Hindistanın əsas limanlarında yükləmə və boşaltma əməliyyatları sadələşdiriləcək
Hindistanda “Bharat Global Ports” konsorsiumu dənizdəki mövcudluğunu genişləndirmək və təchizat zəncirlərini gücləndirmək üçün yaradılmışdır. Buraya “India Ports Global”, “Sagar Mala Development Company” və “India Port Rail and Ropeway Corporation” daxildir.
“Seanews.az” “Indian The Economic Times”-ə istinadən xəbər verir ki, bu barədə ölkənin limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval bildirib.
Konsorsiumun Hindistanda dayanıqlı liman infrastrukturunu inkişaf etdirməsi, logistikanı sadələşdirməsi, təchizat zəncirlərini gücləndirməsi və ixracı təşviq etməklə “Hindistanda istehsal et” təşəbbüsünü dəstəkləməsi gözlənilir.
Hökumət, öz növbəsində, Hindistanın əsas limanlarında yükləmə-boşaltma əməliyyatlarının standartlaşdırılması və optimallaşdırılması (“Bir ölkə - Bir liman” təşəbbüsü), Limanların logistikasının səmərəlik indeksinin (LPPI) tətbiqi və digərləri ilə bağlı bir sıra tədbirlər görməyə hazırlaşır.
“Müasir, yaşıl və ağıllı liman infrastrukturuna sadiqliyimiz iqtisadi dayanıqlığa töhfə verəcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, immiqrasiya xidməti ilə sənədlərin standartlaşdırılması, liman işçilərinin sağlamlığının mühafizəsinin təşkili “Bir ölkə - Bir liman”ın tətbiqində ilk addımlardır. Bundan əlavə, konteyner əməliyyatları üçün sənədlərin sayı 143-dən 96-ya, toplu və dənəvər yüklər üçün isə 150-dən 106-ya endirilib.