Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“TCG Anadolu” dünyada PUA daşımaq imkanı olan ilk hərbi desant gəmisidir

“TCG Anadolu” dünyada pilotsuz uçuş aparatları (PUA) daşımaq imkanı olan ilk hərbi desant gəmisidir və bütün Türkiyənin fəxridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “TCG Anadolu” gəmisinin istismara verilməsi mərasimində deyib.

Prezident Ərdoğan bildirib ki, bu gəmi ilə dünyanın istənilən regionunda hərbi və humanitar missiyaları yerinə yetirmək mümkündür. “TCG Anadolu” gəmisi Türkiyənin texnologiya cəhətdən inkişafını göstərir. Gəminin istehsalı zamanı 70 faiz yerli materiallardan istifadə olunub. Hərbi gəminin tikintisi 2016-cı ilin aprelində başlanıb və 2019-cu ilin iyununda uğurla suya buraxılıb. Gəmi 2022-ci ildən başlayaraq sınaqlardan keçirilib.

Qeyd olunub ki, uzunluğu 231 metr, eni 32 metr olan gəmi bir tabor hərbçi tutumuna malikdir. Bundan başqa, gəmi 94 hərbi texnika, o cümlədən 13 tank, suda istifadə olunan 27 və quruda istifadə edilən 6 zirehli hərbi maşın daşıya bilər. Eyni zamanda, gəmi10 helikopter və 11 PUA daşımağa qadirdir. Qəza vəziyyətləri üçün gəmidə 4 kater saxlanılır.

Türkiyə Prezidenti diqqətə çatdırıb ki, gəminin hərbi təyinatı nəzərə alınaraq, iki əməliyyat otağı olan xəstəxana da quraşdırılıb.

Prezident R.T.Ərdoğan gəminin istismara verilməsini Türkiyənin texnoloji inqilabı adlandıraraq deyib ki, 20 il əvvəl hakimiyyətə gələndə dövlət büdcəsi 5,5 milyard dollar həcmində idi, bu gün isə Türkiyənin dövlət büdcəsi 60 milyard dollardan çox vəsaitə malikdir. Müdafiə sənayesinə büdcədən 4,4 milyard dollar ayrılır ki, bu da böyük rəqəmdir. Hərbi sənayenin istehsal etdiyi məhsulların 80 faizi ixrac olunur ki, bu da Türkiyənin böyük uğurudur.

Türkiyə Prezidenti vurğulayıb ki, hərbi sənaye sahəsində təqdim olunan layihələrin sayı 62-dən 750-yə yüksəlib. Bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı isə 2700-ə çatıb.

R.T.Ərdoğan 2023-cü ili Türkiyənin hərbi sənayesi üçün uğurun başlandığı il hesab edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır