Gəmi-muzeyin ekspozisiyası dünyanın müxtəlif guşələrindəki mayakların maketləri ilə zənginləşib
ASCO-nun "Suraxanı" gəmi-muzeyinin eksponatları sırasına yeni mayak maketləri daxil olub.
Muzey ziyarətçiləri indi “Keyp Bayron”, “Akaroa” və “Alanya” mayaklarının maketlərini yaxından görmək imkanı əldə edə biləcəklər.
Avstraliyanın “Keyp Bayron” mayakı 1901-ci ildə inşa olunub və 22 kvadrat kilometr sahəni işıqlandırmaqla həm dəniz, həm də sahil ekosistemlərini qorumaqda mühüm rol oynayır. Mayakın hündürlüyü 23 metrdir. Muzeydə təqdim olunan maketin uzunluğu 70, eni 65, hündürlüyü isə 105 sm təşkil edir.
Yeni Zelandiyanın “Akaroa” mayakı 1878-ci ildən bəri gəmiçilik üçün əsas rabitə vasitəsi olub. Mayakın muzeydəki maketinin eni və uzunluğu 50, hündürlüyü 85 sm-dir.
“Alanya” mayakı 1880-ci ildə Parisdə inşa edilib, sonradan Türkiyə sahillərinə gətirilib. Aralıq dənizinin akvatoriyasında yerləşən bu mayak işığını 200 dəniz mili məsafəsindən göstərir. Gəmi-muzeyimizdə yer alan mayakın maketinin eni və uzunluğu 73 sm-dir.
Bunlarla yanaşı, “Suraxanı”nın kolleksiyasına XII əsrdə inşa edilmiş və Şirvan-Abşeron memarlıq üslubunda tikilmiş tarixi bir abidə - Qız qalasının da maketi daxil edilib. Bu maketin eni və uzunluğu 73, hündürlüyü 28 sm-dir.
Qeyd edək ki, "Suraxanı" gəmi-muzeyi ekspozisiyasındakı mayak maketlərinin zənginliyi ilə diqqət çəkir. Başqa sözlə, muzeyimiz mayak maketlərinin sayına görə dünyanın ən böyük kolleksiyalarından birinə sahibdir.