Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Peşəkar kapitan və ya 55 illik təcrübə

Qarşımda 20 Yanvar hadisələrinin gedişatına birbaşa təsir etmiş bir insan oturub. Həm də Sovet ordusunun gülləbaranına, işgəncələrinə davam gətirmiş biri… Maraqlıdır ki, o, sizin ilk ağlınıza gələn formada əsgər, komandir və ya döyüşçü də deyil. Qonağımız dənizdə 55 il sözün həqiqi mənasında can qoyan bir kapitandır!

Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Kollecin müəllimi, təqaüdçü kapitan Kərəm Məmmədov sulardakı “döyüş”lərindən danışır:

– Gəmi kapitanı olmağa necə qərar verdiniz?

– Lap əvvəldən başlayım. Hərbi xidmətimi Şimal dənizində dənizçilik alayında keçmişəm və az da olsa, dənizçilərin iş prinsipini, şəraitlərini, çətinliklərini və eyni zamanda bu işin şərəfini görmüşəm. İşi öyrəndiyimə görə bu alayda mənə matrosluq edə bilməyim üçün sənəd verdilər və mən 1963-cü ildə ordudan tərxis olunduqdan sonra qərara gəldim ki, ömrümü dənizə həsr edim.

– Bu qərardan sonra kapitanlıq yolunda hansı addımları atdınız?

– Ordudan tərxis olunduqdan sonra, 1964-cü ildə Xəzər Neft Donanma İdarəsinə matros kimi qəbul olundum. Donanmamızın işi sırf neftlə bağlı idi. Dənizdəki neft buruqlarının avadanlıqlarını bizim idarə təmin edirdi. Daha çox Sanqaçal adasına, Qum adasına və Bahar yatağına gedib-gəlirdik, o ərazilərdə işləyirdik. Ən uzaq reysimiz isə Neft Daşlarına olurdu. Donanmada işləyən zaman dənizə marağım daha da artdı və mən qərara gəldim ki, bu işin təhsilini almalıyam. Çünki sona qədər matros kimi işləyə bilməzdim, kapitanlıq üçün isə təhsil mütləq idi.

El arasında deyirlər ki, dəniz cəsurları sevər. Dəniz, doğrudan da, küləyi, fırtınası ilə çox çətindir. Bütün bunları nəzərə alıb sevə-sevə sənədlərimi hazırladım və 1968-ci ildə o vaxtkı Qafur Məmmədov adına məktəbə – indiki Azərbaycan Dövlət Dənizçilik Akademiyasına verdim. 1973-cü ildə buranı bitirdikdən sonra artıq matros yox, gəmi sürücüsü kimi işləməyə başladım. 1986-cı ildə isə Odessa Ali Dənizçilik Məktəbini bitirmişəm.

– Kapitan olmaq üçün Azərbaycanda hansı yolları keçmək zəruridir?

– Gəmidə kapitan kimi işləyə bilmək üçün qayda-qanun belədir: əvvəlcə kapitanın 3-cü köməkçisi kimi işə başlayırsan. Onun özünəməxsus işləri var, hamısını tamamlayırsan. Sonra kapitanın tövsiyəsi ilə 2-ci köməkçi olursan. Bu mərhələdə də öz vəzifələrinin öhdəsindən tam şəkildə gəldikdən sonra kapitan sənə xarakteristika verir və sən donanmada imtahan verdikdən sonra olursan baş köməkçi. Uzun illər baş köməkçi işləyirsən və bundan sonra yenə də kapitanın tövsiyəsi ilə kapitan ola bilərsən. Bu mərhələlərin isə konkret bir zamanı yoxdur, işini tam mənimsədikdən və bir növ bu işdə “bişdikdən” sonra növbəti mərhələyə keçirsən. Məsələn, mən özüm kapitanlıqdan əvvəl 7 il baş köməkçi işləmişəm və kapitanım məni sözün əsl mənasında bir kapitan kimi yetişdirmişdi. Yeri gəlmişkən, bu heyətdən hər hansısa biri olmasa, o gəminin işi axsayar, çünki köməkçilərin də özünə aid vəzifələri var və onlar eyni zamanda hər hansı fövqəladə vəziyyət zaman bir-birini əvəz etmək iqtidarında olmalıdırlar. Yəni vəzifənin adı köməkçi olsa da, gəmidə o köməkçilərə həmişə ehtiyac olur. Sadaladığım mərhələləri keçmək şərtilə akademiyada 4 il təhsil alaraq kapitan olmaq mümkündür. Hazırda akademiyada 3 ixtisas var: kapitanlıq, gəmi mexanikliyi və elektromexaniklik.

 

– Hansı yaşa qədər kapitanlıq etmək olar?

 – 60-65 yaşına qədər kapitan kimi işləmək mümkündür. Daha sonra isə adətən işimizi müəllim kimi davam etdiririk.

– Sərnişin gəmisi idarə etmisinizmi?

 – Daha çox kran gəmiləri idarə etmişəm, amma sərnişin gəmisi idarə etdiyim qısa vaxtlar da olub. O zaman belə idi ki, ehtiyac yarandıqda biz kapitanları bir gəmidən başqa gəmiyə işə göndərə bilirdilər. Mən də vaxtilə “Bakı-Neft Daşları Sərnişin Gəmisi”nə kapitanlıq üçün ezam olunmuşdum.

 – Bu bölmələr üzrə təhsil fərqlidirmi?

– Kapitan üçün gəmilərin heç bir fərqi yoxdur. Yəni gəlib kapitanlıq vəzifəsinə çatdıqda sən istənilən gəmini idarə edə bilərsən və hətta etməyi bacarmalısan da. Kapitan kiçik gəmilərdən tutmuş böyük tanker gəmilərinə qədər idarə etməyi bacarmalıdır, çünki bu, onun sənətidir.

 – Hazırda Azərbaycanda sərnişin gəmiləri varmı?

– Ancaq  Neft Daşlarına işləyən gəmilər mövcuddur. Xarici ölkələrə isə yalnız  yük gəmiləri işləyir. Bəzən sərnişinlərin də həmin yük gəmisi ilə getdikləri zamanlar olur. Aktau, Krasnovodsk (red. indiki Türkmənbaşı) kimi şəhərlərə bəzən yük ilə bərabər həmin şəhərə gedən sərnişinləri də aparırlar.

– Gəmi səyahətləri zamanı başqa ölkələrdə qaldığınız olubmu?

– 1991-1992-ci illərdə Azərbaycandan kənarda – Şimal dənizində işləmişəm. Bizim neft-qaz tipli gəmilərimizi ora kirayə vermişdilər, bizi də həmin gəmilərdə növbə ilə işləməyə göndərirdilər.

– Gəminin əsas işçi heyəti neçə nəfər olmalıdır?

 – Əslində bunun üçün xüsusi bir rəqəm demək olmaz. Baxır gəminin böyük-kiçikliyinə və onun iş prinsipinə. Məsələn, mən ilk dəfə Azərbaycan kran gəmisində işləməyə gedəndə gəmidə 100 nəfər heyət var idi. Onların yarısı buruqlarda işləyən neftçilər, yarısı isə gəminin öz işçiləri idi.

– Qadın kapitanlarımız varmı?

 – Hazırda yoxdur, amma olub. 2-ci Dünya müharibəsi zamanı ilk azərbaycanlı qadın gəmi kapitanı Şövkət Səlimova olub. 1960-cı ildə isə donanmamızda hamımızın böyük hörmət bəslədiyimiz Valya Tereşkova adında qadın kapitanımız var idi.

 – Ən uzun səyahətiniz neçə ay olub?

 – Azəri-Çıraqda 3 ay gecə-gündüz platformanı bərkitmək üçün işləmişik.

– Bəs gəmi kapitanı kimi sizin oradakı əsas işiniz nə olurdu?

 – Kapitan gəmi ilə bağlı hər şeyə cavabdeh olur. Gəminin təhlükəsizliyi, işin gedişatı bu cavabdehliklər arasındadır. Elə idarə etməliyik ki, platformanı bərkidən heyətə heç bir problem yaranmasın və vaxtında işi təhvil verə bilsinlər.

 

– Dənizdə olanda ailənizin hansısa özəl gününü qaçırdığınız olubmu?

 – Yox, xoşbəxtəm ki, ailəmdə baş verən özəl və gözəl günləri işim səbəbilə qaçırmamışam.

– Bu səyahətlər zamanı yeməkləriniz əvvəldən hazırlanır?

 – Gəminin içərisində xüsusi yeməkxana da olur və günlük yeməklərimiz orada aşpaz tərəfindən bişirilir. Lazımi ərzaqlar isə hər 10 gündən bir sahildən başqa gəmi ilə gətirilir. Kapitan yeməkxana heyətini yığıb nələrə ehtiyac olduğunu qeyd edir və radioqramma vasitəsilə sahilə məlumat ötürür. Yəni əgər aşpaz məharətlidirsə, ev yeməkləri üçün çox da darıxmırıq.

– Gəmidə ürəkbulanma kimi çətinlikəri dəf etmək üçün hansısa təlimlərdən keçirsiniz?

 – Təhsil müddətində bunun üçün xüsusi təlimlər olmur. Bayaq qeyd etdiyim kimi, gərək həvəskar olasan ki, gəminin bu kimi çətinliklərinə də dözə biləsən. Həm də hamıda bu ürəkbulanma halları mütləq olur deyə bir şey yoxdur. Ürəyi bulananlar külək kəsənə qədər işləyə bilmir və bu dövrü adətən yataraq keçirirlər.

– Hazırda naviqasiya sistemi çox inkişaf edib və keçmişdəki kimi kompasla, xəritələrlə yol düşməyə ehtiyac qalmır. Bəs bu vəziyyətdə kapitanın təcrübəsi nə qədər önəmlidir?

K.M. – Düşünürəm ki, texnika nə qədər müasir və güclü olsa da, təcrübəli bir kapitanı sona qədər əvəz edə bilməz. Kapitan gəminin beynidir. O, hər şeyi ölçüb-biçir və qərar verir. Müasir texnika sadəcə onun işini asanlaşdıra bilər.

– Səyahətiniz daha çox hansı ərazilərə olub?

 – Azərbaycan suları daxilində və Şimal dənizində üzmüşəm. Bundan başqa, 1979-cu ildə idarəmiz tərəfindən Almaniyanın Hamburq şəhərinə Azərbaycan Kran Gəmisinin inşası üçün göndərilmişdim. Həmin gəminin tikintisi 1981-ci ildə bitdi və biz onu ilk olaraq Həştərxana gətirdik. Oradan da Volqa çayı ilə Xəzərə düşməli idik, amma gəmi çox böyük olduğundan çaya sığmadı və biz onu üç hissəyə ayırıb gətirməli olduq. Gəminin parçaları Azərbaycana gətirildikdən sonra yenidən birləşdirildi. Qeyd edim ki, əvvəl bizim kran gəmilərimiz yalnız 20 ton yük qaldıra bilirdi. Bu gəmi isə düz 2500 ton yük qaldıra bilirdi və onun vasitəsilə biz neftçıxarma sahəsində çox irəli getdik. Həmin gəmidə mən həm baş köməkçi, həm də kapitan kimi düz 10 il işləmişəm.

– Gəmi idarəsi də təyyarədə olduğu kimi avtopilot rejiminə keçə bilirmi?

– Müasir gəmilərin demək olar ki, hamısı elə avtopilot rejimlə idarə olunur.

– Fövqəladə hallarda ilkin hansı prosesləri həyata keçirirsiniz?

– Biz çox uzaq yerlərə səfər etmədiyimizdən böyük fövqəladə hallarla çox da rastlaşmırdıq. Güclü küləklər, tufanlar olanda sahilə geciksən və ya daldalanmağa yer uzaq olsa, o zaman təhlükə yarana bilər. Bu yerdə də kapitanın təcrübəsi öz sözünü deyir. Çünki nə gəmiyə, nə də ekipaja zərər dəymədən belə hallardan çıxmaq hər texnikanın işi deyil, burada kapitanın təcrübəsinə və soyuqqanlılığına mütləq ehtiyac olur. Dənizdəsənsə, başına belə işlərin gəlməyi çox normal haldır və mənim kapitanlıq həyatımda bu kimi təhlükəli hal bir neçə dəfə olub. Adətən küləyin hansı saatlarda gəlib-gedəcəyini əvvəldən bilirdik. Amma bəzən də olurdu ki, külək qəfildən gəlirdi. Onda  da  halımız  xarab olurdu (gülür). Azərbaycan Kran Gəmisində işlədiyim zaman belə möhkəm küləyə düşmüşdük. Lövbərlərdən çıxmaq mümkün olmamışdı. Sadəcə hərəkətimizi dayandırıb həmin nöqtədə küləyin kəsməyini gözləmışdik. Bir gün sonra külək kəsmişdi və hər şey qaydasına düşmüşdü.

– Təhlükəsizlik üçün gəmidə hansı avadanlıqlar var?

– Fərdi jiletlər, gəmiyə bağlı xilasetmə dairələri var ki, suya düşən zaman onlardan yapışmaq olsun, 20-30 nəfərlik üstüörtülü katerlər var ki, fövqəladə vəziyyət zamanı ekipajı təxliyyə etmək olsun, bu katerlərdə isə hərə öz yerini əvvəldən bilir. Ekipaj daha əvvəl dənizdə olanda kimin harada oturacağı haqda məşqlər edir və artıq təhlükə zamanı hərə öz işini bilir. Qeyd edim ki, dəniz təyyarə qədər qorxulu deyil, çünki dənizdə qəza zamanı xilas olma şansın çoxdur, amma təyyarədə belə şans olmur.

