2025-ci ilin fevral ayında Nava-Şeva limanının konteyner dövriyyəsi 616 min TEU təşkil edib
Hindistanın ən böyük limanlarından biri olan Nava-Şeva (rəsmi adı - Cavaharlal Nehru limanı) 2025-ci ilin fevral ayında 616 164 TEU aşırıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,14% çoxdur.
“Seanews.az” xəbər verir ki, bu barədə liman administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, son bir ay ərzində liman 86 142 TEU (+1,9%) ilə 534 dəmir yolu konteyner qatarı (+1,5%) işləyib.
Limanın ümumi yük dövriyyəsinin əsas hissəsini təşkil edən konteyner yüklərinin aşırılması tonla 1,7% artaraq 6,84 milyon tona çatıb. 2025-ci ilin fevral ayında limanın ümumi yük dövriyyəsi 7,56 milyon ton (+2,1%) təşkil edib.
2024-cü ilin aprelində başlayan cari maliyyə ilinin 11 ayı ərzində limanın konteyner dövriyyəsi 13,6% artaraq 6,63 milyon TEU-ya çatıb. Hesabat dövründə 978 130 TEU (+4,56%) ilə 6 164 qatar (+5,12%) işlənib. 2024-2025-ci maliyyə ilinin əvvəlindən limanın ümumi yük dövriyyəsi, o cümlədən 76,38 milyon ton konteyner yükü (+7,6%) daxil olmaqla 7,43% artaraq 83,85 milyon tona çatıb.
Hindistanın ən böyük konteyner limanlarından biri olan Cavaharlal Nehru limanı beş konteyner terminalını: NSFT, NSICT, NSIGT, BMCT və “APM Terminals”-ı (“APMT”) idarə edir: Bundan əlavə, ümumi yüklərin aşırılması üçün dayaz su körpüsü və “BPCL-IOCL” konsorsiumu tərəfindən idarə olunan maye yük terminalı mövcuddur. Yeni tikilmiş kabotaj gəmiləri körpüsü Hindistanın digər limanları ilə əlaqəni asanlaşdıracaq və ölkədaxili konteyner daşımalarını artıracaq.