Afrika sahillərində saya oturan “Ultra Galaxy” gəmisi parçalanıb
2024-cü il iyulun əvvəlində Cənubi Afrika sahillərində saya oturan “Ultra Galaxy” gəmisi dörd hissəyə bölünüb.
“Seanews.az” Cənubi Afrika Dəniz Təhlükəsizliyi Təşkilatına (SAMSA) istinadən xəbər verir ki, hadisə nəticəsində neft sızıntısı baş verib.
Məlumata görə, hazırda çirklənmənin aradan qaldırılması üçün işlərə başlanılıb. Peşəkar xilasedicilərdən və 125 könüllüdən ibarət qruplar 1 km ərazini təmizləməyə çalışırlar. Xilasedicilərin sayının artırılacağı və neft dağılmalarına qarşı mübarizənin bu həftə ərzində davam etdiriləcəyi bildirilir.
Eyni zamanda ekspertlər ətraf mühitə dəymiş ziyanın həcmini qiymətləndirirlər.
Xatırladaq ki, hadisə Keyptaundan təxminən 300 km şimalda, Qərbi Kap sahillərində baş verib. Panama bayrağı altında üzən 125 metrlik gəmi Tanzaniyaya doğru gedirmiş. “Ultra Galaxy” gəmisinin Filippin vətəndaşlarından ibarət 18 nəfərlik heyəti yoldan keçən gəmilər tərəfindən xilas edilib. Fırtınalı hava səbəbindən gəmini yenidən suya salmaq mümkün olmayıb.