ASCO kollektivinə ağır itki üz verib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib. Veteran dənizçi Şahid Orucov vəfat edib.
Şahid Orucov 1954-cü ildə Qazaxın Kəmərli kəndində doğulub.
O, 1971-ci ildə Bakı Dəniz Yolları Məktəbinə qəbul olub. 1975-ci ildə təhsilini başa vuraraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Ruhulla Axundov” gəmisində motorçu kimi fəaliyyətə başlayan Şahid Orucov gərgin əməyi və zəhməti sayəsində baş mexanik, hamiyəçi mexaniklərin rəhbəri, Dəniz Nəqliyyatı Donanmasının Texniki istismar xidmətinin rəisi, Gəmiçiliyin baş mühəndisi, “Zaqfederasiya” adına gəmi təmiri zavodunun direktoru kimi vəzifələrdə çalışıb.
O, dənizçilik sahəsində 9 səmərələşdirici təklifin müəllifidir. Baş və köməkçi mühərriklərin soyutma sistemində təkmilləşdirmə, dedveyt sistemlərində dəyişiklik, yanğın sistemində dəyişiklik və s buna misaldır. Bu təkliflərin hər biri sertifikatlaşdırılıb və 1570 layihəli gəmilərdə tətbiq olunub. Təkliflərin hesabına gəmilərin istismar xərcləri müəyyən qədər azalıb.
Təcrübəli mexanikin gərgin əməyi hər zaman yüksək qiymətləndirilib. 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. 2014-cü ildə isə dəniz nəqliyyatının inkişafındakı xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunub.
Şahid Orucov ASCO ailəsinin hər bir üzvü arasında səmimiyyəti, yüksək insani xüsusiyyətləri, işgüzarlığı ilə yadda qalıb. Elə buna görə də onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
ASCO rəhbərliyi və kollektivi adından Şahid Orucovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.
Allah rəhmət eləsin!