– Kapitan olasan və xatirələrdə maraqlı hekayələr olmaya. Bu hekayələrin ən maraqlısını eşitmək istərdik…

– Mənim üçün ən önəmli hadisələrdən birini, 20 Yanvar faciəsini biz dənizçilərin gözü ilə sizə danışmaq istəyirəm. Deməli, 1988-1989-cu illərdə Azərbaycan Xalq Hərəkatı başlamışdı. Dənizdə olduğumuzdan bu hərəkata birbaşa qoşula bilmirdik, lakin sahil ilə tez-tez əlaqə saxlayıb məlumat alırdıq.

O vaxt mən “Komsomolun 40 illiyi” adına teploxodun kapitanı idim. Yanvar ayının 19-u saat 16:00-da Nargin adasından Mərkəzi Komitənin (red. – Prezident Aparatı) qarşısındakı izdiham çox aydın görünürdü. Hava tutqun və soyuq idi. Bütün heyət göyərtədən şəhərə tamaşa edirdi. Bakı heç vaxt dənizdən belə sakit və kimsəsiz görünməmişdi. Dispetçerdən körpüyə yan almaq üçün icazə istədim. O isə mənə reyddə lövbərə dayanmaq əmrini verdi.

Lövbərdə dayanıb şəhəri və Mərkəzi Komitənin qarşısındakı izdihamı durbinlə müşahidə edirdik. Saat 22:00-da isə Bakının giriş yerlərində tonqallar yanırdı, dənizdən gələn gəmilər ətrafda lövbər atırdı. Gecədən xeyli keçirdi ki, ordu tanklarda şəhərə irəliləyirdi.

Gəmi heyətilə birlikdə güllələrin işıqlarını görürdük, amma nə baş verdiyi haqda bizə məlumat vermirdilər. Səhərə yaxın dispetçerlə birtəhər əlaqə yarada bildik və bizə qırğın olduğunu və çox şəhid verdiyimizi bildirdilər.Onda biz ratsiya əlaqəsilə dənizdəki bütün Xəzər Neft Donanma İdarəsi gəmilərinə bu barədə xəbər verdik. Bütün gəmilər – 120-dən çox gəmi ayın 20-si səhər saat 10-11-də artıq Bakı buxtasına yığışmışdı. Prezident Aparatının qarşısında çox insan toplaşmışdı və ordu onları mühasirəyə almışdı. Biz düşündük ki, gedək əlimizdən nə gəlirsə  kömək edək. Gəmiləri  indiki   Bayraq Meydanı  tərəfə sürdük. Orada həmişə Sovet hərbi gəmiləri dayanırdı. Bizi xeyli sorğu-suala tutdular və geri göndərdilər. Onda şübhələndik ki, bizi buradan təcili göndərdiklərinə  görə, demək ki,nəsə var.Ayın 20-si gecə səhərə yaxın bizə xəbər verdilər ki, BTR-lərlə şəhidlərimizi hərbi bazaya gətirirlər və niyyətləri onları aparıb dənizə tökməkdir. Onda biz təcili həmin 120 gəminin kapitanlarının iclasını çağırdıq. Qəti qərara gəldik ki, şəhidləri yalnız bizim ölümüzün üzərindən keçirib dənizə apara bilərlər, başqa yolu yoxdur. Həmin iclasda gəmi heyətləri arasında nizam yaratmaqları üçün 7 kapitan seçdik. Mən də  bu heyətdə idim. Hadisələrin bu gedişində ən əsas məsələ biz 7 kapitanın 120 gəminin bir yerdə bu hadisəyə etiraz olaraq siqnal verməsi qərarı oldu. Və 20-si axşamdan etibarən hər yarım saatdan bir 5 dəqiqə siqnal verməyə başladıq. Bu proses dayanmadan 4 gün gecə-gündüz davam etdi. Ta ki, şəhidlərimiz Xiyabana aparılıb dəfn edilənə qədər. Dəfn zamanı son dəfə daha güclü siqnal verdik və dayandıq…

Bizi yolumuzdan döndərmək üçün çox çalışdılar. Gəmilərimizi pulemyotlarla gülləbaran da etdilər. Hətta indi də bəzən deyirlər ki, dənizçilər olmasaydı, qırğın hələ 1 həftə davam edəcəkdi…

