Türkiyə Aralıq dənizi ilə yanaşı, Qara dənizdə də qazma işləri aparacaq.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib.
“Türkiyənin “Fatih” adlı kəşfiyyat-axtarış qazma gəmisi sinfinin ən yaxşı 16 gəmisi arasında ən müasir texnologiya ilə təchiz edilən 5 gəmidən biridir. Altıncı nəsil texnologiyaya malik olan gəmi 6 metr hündürlükdə dalğada belə qazma apara bilir. “Fatih” ilə yanaşı, ikinci qazma gəmisini də almaq istəyirik. Bu gəmilərlə Aralıq və Qara dənizdə neft-qaz kəşfiyyatı sahəsində aktiv iş aparacağıq”, – deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyə “Fatih” gəmisi ilə oktyabrın 31-də Aralıq dənizində qazma işlərinə başlayıb. Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işləri Antalya sahilində həyata keçirilir. “Alanya-1” adlı kəşfiyyat quyusunu qazacaq gəmidə 200-dən çox yerli və xarici mütəxəssis çalışacaq. Dənizin dayazsulu hissəsində qazma işləri isə Mersin sahilində aparılacaq. Antalya sahilində qazma işlərinin aparılacağı sahədə dərinlik təxminən 2000-2500 metrdir. Torpaq qatından 5-6 min metr dərinlikdə qazma işləri aparılacaq.
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti ABŞ-ın “Schlumberger” şirkəti ilə Aralıq dənizində qazma işləri üçün 15 milyon dollarlıq müqavilə imzalayıb.
Türkiyənin istehsal etdiyi “Fatih” qazma gəmisi bu ilin mayında istifadəyə verilib. Uzunluğu 229 metr olan gəmi suyun 12 min 200 metr dərinliyə qədər hissəsində qazma əməliyyatları aparmaq imkanına malikdir.
Azərtac
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) və Cəmiyyətin tərkibinə daxil olan strukturların aparat işçiləri arasında keçirilən mini-futbol turniri başa çatıb.
Bugün Bakı Tennis Akademiyasının stadionunda final oyunu keçirilib. Həledici görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Xəzər Dəniz Neft Donanmasının komandaları üz-üzə gəliblər.
Finalda Xəzər Dəniz Neft Donanmasının komandası qələbə qazanıb. Belə ki, mübarizədə 6-1 hesablı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin futbolçuları məğlub olub.
Qalib komanda diplom, kubok və medallar ilə təltif ediliblər.
Qeyd edək ki, turnirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), Xəzər Dəniz Neft Donanması, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “Bibiheybət” Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi, Azərbaycan Dövlət Dəniz Akademiyasının (Təlim Tədris Mərkəzi) futbolçuları qüvvələrini sınayıblar.
Onu da deyək ki, yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir. Bu cür idman tədbirlərinin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.