Yeni sualtı gəmilər “Kilo” sinifli qayıqları əvəz edəcək
Hindistan Hərbi Dəniz Qüvvələri altı “Scorpene” sinifli dizel-elektrik sualtı qayığın sonuncusunu təhvil alıb.
Bu barədə “Seanews.az” gəmiqayırma zavodlarında tikintisi aparılan dövlətə məxsus “Mazagon Dock Shipbuilders Limited” (“MDL”) şirkətinə istinadən xəbər verir.
20 aprel 2022-ci ildə suya salınan və bütün lazımi sınaqlardan keçən sualtı qayıq “Vaghsheer” adlandırılıb.
Gəmi yaxın vaxtlarda xidmətə başlayacaq.
Hindistan Fransanın “Naval Group” şirkəti ilə altı “Scorpene” sinifli sualtı qayığın inşası üçün müqaviləni 2005-ci ildə imzalamışdı. Bunlardan birincisi, “Mazagon Dock Shipbuilders Limited”-in Mumbaydakı müəssisəsində tikilmiş, 2017-ci ildə istismara verilmişdir.
Qeyd edək ki, yeni sualtı gəmilər Hindistan Hərbi Dəniz Qüvvələrində Rusiya istehsalı olan köhnəlmiş “Kilo” sinifli sualtı qayıqları əvəz edəcək.