdırmaqdan ötrü sahili bürümüş neft qatından keçməli olurmuşlar. Lakin qatı və yapışqan neft onları məngənəsinə salar və öz qoynunda dəfn edərmiş. Binəqədi neft gölü zaman keçdikcə qurumuş və qalın qır təbəqəsindən ibarət yataq əmələ gəlmişdir. Bu qəbiristanlıq – Binəqədi kəndi yaxınlığındakı qır qatlarında tarixə qədərki dövrdə ən müxtəlif heyvanların qalıqlarının toplanmış olduğu yer beləcə əmələ gəlmişdir. Burada mağara aslanının, canavarların, nəhəng maralların, mağara ayılarının, kaftarların, kərgədanların, atların, ulaqların və nəsli kəsilmiş digər iri və xırda heyvan növlərinin qalıqları aşkar edilmişdir. Binəqədi qır gölü dünya miqyasında ən zəngin paleontoloji xəzinələrdən biri hesab olunur. Bu məkan dördüncü dövr fauna və florası, çeşidi və çoxluğu ilə bütün dünya alimlərini heyrətə gətirmişdir. Mütəxəssislər bu gölü 1875-ci ildə ABŞ-ın Kaliforniya ştatında U.Denton tərəfindən aşkar edilmiş Ranço Lya Brea paleontoloji tapıntısı ilə müqayisə edirlər. Geoloji tədqiqatlar göstərmişdir ki, Ranço Lya Brea faunasının yaşı pleystosen dövrünə aiddir və burada batıb qalmış heyvan qalıqlarının 35000 yaşı vardır. Müqayisə üçün bildiririk ki, Binəqədi gölündəki qalıqların yaşı bundan 2 dəfədən də çoxdur, yəni 75000 ilə bərabərdir.
Bu böyük heyvan qəbiristanlığının yaranmasının əsas səbəblərindən birinin neftdən ayrılmış qırın olması tarixə qədərki dövrlərdə Abşeron yarımadası ərazisində və o cümlədən Xəzər dənizinin sahillərinə yaxın hissələrdə neftin mövcudluğu faktını təsdiq edir.
Bəs onda bəşər tarixində insan üçün ən qədim zamanlardan bu günə qədər ən sərfəli və mühüm sayılan bu qara rəngli maye – neft necə əmələ gəlmişdir? Qeyd etmək lazımdır ki, neftin nədən və necə əmələ gəlməsi məsələsi olduqca çətin və mübahisəli məsələ hesab olunur və dünya elminin ən mühüm problemlərindən biri sayılır. Neftin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Onun əmələ gəlməsinin kosmik, karbid və vulkanik fərziyyə tərəfdarları neftin qeyri-üzvi yolla yarandığını sübut etməyə çalışırlar. Neftin üzvi mənşəyə malik olması dünya elmində geniş yayılıb və alimlərin böyük əksəriyyəti tərəfindən qəbul edilmişdir. Qəbul olunmuşdur ki, neft çökmə süxurlarda yaranır. Çökmə suxurlar isə qum, qumdaşı, əhəngdaşı, gil və sair materialların qarışığından ibarət olur. Belə süxurlar isə neft geologiyası ilə məşğul olan alimlər tərəfindən kollektorlar adlandırılır. Onlar hesab edirlər ki, neft kollektoru süxur dənələrinin arasında qalan xırda boşluqlarda və çatlarda yerləşir.
Neftçi alimlər tərəfindən öyrənilmişdir ki, okean və dənizlərdə, onlara yaxın olan quru ərazilərdə çoxlu sayda müxtəlif təkhüceyrəli canlılar yaşayır və onlar da baş vermiş təbii fəlakət, okean və dənizin bionomik şəraitinin kəskin dəyişilməsi nəticəsində məhv olaraq su hövzəsinin və qurunun dibinə çökür və beləliklə də, qalın süxur qatları əmələ gətirirlər. Davamlı olaraq istiliyin və yüksək təzyiqin təsirinə məruz qalan bu müxtəlif üzvi qalıqlar son nəticədə neftə çevrilir.
Dünya alimlərindən A.Engler, H.Hefer, Y.M.Qubkin, N.D.Zelinski, R.P.Kalitski, K.Y.Zobell və digərləri neftin üzvi birləşmələrdən əmələ gəlməsi fikrini apardıqları uzunmüddətli elmi tədqiqatları ilə sübut etmişlər. Belə olan halda çox maraqlı və hamını düşündürən təbii sual ortaya çıxır: neft indi də yaranırmı?
Bu suala ilk dəfə 1925-1926-cı illərdə rus alimi V.Y.Vernadski cavab vermişdir. O, Qara dənizin dibindən götürülmüş çöküntülərə əsasən təyin etmişdir ki, hazırda da neft əmələ gəlir və proses daimidir. Bu fikir sonralar neftçi alimlər V.V.Veber, A.Y.Qorskaya və ABŞ alimi P.Smit tərəfindən də təsdiq olunmuşdur. XX əsrin 50-ci illərinin sonunda Cənubi Amerikada Venesuelanın Orinoko çayı məcrasında aşkar edilmiş yeni neft yatağında aparılan tədqiqatlar zamanı bu neftin təxminən 5-10 min il bundan əvvəl yarandığı sübut olunmuşdur.
Bütün bu sual və cavablardan sonra daha bir haqlı sual ortaya çıxır. Bəs neft ilk dəfə hansı ölkədə aşkar edilmiş, insanlar ondan nə zamandan müxtəlif məqsədlərlə – yanacaq, müalicə və s. – istifadə etməyə başlamışlar?
Haqlı olaraq bu gün neftin ilk dəfə aşkar edildiyi və ondan müxtəlif məqsədlər üçün istifadə olunduğu ölkənin Azərbaycan olması bütün dünya xalqları və dövlətləri tərəfindən birmənalı şəkildə qəbul edilir. Yerin dərin qatlarından onun səthinə sızıb çıxan qara mayeyə müasir azərbaycanlıların qədim əcdadlarından biri olan midiyalılar e.ə. VII əsrdə “nafta” adını vermişlər. “Sızmaq” mənasını ifadə edən “nafta” sözü 28 əsrlik bir dövr ərzində müəyyən dəyişikliyə uğramış və indiki neft sözünə çevrilmişdir.
Azərbaycan yeganə ölkədir ki, burada neft həm quruda, həm də dənizdə çıxarılaraq istifadəyə verilmişdir. Abşeron yarımadasının və Xəzərin geoloji inkişaf tarixi, onunla əlaqədar yanar faydalı qazıntı yataqlarının varlığı, onların yerləşmə qanunauyğunluğu və insana ilk baxışda sadə görünən, lakin çox mürəkkəb bir keçmişə malik qlobal hadisələr, heç şübhəsiz, Xəzər dənizi ilə çox sıx bağlıdır.
Tarixi məlumatlara görə, Xəzər dənizinin indiyə qədər altmışdan çox adı olmuşdur. Bu adlardan biri “Günəş gölü”dür və bu adın 2800 il bundan öncə yaşamış qədim yunan şairi Homerin Egey dənizinə həsr etdiyi mahnılarda işlətdiyi tarixdən məlumdur. Heç şübhəsiz, bu dənizə “Günəş gölü” adından başqa, o zaman onun ətrafında yaşayan qəbilələr, tayfalar və xalqlar da öz adlarını vermişlər. Lakin o adlar haqqında heç bir tarixi yazılı mənbələr olmadığından müəyyən mülahizələr yürütmək çətindir. Doğrudur e.ə. IX-VII əsrlərdə Ön Asiyada ikinci dəfə güclü dövlət yaratmış assuriyalılar Xəzər dənizinə “Şərq” dənizi adını vermişdilər. Onu da qeyd etmək lazımdır ki, assuriyalılar və o cümlədən əksər Ön Asiya xalqları neftdən hazırlanmış asfaltdan istifadə edirmişlər. E.ə. V əsrdə yaşamış yunan alimi Gegatey Miletski Xəzər dənizinin yerləşdiyi ərazini körfəz kimi təqdim edərək onu “Girkən” adlandırmışdı. “Tarixin atası” hesab olunan yunan alimi Herodot (E.ə. 484-425-ci illər) isə Xəzər dənizinin cənub sahillərinə səyahət edərək burada məskunlaşmış kaspi tayfalarının yaşayışından söz açmış və dənizin “Kaspi” adlandığını yazmışdı. O, Xəzərin bütün sahillərində olmasa da, ilk dəfə onun qapalı dəniz olduğunu və avarlı gəmilərlə uzunluğunun 15 günlük (1600 km), eninin isə 8 günlük (500 km) yol olduğunu göstərmişdi.
E.ə. 384-322-ci illərdə yaşamış məşhur yunan alimi, Makedoniyalı Aleksandrın (İsgəndərin) müəllimi Aristotel (Ərəstun) də Xəzəri qapalı dəniz hesab etmişdi. Bundan başqa, digər yunan alimi Eratosfen (e.ə. 176-194-cü illər) də Gegatey Miletski kimi Xəzər dənizini Şimal okeanının bir körfəzi kimi təsvir etmişdir. Daha sonralar Polibi (e.ə. 201-120-ci illər), siciliyalı Diodor (e.ə. 80-29-cu illər), yunanıstanlı Strabon (e.ə.53 – b.e.20-ci illəri), b.e.-nin I əsrinin birinci yarısında yaşamış Roma tarixçiləri və coğrafiyaşünasları Pomponi Mela, Kursi Ruf, Böyük Plini (b.e. 23-79-cu illər), isgəndəriyyəli Klavdi Ptolemey (90-168-ci illər) və başqaları öz əsərlərində Xəzər dənizi və onun qərb sahilləri, o cümlədən Abşeron yarımadası haqqında geniş məlumat vermişlər. Bundan başqa, Roma tarixçisi Ammian Marçellin (təxminən 330-400-cü illər) özünün “Əməllər” adlı çoxcildli əsərinin XXIII cildində neft, asfalt və ondan istifadə haqqında məlumat verir. Lakin çox təəssüflər olsun ki, Abşeron yarımadası və o cümlədən Bakı şəhəri haqqında erkən orta əsrlər, xüsusilə də I-VI əsrlərə aid məlumatlar həddən çox məhduddur və ya demək olar ki, yox dərəcəsindədir.
Cəbi Bəhramov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent
“Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. “Şahdəniz” hazırda dünyada işlənməkdə olan ən nəhəng karbohidrogen yataqlarından biridir. O, sahildən təxminən 75 kilometr cənubda yerləşir və 860 kvadratkilometr ərazini əhatə edir. “Şahdəniz” 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat ehtiyatlarına malikdir.
Yatağın kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi 1996-cı ilin iyun ayında imzalanıb və oktyabr ayında Milli Məclis tərəfindən ratifikasiya edilərək qüvvəyə minib. Növbəti ildə isə burada üçölçülü seysmik tədqiqatlar aparılıb. 1999-cu ilin iyun ayında birinci kəşfiyyat quyusunun qazılması tamamlanıb. Bu, “Şahdəniz”in kəşf olunduğu tarix hesab edilir. Ümumiyyətlə, 1997-2001-ci illər ərzində yataqda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları burada dünya səviyyəli bir qaz-kondensat yatağının olduğunu təsdiqləyib.
Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində “Şahdəniz Alfa” platformasından 12 ildən çoxdur Azərbaycana, Gürcüstana və Türkiyəyə qaz nəql edilir. Qazı Azərbaycanın və Gürcüstanın ərazisi ilə Cənubi Qafqaz Boru Kəməri daşıyır. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya birləşən borularla mavi yanacaq Ərzurumadək çatdırılır. Odur ki, Səngəçaldan Ərzurumadək uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.
“Şahdəniz”in işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də verilib. Beş ilə yaxın müddət ərzində layihə nəzərdə tutulduğu qaydada irəliləyib və artıq yarım ildən çoxdur “Şahdəniz-2” qazı genişləndirilmiş CQBK və istismara daxil olmuş TANAP vasitəsilə ixrac edilir. Başqa sözlə, 2018-ci ildən “Cənub qaz dəhlizi”nin birinci seqmenti olan “Şahdəniz-2”dən hasilata başlanıb.
Xatırladaq ki, “Şahdəniz” layihəsində iştirak payları belədir: BP (operator, 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), “Cənub qaz dəhlizi” Apstrim (6,7 faiz), PETRONAS (15,5 faiz), “LUKoyl” (10 faiz), NIKO (10 faiz).
Keçən il mayın 29-da “Cənub qaz dəhlizi”nin Səngəçal terminalında keçirilən rəsmi açılış mərasimində Prezident İlham Əliyev “Şahdəniz”in əhəmiyyətini bir daha vurğulayaraq demişdir: “1994-cü ildən sonra ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır… Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu tarixi gündə “Cənub qaz dəhlizi”nin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. “Şahdəniz” qaz yatağı “Cənub qaz dəhlizi”nin əsas resurs bazasıdır”.
“Şahdəniz-2”ni transformasiyaya yol açan inqilabi layihə adlandırırlar. Layihə çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil ediləcək ki, onun da 6 milyard kubmetri Türkiyədəki, 10 milyard kubmetri Avropadakı istehlakçılar üçün nəzərdə tutulub. Layihənin tikinti işlərinin pik dövründə Azərbaycanda 24 min nəfərdən çox insan işə cəlb olunub.
“Şahdəniz-2” müqavilə sahəsində iki platforma quraşdırılıb və onlar körpü vasitəsilə birləşdirilib. Bunlardan biri yaşayış blokları və texnoloji təchizat platforması, digəri hasilat və dikborular platformasıdır. Platformaların tikintisi bütövlükdə Azərbaycanda neft-qaz qurğularının inşası üçün yaradılmış dünya səviyyəli sahələrdə həyata keçirilib. Hər iki platformanın üst hissəsi Bibiheybət ərazisindəki ATA (“AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsində inşa edilib. Qurğuların dayaq blokları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) hazırlanıb.
İlk qazın alınması üçün qazma işlərinin vaxtında və keyfiyyətlə aparılması da mühüm şərtdir. “Şahdəniz-2”də qazma işləri “İstiqlal” və “Maersk Explorer” qurğuları ilə həyata keçirilir. Bu qurğularla “Şahdəniz-2” yatağından hasilatın başlanmasına və sonradan tədricən artırılmasına hazırlıq çərçivəsində 14 quyu qazılıb. “Şahdəniz-2”də qazma işləri hasilatın sabit səviyyəsinə nail olunanadək davam edəcək.
Bir sözlə, CQBK-nın ilk qazı qəbul etməsi üçün Azərbaycanda və Gürcüstanda xətt boyu genişləndirilmə işləri aparılıb. Kəmərə qaz Səngəçal terminalından vurulub. “Şahdəniz-2” qazını qəbul, ilkin emal və ixrac etmək üçün burada yeni qurğular tikilib. Hazırda “Şahdəniz Bravo” platformasından Səngəçala qazın ötürülməsi davam edir.
“Şahdəniz”in zəngin salnaməsinə daxil olan hadisələrdən biri də Bakı Gəmiqayırma Zavodunda məhz həmin yataqda işləmək üçün “Xankəndi” sualtı tikinti gəmisinin inşa edilməsidir. Hazırda gəmi “Şahdəniz”də uğurla fəaliyyət göstərir. Yatağa 2017-ci ildə gələn “Xankəndi” burada 10 ildən çox – 2027-ci ilədək işləyəcək.
“Xankəndi” DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilmişdir. Bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sisteminə malikdir. 600 metrədək sualtı əməliyyatlar aparmaq imkanı var. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min 700 ton, suya oturumu 6,5 metr, yükgötürmə qabiliyyəti 5 min metrik tondan artıqdır. Dünyada bu tipdə cəmi 10 gəmi var ki, onlardan biri də “Xankəndi”dir. Gəminin inşası təqribən 400 milyon dollara başa gəlmişdir.
Bundan əlavə, sualtı və dəniz-gəmi əməliyyatlarında STB-1 daşıma, “İsrafil Hüseynov” borudüzmə barjlarından, “Azərbaycan” kran və “Akademik Tofiq İsmayılov” dalğıc gəmilərindən də istifadə olunur.
3500 kilometrlik “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi məhz bura – Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” müqaviləsi sahəsi, ən müasir platformaların quraşdırıldığı, “Xankəndi” kimi nəhəng gəminin işlədiyi ərazidir. Buradan sualtı xətlərlə sahilə çıxarılan mavi yanacaq Səngəçal terminalındakı qurğuların köməyi ilə Avropaya doğru uzun bir yol başlayır.
Flora SADIQLI,
“Azərbaycan”
Teymur Qafar oğlu Əhmədov 1935-ci ildə anadan olub.
1956-cı ildə Tallin dəniz yolları məktəbində “gəmi sürücüsü” ixtisasına yiyələnib və təyinatla Şimal Dəniz Gəmiçiliyinə (Arxangelsk şəhərinə) göndərilib. 1962-ci ilədək nəqliyyat donanmasının gəmilərində üzüb, sonra Xəzər Dəniz Gəmiçiliyinə gəlib. 1970-ci ilədək Gəmiçiliyin gəmilərində kapitan köməkçisi, 1970-ci ildən isə uzaq səfərlər kapitanı işləyib.
Əhmədov gəmiçilik vəzifələrinin bütün pillələrindən keçərək böyük əməli təcrübə qazanıb. 1975-ci ildə SSRİ Dəniz Donanması Nazirliyinin “Ən yaxşı kapitan”ı adına layiq görülüb. 1976-cı ildə Gəmiçiliyin yük daşınması və donanmanın hərəkəti xidmətinin rəisi təyin edilib. 1978-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu “mühəndis-istismarçı” ixtisası üzrə bitirib və həmin ilin dekabrında donanma və limanların istismarı üzrə Xəzər Dəniz Gəmiçiliyi rəisinin müavini vəzifəsinə irəli çəkilib. 1987-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin olunub.
Teymur Əhmədov öz vəzifələrinə həmişə təşəbbüskar, işgüzar və yüksək səviyyəli təsərrüfatçı kimi yanaşıb. Böyük əməli təcrübəyə və yaxşı nəzəri biliyə malik olması ona donanmanın istismarının təşkilində əsaslı dəyişikliklər etməyə və onun iqtisadi səmərəliyini yüksəltməyə imkan verib.
Əhmədov özünə və tabeliyində olan işçilərə tələbkarlığı bərabər, həm də adamlara qarşı çox həssas, diqqətli olmağı ilə seçilib.
Əhmədovun əməyi “Rəşadətli əməyə görə” və “Əmək igidliyinə görə” medalları ilə qeyd olunub.
Teymur Qafar oğlu Əhmədov 1994-cü il fevralın 17-də 59 yaşında xidməti vəzifəsini icra edərkən qəflətən vəfat edib.
Sevda Abdullayeva
İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi
Dərya Atakişi oğlu Dadaşov 1915-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub.
Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumuna daxil olub, lakin tezliklə Bakı Dənizçilik Texnikumuna keçərək, burada “Gəmi sürücülüyü” ixtisasına yiyələnib.
D.Dadaşov kapitan körpüsünə 1938-ci ildə qalxıb. Bacarıqlı və təcrübəli gəmi sürücüsü kimi tanınıb. Böyük Vətən müharibəsi illərində təşkilatçılıq qabiliyyəti, liderlik keyfiyyətləri və şücaəti ilə fərqlənib.
Dərya Dadaşov 1957–1960-cı illərdə milis orqanlarında çalışıb, nəqliyyatda su milisi bölməsinə rəhbərlik edib.
1960-cı ildə yenidən doğma Xəzər Dəniz Gəmiçiliyinə qayıdan Dərya Dadaşov əvvəlcə “Türkmənistan”, sonra başqa gəmilərdə kapitan olub. Başçılıq etdiyi heyətlərin qüvvəsini qarşıda duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə səfərbər etməyi bacarıb. Sükanı ona etibar edilən gəmilərin adları həmişə qabaqcıllar sırasında çəkilib.
Mahir kapitanın əməyi layiqincə qiymətləndirilib – Lenin və II dərəcəli “Vətən müharibəsi” ordenləri, bir çox medallarla təltif olunub, “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb. 1988-ci ildən fərdi təqaüdçü olub.
Uzaq səfərlər kapitanı Dərya Dadaşov 2000-ci il fevralın 10-da dünyasını dəyişib.
Sevda Abdullayeva
İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi
Dəniz ədəbiyyatda nədir, hansı mənanın daşıyıcısı, hansı hisslərin simvoludur? Bilirəm, siz də mənim kimi bircə anın içərisində romantik hisslərə qapılıb dənizin gözəlliyini, huzurunu, dalğaların ecazkar titrəşiyini göz önünə gətirəcəksiniz. Ləpələrin sahilə olan sevgisində, bezmədən, usanmadan min illərdir qayaları öpməsində nə böyük eşq var, elə deyilmi?
Ta qədimdən üzübəri dəniz və ulduzlar (göy üzü) sonsuz sevginin simvolu olub. Hələ məktəb yaşımızda xatirə dəftərlərinə yazdığımız o şablon bənzətmə düşdü yadıma: “Göy üzü vərəq olsa, dəniz mürəkkəb, sənə olan sevgimi yazıb bitirməyə yetməz”. Nə saf, pak bənzətmədir.
Sakit, mülayim axşamlarda aydın səmanın tamaşası kimin ruhunu oxşamır? Ya da sevdiyi ilə baş-başa mavi dənizin şıltaq aşiqlər kimi bir-birini qovan ləpələrini seyr etmək kimin məhəbbət, eşq xəyalları deyil? Səma, dəniz nə qədər intəhasızdırsa, insanın sevgi arzuları da o qədər intəhasızdır.
Müxtəlif duyğuların, hisslərin ünvanı ədəbiyyatda dəniz də tez-tez öz donunu dəyişir. İstər milli, istərsə də dünya ədəbiyyatında çox zaman romantikanın, sevginin rəmzi olan dəniz, bəzi məqamlarda ayrılıq kimi də təqdim olunur.
Sonsuz səmayla qucaqlaşan ucsuz-bucaqsız ümmandır dəniz. Göz işlədikcə uzanan aydınlıq, açıqlıq insana dünyaya sığmayacaq azadlıq bəxş edir. Sanki dünyanın mərkəzi sənsənmiş kimi gəlir bir anlıq. Göy üzü başının üzərində bircə sənə görə asılı qalıb, günəş nurunu sənə əta edib, dəniz bütünlüklə sənin əmrindədir. Və bilirsən, əminsən ki, onlara nə danışmağından, nə yaşamağından asılı olmayaraq, onlar heç zaman səni yarqılamayacaqlar. Son dərəcə səbrlə, güvən və huzur dolu səssizliklə səni dinləyəcəklər. İstərsən bir dəqiqə, istərsən bir saat, istərsən bir gün, ya da günlərlə danış. Onlar elə olduqları yerdəncə sözünü kəsmədən, sual vermədən dinləyəcəklər. Yəqin buna görədir ki, hər kəs hisslərini ən içdən, ən azad şəkildə yaşamaq üçün dənizə üz tutur. Sevgililər sevgisini, həsrətlilər həsrətini, yalnızlar yalnızlığını götürüb ilk ona tələsərlər, onunla paylaşarlar. Məncə, dəniz insanın sözün əsl mənasında özü ola bildiyi nadir məkanlardan biridir. Çünki çərçivələrin, sərhədlərin sökülüb dağıldığı, yuyulub sulara qərq olduğu tək yerdir. Baxmayaraq ki, özü də sahillə, qayalıqlarla çərçivələnib, amma bu çərçivələri aşmaq üçün nələr etmir ki…
Ən kövrək insan hisslərinin mahir rəssamı olan qələm əhli, şair və yazıçılar bu qədər gerçək obrazı nəzərdən qaçırardılarmı? Əlbəttə yox!
Həzin duyğular şairi Nəbi Xəzri əbəs yerə sevgisini dənizlə müqayisə etmirdi ki:
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
Ancaq Əliağa Kürçaylı dənizin dəliliyini də, şıltaqlığını da, o məsum çöhrəsinə aldanmağın hansı fəlakətlərə səbəb ola biləcəyini də gözəl bilirdi və realistcəsinə qələmə alırdı:
Dəniz sakit olanda
Sahilə gəldi uşaq.
O baş vurdu sulara
Əl-qolunu ataraq.
O bilmirdi dənizdə
Fırtına var, dalğa var,
Suların həmləsindən
Parçalanır qayalar.
O nə görüb nə bilsin –
Ona dərə də düzdür.
Ancaq mənim gözümdə
Dəniz elə dənizdir.
“Dünya nə kədərli olardı, dəniz olmasaydı” – deyən Xalq şairi Rəsul Rza, yaradıcılığı boyunca dəniz mövzusuna müraciət edən, ona ən çox şeirlər, nəğmələr həsr edən şairlərdən biridir.
“Dəniz düşündürür məni.
Dəniz inandırır məni
həyatın gücünə”
– deyən şairin “Dəniz nəğmələri” silsiləsinə aid şeirlərində (“Dəniz”, “Dəniz, dalğalar, damlalar”, “Dənizin haqqı” “Dəniz niyə əsəbidir”, “Dənizin dənizliyi”, “Dəniz deyir”, “Məhəbbət”, “Yuxusuz dəniz”, “Səhər nigarançılığı”, “Dənizin yerinə olsam”, “Dəniz gecələri”, “Dənizin yurdu” və s) hər dəfə dəniz başqa obrazda, başqa biçimdə qarşımıza çıxır. Gah dəniz insan olub öz gördüklərindən, bildiklərindən, gəlib, keçənlərdən danışır, gecənin qapqara donuna bürünüb durğunlaşır, gah da sevgisini ən ali, ən gözəl şəkildə bildirir, şairin ən sadiq ilham mənbəyinə çevrilir. Elə buna görə də şair deyir:
Mən səndən olmaram bezar.
Mənim böyük bir eşqim var.
Sənətkar duyduğun yazar…
Anam dəniz! Anam dəniz!
Azərbaycan ədəbiyyatında dənizin fərqli obrazına Manaf Süleymanovun “Dalğalar qoynunda” və “Fırtına” əsərlərində rast gəlirik. Hər iki əsərdə müəllif dəniz neftçilərinin qəhrəmanlıq mübarizəsindən, fədakarlığından bəhs edir.
Bədii ədəbiyyatda dəniz obrazından danışanda çoxları kimi mənim də yadıma ən birinci Ernest Heminqueyin o məşhur əsərindəki dəniz düşür. Ta uşaqlığımızdan mübarizənin, dönməzliyin simvoluna çevrilən “Qoca və dəniz”ini. Səyahətçi və macərapərəst bir ruha sahib müəllif bu əsərini, Kubaya yollandığı zaman qələmə almağa başlayıb və Kubada tamamlayıb. Əsər ona Nobel Mükafatını qazandırıb.
Əsər Havana yaxınlığında yalqız yaşayan qoca balıqçı Santiyaqonun səksən dörd günlük uğursuzluğundan sonra tilovuna düşən çox böyük, qayıqdan ən az yarım metr uzun olan qılınc balığı öncə tutmaq, sonra isə onu köpək balıqlarından qoruyub, sahilə çatdıra bilmək uğrunda mübarizəsini əks etdirir. Bəli, o, böyük zəhmətlər hesabına, balıqla olan ölüm-dirim mübarizəsindən qalib çıxaraq onu tuta bilir, amma təəssüf ki, köpək balıqlarından qoruya bilmir, sahilə yalnız balığın skeleti gəlib çatır.
Burada dəniz mübarizə meydanıdır. Haqqla nahaqqın, güclüylə zəifin, ovla ovçunun kəskin, sərt mübarizəsi məhz dalğaların mavi qoynunda gedir. Ancaq bu qədər böyük mübarizədə belə dəniz təmkinlidir, sakitdir, kimsənin tərəfində deyil. Çünki bu mübarizə onun gördüyü nə ilkdir, nə də yəqin ki, son olacaqdır. Dəniz bu mübarizələrə çoxdan, lap çoxdan öyrəşib.
Bəzi mənbələrə görə, Türk dünyasının məşhur yazıçısı Çingiz Aytmatov “Dəniz kənarıyla qaçan Alabaş” əsərini məhz Heminqueyin “Qoca və dəniz”indən təsirlənərək yazıb. Sözügedən povestdə oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar. 1977-ci ildə yazılmış əsərdə dörd ovçunun dənizə çıxmasından, hadisələrin onların gözlədiklərindən tamamilə fərqli cərəyan etməsindən və Kirisk adlı oğlanın keçdiyi ağır sınaqlardan bəhs olunur.
Çağdaş rus ədəbiyyatının istedadlı simalarından olan Vladimir Varava “Dəniz kənarında” hekayəsində dənizin dəyişkən ruh halını, onun sahilindəki insanlara münasibətini poetik ifadələrlə təsvir edir. Hekayədə daima dənizin sahilində oturan, özünün insanlarla dolu yalqızlığını dənizlə bölüşən, dənizin bütün dəliliklərini, ölüm saçan ağzını, ruha sakitlik bəxş edən səsini, narahat təlatümlərini özünün sakit və süstlüyü ilə qəbul edən, dənizi olduğu kimi sevən qocadan söz açılır. Qocanın hər gün eyni saatda eyni yerdəcə oturduğu dənizin sahilində hər gün neçə nəfər ölür, neçə nəfər doğulur. Bu ölümlər və doğuluşların cəmi iki “nəfərə” dəxli yox idi sanki: qocaya və dənizə. Hər kəs o qocanın bir gün dənizin çılğın dalğaları arasında mavi ənginliklərinə qərq olacağını gözləsə də, qoca ölmür, dəniz də sanki bircə bu qocaya dəymir. Və o sahildə iki əbədiyyət var: qoca və dəniz.
Amerikalı yazıçı Cek Londonun “Dəniz canavarı” adlı əsərində buxarlı gəminin batması nəticəsində özünü dalğaların arasında tapan Humpreyin soyuq su ilə həyat mübarizəsi aparması sonralar onu tamamilə başqa xarakterli birinə çevirir. Müəllif bu əsərdə həyatda qalmağın və təbiətin heç də insanlara qarşı xeyirxah olmayan münasibətlərini əks etdirir. Ədalətin insan qanı ilə təmin olunduğu dünyamızda, hüquq dənizlərin və okeanlarındır.
Cek Londonun ən məşhur əsəri “Martin İden”də isə öncə qəhrəmanın iş yeri, qazanc mənbəyi olan dəniz, sonra məzarına çevrilir. Həyatda hər şeyi daddığını düşünən Martin birdən-birə özünü boşluqda hiss edir və çıxış yolunu dənizin mavi sularında görür.
O mavi sular Knut Hamsunun “Aclıq” əsərinin qəhrəmanı Tangenin də son çıxış yolu idi. Amma fərqli pəncərədən. Roman, aclığı ən qorxunc dərəcədə yaşayan bir yazarın hekayəsidir. O, sonda bir gəmidə nə iş olsa edəcəyini deyərək iş tapır və şəhərdən çıxıb gedir. Beləliklə, dəniz birinin sonu, digərinin qurtuluşu olur.
Cənubi Azərbaycan yazıçısı Səməd Behrənginin qəhrəmanı balaca qara balıq üçün dəniz arzuladığı geniş, azad dünyadırsa, Markesin “Dünyanın ən gözəl ölüsü” hekayəsinin qəhrəmanları olan ada sankinləri üçün bilmədikləri, görmədikləri, təsəvvür belə etmədikləri fərqlilikdir.
Bütün bunlardan başqa, istər xalq yaradıcılığında, istərsə də yazılı ədəbiyyatda dənizi özündə ehtiva edən onlarla, yüzlərlə əsərlərin adlarını çəkmək olar. “Dəniz səyyahı Sindibadın nağılı”, “Balıqçı və balıq nağılı”, Aleksandr Belyayevin “Amfibiya adam”, Suat Dərvişin “Fosforlu Cevriye”, Yukio Mişimanın “Dənizi itirən dənizçi”, “Dalğaların səsi” və başqa əsərlər bu siyahının çox cüzi hissəsidir.
Məşhur dünya yazıçı və filosofları dəniz haqqında müxtəlif fikirlər səsləndiriblər.
Sədi Şirazi deyirdi ki, “Sonsuz dəniz daş atmaqla bulanmaz”; “Mən sənə dənizə çıxma demirəm, çıxırsansa, tufana da döz deyirəm”.
Höteyə görə: “Dəniz nə qədər dalğalı olsa da, sonda durulur”.
Ezopa görə isə: “Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz”
Lord Bayronun fikrincə, “Dərin dəniz elə bir cəmiyyətdir ki, onun huzurunu heç bir şey poza bilməz”.
Cahid Külebi isə nədənsə, bir az pessimistdir: “Dəniz də olsan, yağışda islanırsan”.
Bir də uşaqlığımızdan dilimizdə əzbərə, həyat devizimizə, motivasiyamıza çevrilən bu məşhur fikir var: “Fırtına nə qədər şiddətli olursa, olsun, qağayı sevdiyi dənizdən vaz keçməz”.
Elə indi, siz bu yazının son akkordlarındaykən bilmədiyimiz yerlərdə, görmədiyimiz məkanlarda hansısa şair dənizin həlim ləpələrinə baxaraq, xəyala dalıb. Deyəsən, yeni şeir doğulur…
Şahanə MÜŞFİQ

Müəllif: Sevda Abdullayeva
Uzaq səfərlər kapitanı Hacımurad Şirəli oğlu Pənahov 1911-ci ildə Bakı şəhərinin Şağan kəndində anadan olub.
1936-cı ildə Bakı dənizçilik texnikumunu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasında işləyib. Təşkilatçılıq qabiliyyəti, bacarığı və biliyi Hacımurad Şirəli oğlunu qısa müddətdə kapitanın üçüncü köməkçisindən kapitan vəzifəsinədək yüksəldib.
Böyük Vətən müharibəsinin ağır illərində “Sentrosoyuz” gəmisinin kapitanı olarkən H. Pənahovun ən yaxşı komandirlik keyfiyyətləri – heyəti monolit komandaya çevirmək, hər bir tapşırığı layiqincə yerinə yetirmək məharəti üz çıxıb.
1954-cü ildə SSRİ Dəniz Donanması Nazirliyinin Akademiyasını bitirən Hacımurad Pənahov Gəmiçiliyin dəniz üzgüçülüyü xidmətində məsləhətçi kapitan vəzifəsinə irəli çəkilib, onlarla gənc kapitan tərbiyə edib.
1961-ci ildə Bakı – Krasnovodsk (Türkmənbaşı) limanları arasında Avropada ən böyük gəmi-bərə keçidi açılarkən məhz Hacımurad Pənahov ən təcrübəli kapitan kimi gəmi-bərələrin ilki – “Sovet Azərbaycanı” dizel-elektroxodunun sükanı arxasına keçib. Onun səyi, işə yaradıcı münasibəti qısa müddətdə gəmi-bərənin istismarının mənimsənilməsinə kömək edib. O, gəmi-bərələrin səmərəli – sıxlaşdırılmış cədvəllə istifadə olunması təklifini verib ki, bu da böyük iqtisadi fayda ilə nəticələnib.
Hacımurad Pənahov uzaq səfərlərə çıxan ilk kapitanlardan olub, uzun müddət Qara və Aralıq dənizlərində üzən gəmilərimizin heyətlərinə başçılıq edib.
Pənahov VII çağırış SSRİ Ali Sovetinin deputatı olub.
