Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Ən müasir sualtı kabel çəkən gəmi 2027-ci ilin birinci rübündə sifarişçiyə təhvil veriləcək

Malayziyanın sualtı infrastrukturun çəkilməsi üzrə ixtisaslaşan “OMS Group”-u Niderlandın “Royal IHC” gəmiqayırma şirkəti ilə ən müasir sualtı kabel çəkən gəmilərin tikintisi üçün müqavilə imzalayıb.

"Seanews.az" xəbər verir ki, ilk gəmi 2027-ci ilin birinci rübündə istismara verilməlidir.

“OMS Group”-un kabel çəkən donanmasının tikintisinə sərmayə qoyması bütün dünyada telekommunikasiya və dayanıqlı əlaqə xidmətlərinin təmin edilməsinə artan tələbatdan irəli gəlir.

“AUT-IMS” sinifli gəminin uzunluğu 130 metr, eni isə 22 metrdir. Gəmi 6,5 tona yaxın kabel daşıya və sualtı xəndək qazma qurğusundan istifadə etməklə 3,3 metr dərinlikdə dənizin dibinə kabel çəkə biləcək.  

Gəmi həmçinin ən son avtomatlaşdırma və yanacaq səmərəliliyi sistemləri, enerji saxlama və istehlak sistemləri ilə təchiz olunacaq.

“OMS Group” (Şah Alama, Malayziya) 1983-cü ildə yaradılıb və bu gün telekommunikasiya rəqəmsal infrastrukturunun yaradılması, sualtı fiber-optik kabel sistemlərinin quraşdırılması və saxlanması üzrə ixtisaslaşır və digər xidmətlər göstərir.

“Royal IHC” (2014-cü ilə qədər – “IHC Merwede”, “IHC Merwede Foundation”-a daxildir) liman idarələri, neft-qaz korporasiyaları, dəniz podratçıları üçün dibdərinləşdirən və kabel çəkən gəmilər və avadanlıqların layihəsi və istehsalı üzrə iri şirkətdir. Şirkətin Niderland, Braziliya, Çin, Xorvatiya, Fransa, Hindistan, Malayziya, Yaxın Şərq, Nigeriya, Sinqapur, Slovakiya, Cənubi Afrika, Böyük Britaniya və ABŞ-da 3 mindən çox işçisi çalışır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır