Höteborq limanına kruiz gəmilərinin səfərləri 31% azalıb
2024-cü ildə İsveçin Höteborq limanının konteyner dövriyyəsi 909 min TEU təşkil edib. Bu da yüklənmiş konteynerlərin sayının artmasına baxmayaraq, əvvəlki ilin nəticəsindən 1% aşağıdır.
“Seanews.az” xəbər verir ki, bu barədə liman administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, konteyner yüklərinin idxalı təxminən 15% artıb, ixrac isə bir qədər azalıb. Höteborq limanının satış və marketinq üzrə vitse-prezidenti Klaas Sundmarkın sözlərinə görə, belə vəziyyətin 2025-ci ildə də davam edəcəyi gözlənilir. “Biz indi Höteborq limanında alışdığımız idxal və ixrac arasında 50/50 balansına yaxınlaşırıq. Amma bu həm İsveçdəki, həm də xaricdəki digər limanlarla müqayisədə tamamilə unikaldır”, - deyə o bildirib.
Dəmir yolu ilə limana və limandan daşınan konteynerlərin sayı 7% artaraq 505 min TEU-ya çatıb.
Ro-Ro yük aşırmalarının ümumi həcmi 3% azalaraq 524 vahid təşkil edib.
2024-cü ildə avtomobil aşırmaları 4% azalaraq 257 min vahidə düşüb. Avtomobil idxalında azalma müşahidə olunub, əsasən “Volvo” avtomobillərindən ibarət ixrac isə sabit artım nümayiş etdirib.
Limanda enerji ehtiyatlarının aşırılması 18% artaraq 21,8 milyon tona çatıb.
2024-cü ildə 463 min ton toplu yükləar işlənib ki, bu da 6% artım deməkdir.
Höteborq limanına kruiz gəmiləri ilə edilən səfərlərin sayı 31% azalaraq 56-ya düşüb. Azalma limanın kruiz terminallarından birində planlaşdırılan işlərlə bağlı olub.
Qeyd edək ki, Höteborq limanı Skandinaviyanın ən böyük yükaşırma mərkəzidir. İsveçin xarici ticarət yüklərinin təxminən 20%, ölkənin ümumi konteyner yüklərinin isə 50%-dən çoxu bu limanda aşırılır.