“Dəniz Donanmasının fəxri işçisi” (1957) olan Hacımurad Pənahov əməyi yüksək qiymətləndirilib. O, Lenin (1963) və “Oktyabr İnqilabı” (1971) ordenləri ilə, müxtəlif medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb.
Hacımurad Şirəli oğlu Pənahovlar sülaləsinin banisi olub, hər üç övladı ömrünü dənizlə bağlayıb.
Hacımurad Şirəli oğlu Pənahov 1974-cü ilin oktyabrında 63 yaşında qəflətən vəfat edib.

“Dəniz” qəzetinin baş redaktoru
Deyirlər qəhrəman olmaq üçün bəzən bir neçə an da kifayətdir. Dənizçilərin isə hər anı fədakarlıqla, qəhrəmanlıqla doludur. Bu baxımdan onları dünyanın ən cəsur, ən fədakar adamları hesab etmək olar.
Dənizçi əməyinin ağırlığını təsəvvür etmək üçün isə heç də ləngərli gəmilərdə açıq dənizə çıxmağa lüzum yoxdur. Yayda istidən, qışda soyuqdan gileyləndiyimizi xatırlamaq kifayətdir. Havanın “qaş-qabağını” hiss edən kimi çox vaxt evdən bayıra çıxmaq fikrindən daşınırıq, vacib işləri belə sonraya saxlayırıq. Dənizçilər isə gecə-gündüz – göydən yerə od ələnəndə də, şaxta iliyi kəsəndə də yolundan qalmırlar. Yalnız təhlükə riskinin böyük olduğunu düşündükdə, elə üzdükləri dənizdə daldalanmağa yer axtarırlar. Axı, hər dəfə havanın şıltaqlığı tutan kimi, yoldan qalsalar, küləyin az qala bütün ilboyu hakim olduğu Xəzərdə bircə səfər də vaxtında başa çatdırılmaz. Elə yüklər var ki, zay olması üçün artıq bir-neçə gün də kifayətdir. Gəminin anbarlarına qəbul edilən yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmaması isə dənizçilərin peşəkarlığı ilə yanaşı, təmsil etdikləri Gəmiçilik şirkətinin də nüfuzunu şübhə altında qoya bilər.
Hər işin öz çətinlikləri var. Dənizdə isə asan heç nə yoxdur. Çünki, dəniz hər zaman dənizdir. Sakit olanda da, sahilinə sığmayanda da. Dənizdə davam gətirmək, yerə-göyə meydan oxuyan dalğalara sinə gərmək üçün dənizin dəymədüşərliyindən baş çıxarmaq lazımdır. Üzdüyü dənizi beş barmağı kimi tanımayanı dəniz də tanımır.
Dənizdən uzaq adamlar görəsən bütün həyatları boyu ən çox neçə imtahan verirlər, neçə sınaqdan keçirlər? Dənizçi isə gəmi körpüdən aralanandan təyinat limanına çatanadək təkcə bir səfərdə neçə sınaqdan keçir. Hər səfərin özü böyük bir imtahandır. Bu imtahanlardan hər dəfə uğurla çıxmaq üçün hətta peşəkar, təcrübəli dənizçilər də daim biliyini artırmalıdırlar. Çünki dənizdən çox bildiyini düşünənləri dəniz bağışlamır, nə vaxtsa peşman edir.
Quruda vaxtında görə bilmədiyimiz çox işi “dünya dağılmaz” inamı ilə sabaha saxlayırıq. Hər dəqiqəsi hesabda olan dənizdə isə sonraya saxlanılası iş yoxdur. Hər bir iş vaxtında və dəqiq görülməlidir. Üstəlik, dənizin şıltaqlığından doğan işlər… Dəniz heç kəsin nazı ilə oynamır.
Quruda heyət boyda bəzi kollektivlərdə bir neçə işbilənin hesabına çətin vəziyyətlərdən çıxmaq da olur. Dənizdə heyətin hər bir üzvünün öz işini mükəmməl bilməsi, bütün tapşırıqları səhvsiz yerinə yetirməsi də kifayət etmir. Heyət mehriban bir ailə olmasa, dənizçilərin hamısı ümumi məqsəd naminə əl-ələ, çiyin-çiyinə verməsə, yerə-göyə meydan oxuyan dalğalar qoynunda uğur qazanmaq mümkün deyil.
Bir işimiz istədiyimiz kimi getməyəndə dərhal giley-güzara başlayırıq. İş yerini dəyişmək fikrinə düşənlər də tapılır. Amma, ən çətin anlarında da əsl dənizçidən “İşin necədir?” soruşanda bir cavab eşidirsən:”Qaydasındadır!” Dünyanın ən dözümlü adamları giley-güzar etməyi xoşlamırlar.
Taleyini dənizlə bağlayanlar dünyanın harasında olsalar da, ürəkləri Vətən eşqi ilə çırpınır, yurdlarını, ailələrini bir an unutmurlar. Dənizçilərin yad sularda böyük qürürla dalğalandırdıqları üçrəngli bayrağımıza sevgisini görəsiniz. Xarici limanlarda gəminin hansı ölkəyə mənsubluğunu soruşanda məmləkətimiz boyda iftixarla “Azərbaycanın!” deyirlər.
Biz də eyni sevgi ilə deyirik:”Tanrı Sizi qorusun, Azərbaycan dənizçiləri!”