Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

ADDA-da “Yaşıl dünya və iqlim dəyişikliyi naminə həmrəylik” mövzusunda panel müzakirəsi keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Yaşıl dünya və iqlim dəyişikliyi naminə həmrəylik” mövzusunda panel müzakirəsi keçirilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün tədbirlər planının icrası məqsədilə keçirilən panel müzakirəsində Akademiyanın professor-müəllim və tələbə heyəti ilə yanaşı, ayrı-ayrı ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının əməkdaşları da iştirak edib.

Tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası üçün canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov çıxış edərək mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən danışıb. O, gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunmasının əhəmiyyətini xüsusi vurğulayıb. 

Tədbirdə Akademiyanın “Tətbiqi mexanika” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, professor Vaqif Həsənov iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə “yaşıl zona”, “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” kimi innovativ yanaşmaların tətbiqindən danışıb.

BMT-nin eksperti, “Green Solution Strategies” MMC-nin təsisçisi və icraçı direktoru İsa Əliyev çıxışında iqlim dəyişikliklərinin törədə biləcəyi fəsadlardan və gözlənilən çətinliklərin aradan qaldırılması məqsədilə dünya ölkələrinin görəcəyi tədbirlərdən bəhs edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemlərinin və qurğularının tikintisi” kafedrasının müdiri, BMT-nin enerji səmərəliliyi üzrə eksperti, professor Nurməmməd Məmmədov inşaat sektorunda ətraf mühitə atılan zərərli tullantıların azaldılması üçün kompleks tədbirlərdən və ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışaraq, Prezident İlham Əliyevin bu sahəyə diqqətindən söz açıb.

Akademiyanın “İngilis dili” kafedrasının müdiri, professor Gülçöhrə Alıyeva iqlim dəyişmələrinin Azərbaycana təsirləri, bəşəriyyətə vurduğu ziyanlar, bu sahədə görülən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verib. 

Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.

“Humanitar elmlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev çıxış edərək iqlim dəyişmələrində təbiət və cəmiyyət hadisələrinin rolu haqqında düşüncələrini bölüşüb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır