“Bakinskaya-6” gəmisi əsaslı təmir edilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “Bakinskaya-6” gəmisi əsaslı təmir edilib. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.
Proses zamanı baş mühərriklər, nasoslar, yağ və su soyuducuları, hava balonlarının armaturları, gəminin boru sistemləri, sanitar qovşaqları təmir edilib. Bundan başqa, yaşayış otaqlarında yeni mebellər quraşdırılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları sazlanıb.
Eyni zamanda istifadə müddəti başa çatmış iki ədəd 6Ч 18/22 tipli köməkçi mühərrik müasir tipli “CCFJ150J- WU, 150 кВт, 1500 d/d, 400В ,50Hz dizel-generatorla əvəzlənib.
“Bakinskaya-6”-nın mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra dəniz sınağından keçirilib. Gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
Qeyd edək ki, “Bakinskaya-6” gəmisi dibdərinləşdirilmə işləri zamanı dənizdən çıxarılmış palçıq, qum, gil qatışıqlarının xüsusi təyin olunmuş əraziyə aparılıb boşaldılması üçün istifadə olunur.