İndiki Bayraq Meydanından dənizə bircə kanal var. Həmin kanal çox dayazdır deyə gəmilər ancaq oradan  dənizə çıxa bilir. Biz həmin kanalın qabağına böyük gəmi qoyub, lövbər salıb yolu kəsdik. Sovet ordusu öz planını həyata keçirə bilmirdi.SSRİ silahlı qüvvələr naziri Yazov biz 7 kapitana müraciət edib görüş tələb etdi. Onda Ali Sovetin sədri Elmira Qafarova bizi qəbul etdi və onun yanından yarımızı admiral Sidrovun, yarımızı isə Yazovun yanına apardılar. Rəhmətlik ağsaqqal kapitanımız Müzəffər Əliyev təklif etdi ki, Yazovun yanına getmək asan iş deyil, mən hamınızdan yaşlıyam, gedim hamımızın adından danışım, ölməli olsam da mən ölüm… Razılaşdıq və beləliklə də, ayın 24-ü Müzəffər Əliyev, Arif Məlikov, Tofiq İsmayılov, Allahşükür Paşazadə və Ziya Bünyadov getdilər Yazovun yanına. Bu  barədə Ziya Bünyadov da yazıb. Müzəffər Əliyev öz kapitan formasında imiş və Yazov birbaşa ona“niyə siqnal verib bizi yatmağa qoymursunuz?”- deyə müraciət edib. Cavabında isə “bəyəm siz bura yatmağa gəlmisiniz?” cavabını eşidib…

Biz 5 nəfər isə Sidrovun yanına getdik və o, bizə bildirdi ki, əgər siz geri çəkilməsəniz, sabah Bakı buxtasında fövqəladə hal elan edib sizi gülləbaran edəcəm. Biz qayıtdıq gəmilərimizə və mən 120 gəmiyə sabahkı gülləbaran haqda ratsiya vasitəsilə məlumat verdim. Müraciət edib bildirdim ki, kimin xəstəsi, körpəsi varsa, elə indi getsin evinə, sabah hər şey ola bilər. Amma 120 gəminin heç birindən 1 nəfər də olsa tərpənmədi, hamı mərdliklə sabahı gözlədi. Ölümün gözünə dik baxmaq bax budur. Ayın 24-də dedikləri kimi gəmilərimizə hücum etdilər və biz 60 nəfəri tutub yarımızı Orenburqa, yarımızı isə Ulyanovski şəhərinə apardılar,  işgəncə verdilər. Şəhidlərimizin 40-na qədər bizi buraxdılar və biz qayıtdıq Bakıya.

– Kapitan kimi gəmini sonuncu tərk etməyə həmişə hazırsınızmı?

– Elə kapitan var ki, heç sonuncu da tərk etmir. Ekipajı xilas edib özü də gəmi ilə ölümə gedir. Sovet vaxtında bu tip bir epizod olub. Ümumiyyətlə, bu, gəmiçiliyin yazılmamış qanunlarındadır. Əgər kapitanın günahı varsa, o, ekipajı xilas etsə də, özünü ölümə tərk edir, təbii ki, yaxşı kapitan. Amma kapitanın günahı yoxdursa və gəmi batırsa, o, yenə də ilk növbədə ekipajı xilas edir, yalnız bundan sonra özü də gəmini tərk edir.

– “Kon-Tiki” adlı bir kitabda belə bir fikir müdafiə edilir ki, müasir gəmilərlə müqayisədə keçmişdə insanların hazırlayıb istifadə etdikləri “sal” daha təhlükəsizdir və uzun müddətli dəniz səyahəti üçün onlar daha uyğundur…

– O vaxtlar texnika olmadığı üçün taxtadan sallar hazırlayırdılar. Amma indi texnika inkişaf edib və mən bir kapitan kimi düşünürəm ki, hazırkı gəmilər daha təhlükəsizdir və hər hansı təhlükə zamanı sağ çıxmaq şansı indiki gəmilərdə daha çoxdur.

– Dəniz deyəndə quldur, quldur deyəndə dəniz yada düşür. Bəs sizin təcrübənizdə belə hallar olubmu?

– Yox, piratlar Afrikadadır və onlar gəmi oğurlamaqla məşğuldurlar. Bizdə isə yoxdur və dolayısıyla da belə təcrübəm olmayıb.

– Son olaraq həm təcrübəli kapitan, həm də müəllim kimi kapitan olmaq istəyənlərə hansı tövsiyələriniz var?

– Kapitan olmaq istəyən gənclərdən əsas istəyim və tövsiyəm odur ki, dənizi sevmirlərsə, “paqon” xatirinə bu işə başlamasınlar. Yox əgər qərarlıdırlarsa, onda gərək dənizi sevsinlər və mükəmməl şəkildə bu işin təhsilini alsınlar, ən əsası isə daim öyrənməyə meylli olsunlar. 

Discovery Azerbaijan

Pərvanə Həsənova


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır