Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

“Gasum” gəmiləri təbii qaz yanacağı ilə işləyən bütün şirkətlərə bio-LNG bunkerini təklif edir

Finlandiyanın “Gasum” şirkəti “Hapag-Lloyd” gəmiçilik şirkəti ilə 2025-2026-cı illərdə tullantılardan istehsal edilən mayeləşdirilmiş biometan (bio-LNG) ilə konteyner gəmilərinin bunkerlənməsi üçün müqavilə bağlayıb. Xətti gəmiçilik operatoru daha əvvəl yanacaq kimi bio-LNG-dən istifadə edən gəmilərlə yüklərin daşınması üçün “ZEMBA” (Sıfır dəniz daşımaları alyansı) tenderinin birinci mərhələsini qazanmışdı.

Bu barədə “Gasum” şirkəti məlumat yayıb.

 “ZEMBA”-nın tələblərinə uyğun tədarük edilən mayeləşdirilmiş biometan iki il müddətində Rotterdam-Sinqapur marşrutu üzrə “Hapag-Lloyd” konteyner gəmiləri tərəfindən istifadə ediləcək.

2025-2026-cı illərdə yanacaq tədarükü 20 min ton təşkil edəcək. Finlandiya şirkətinin məlumatına görə, bio-LNG-dən istifadə gəmi sahibinə istixana qazı emissiyalarını ən azı 90% azaltmağa imkan verəcək.

 “Gasum” biotullantılardan, kanalizasiya şlamından, peyindən, digər sənaye və kənd təsərrüfatı tullantılarından bio-LNG istehsal edir. Alternativ yanacaq Finlandiya və İsveçdəki 17 “Gasum” bioqaz zavodunda istehsal olunur. Həmçinin, şirkət bütün Avropa üzrə sertifikatlaşdırılmış bioqaz istehsalçıları ilə uzunmüddətli müqavilələr bağlayıb.

2027-ci ilə qədər “Gasum” bazarı ildə 7 TVt həcmdə bərpa olunan mənbələrdən, o cümlədən biometan və ya sintetik metandan qaz ilə təmin etmək niyyətindədir. Bu həcm əldə olunarsa, müştərilər karbon qazı emissiyalarının ildə 1,8 milyon ton azaldılmasına nail ola biləcəklər.

“Gasum” gəmiləri təbii qaz yanacağı ilə işləyən bütün şirkətlərə bio-LNG təklif edir, çünki "LNG və bio-LNG tamamilə bir-birini əvəz edə bilər və onları istənilən nisbətdə qarışdırmaq olar".

Norveç, Finlandiya və İsveçdə ən böyük LNG tədarükçüsü olan Finlandiyanın dövlət şirkəti “Gasum” 2018-ci ilin oktyabr ayında Skangas-dakı payını 70%-dən 100%-ə yüksəldib. Həmin ilin dekabr ayından Skangasın bütün filialları yeni “Gasum” brendi altında bazarda fəaliyyətə başlayıb. Şirkət eyni zamanda regionda ən böyük bioqaz istehsalçısı və təchizatçısıdır. 2023-cü ildə qrupun gəliri 1,4 milyard avro təşkil edib.

“ZEMBA” Alyansı gəmiçilik bazarında sıfır emissiyalı nəqliyyat həllərinin tətbiqinin sürətləndirilməsinin tərəfdarıdır. Bu təşəbbüs Aspen İnstitutunun Enerji və Ətraf Mühitin Tədqiqat Proqramı tərəfindən dəstəklənir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır