“Maersk” ilk bioyanacaq gəmisini təqdim edib
Danimarka holdinqi “Maersk”in bioyanacaqla işləyən ilk gəmisi təqdim olunub. Gəmi keçən həftə Kopenhagen sularında ilk səfərini edib.
"Seanews.az" xəbər verir ki, gəminin iki mühərriki var - biri adi dizel mühərrikidir, digəri metanolla işləyir. Yanacaqla işləyərkən gəmi adi dizellə müqayisədə gündə 100 ton az karbon qazı buraxır.
“Maersk” gəmini 2021-ci ildə sifariş verib. Şirkətin baş direktoru Vinsent Klerkin sözlərinə görə, o zaman bu, belə tipli ilk gəmi olub. O vaxtdan bəri müxtəlif şirkətlər tərəfindən 125 oxşar gəmi sifariş edilib. “Maersk”-in özü 2024-cü ilə qədər artıq 25 belə gəmiyə sahib olmalıdır. Şirkət həmçinin yaşıl metanol istehsalçıları ilə doqquz müqavilə imzalayıb. “Maersk” daha əvvəl bildirmişdi ki, 2040-cı ilə qədər karbon neytrallığına nail olmağı planlaşdırır. “Google”, “Amazon”, “Volkswagen”, “Unilever” də daxil olmaqla 25 korporasiyanın emissiyalarını azaltmaq vədlərini və planlarını öyrənən “NewClimate Institute” və “Carbon Market Watch” analitikləri “Maersk” proqramını ən real hesab ediblər.