Ventspils limanının yük dövriyyəsi 21% azalıb
Venta çayının mənsəbi yaxınlığında yerləşən Latviyanın Ventspils limanının yük dövriyyəsi 2024-cü ildə əvvəlki illə müqayisədə 21% azalaraq 8,23 milyon ton təşkil edib.
“Seanews.az” liman administrasiyasına istinadən xəbər verir ki, maye yüklərin aşırılmasında nəzərə çarpacaq artım, toplu və ümumi yüklərin işlənməsində isə azalma müşahidə olunub.
Hesabat dövründə limanda 4 milyon tondan çox maye yüklər (+17,5%), 2,44 milyon ton toplu yüklər (-56,5%) və 1,73 milyon ton ümumi yüklər (-20,5%) aşırılıb, o cümlədən 1,4 milyon ton yük bərələrdə daşınıb (-23%).
2024-cü ildə yük əməliyyatı üçün limana 948 gəmi yan alıb ki, bu da 2023-cü ilin eyni göstəricisindən 17,7% azdır.
Qeyd edək ki, Ventspils limanının yük dövriyyəsi 2023-cü ildə 10,4 milyon ton təşkil edib.