“Şimal-Cənub” dəhlizi ilə daşınan yüklərin həcminin artması gözlənilir
Rusiya, Qazaxstan, İran və Türkmənistan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) 2024-2025-ci illərdə inkişafı ilə bağlı “yol xəritəsini” imzalayıblar.
“Yol xəritəsi” 2027-ci ilə qədər BND-nin şərq hissəsindən yükburaxma qabiliyyətinin artırılmasına istiqamətlənib.
İmzalanma mərasimində multimodal daşımaların bugünkü trendlərindən danışılıb. Qeyd olunub ki, dəmir yolu və dəniz yolu vasitəsilə ümumi yükdaşımalarda 4 % artım hiss olunmaqdadır.
Dəhlizin ümumi uzunluğu 7,2 min kilometrdir. O, Rusiyanın Sankt-Peterburq şəhərini İran və Hindistan limanları ilə birləşdirir. Bu yol hal-hazırda Avropanı, Fars körfəzi ölkələri, ordan da Süveyş kanalından keçərək Hind okeanı ilə birləşdirən dəniz yoluna alternativ hesab edilir. Dəhlizin qərb hissəsi Azərbaycan ərazisindən keçir. Burada Xəzər dənizi ilə birbaşa İrana daşımalar da mümkündür.
2030-cu ilə qədər “Şimal-Cənub” BND ilə Rusiya yüklərinin daşıma həcmi hal-hazırdakı 17 milyondan tondan 32 milyona qədər yüksəlməsi gözlənilir.