Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-31,
Seanews
Heyder Eliyev

Xatirələrdə yaşayan Cabbar Həşimov

Cabbar müəllimlə tanışlığım 1994-cü ildən başlanıb. Bir il olardı ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışırdım. Hələ bu qurumda işləməzdən əvvəl də Gəmiçilik haqda kifayət qədər məlumatım vardı və burada necə bir peşəkarların, tanınmış dənizçi sülalərindən olan işçilərin çalışdığından xəbərdardım. Rəhbər işçi kimi Cabbar müəllimin adını da məhz o zaman eşitmişdim.

Onun ədalətli, düzlüyü sevən, həm özünə, həm də ətrafındakılara qarşı həddən artıq tələbkar insan olduğu və bir işi mükəmməl hala gətirmək üçün ən xırda detala belə fikir verdiyi deyilirdi. Mən işə başladığım zaman Cabbar Həşimov artıq təqaüddə idi, Gəmiçiliyə rəhbərliyi vaxtilə uzaq səfərlər kapitanı işləmiş Teymur Qafar oğlu Əhmədov həyata keçirirdi.

1994-cü ilin fevralında Teymur Əhmədov 59 yaşında qəflətən dünyasını dəyişdi. Avqustun 19-da uzaq səfərlər kapitanı Aydın Ağəmi oğlu Bəşirov Gəmiçiliyin rəisi təyin olundu. Aydın müəllim iş başına gəldikdən sonra zəngin idarəçilik təcrübəsinə – 19 il ərzində Gəmiçiliyə rəhbərlik etmiş Cabbar müəllimi müşavir vəzifəsində işləməyə dəvət etdi.

Gəmiçiliyin 140 illik yubileyi ərəfəsində Gəmiçilik rəisinin köməkçisi, mətbuat xidmətinin rəisi Mahmud Hacınski ilə “Xəzər Dəniz Gəmiçiliyi: XIX əsrdən XXI əsrə” kitabı üzərində işləyirdik, paralel olaraq sənədli film üzərində iş gedirdi. Mahmud müəllim XX əsrin 70–80-ci illəri barədə məlumatları təkcə sənədlərə istinad edib yazmaqla kifayətlənmirdi, həm də o dövrə işıq salmaq üçün hadisələrin şahidlərini eşitmək istəyirdi. Bu məqsədlə o,  Cabbar müəllimi bizim iş otağımıza dəvət etdi və onu sorğu-sual edərək səsini diktofona yazdı. 

Bir saatdan artıq çəkən müsahibə ərzində Cabbar müəllim ona verilən bütün suallara yerli-yataqılı, ətraflı cavab verdi, yalnız iki və ya 3 dəfə “qoy yadıma salım” deyərək fikrə getdi. O zaman Cabbar müəllimin 73 yaşı vardı.

Həmin gün Mahmud müəllim onun yaşını və təzyiqini nəzərə alıb, “Cabbar müəllim, Sizi daha yormayaq, sabah davam edərik” deyəndə, “bu gün pis deyiləm, əgər özünüz yorulmayıbsınızsa, davam edə bilərik” və daha sonra “hələ bilmək olmaz ki, sabah necə olacağam” cavabını verdi. Beləliklə, müsahibə daha iki saatadək davam etdi və Cabbar müəllim öz yaddaşı, əmək qabiliyyəti və ən xırda detallara necə əhəmiyyət verməsi ilə xatirimizdə dərin iz qoydu.

Birgə fəaliyyətimiz sadə və təvazökar insan olan Cabbar müəllimə tez-tez müraciət etməyimə imkan yaratdı. Məni hələ o zaman Gəmiçiliyin tarixi, onun bir sahə kimi inkişafı və bu inkişafı təmin etmiş peşəkarları maraqlandırırdı. Bir dəfə məqam tapıb, onun dənizçilik peşəsinə necə gəlməsi barədə sual verdim. Məlum oldu ki, Cabbar müəllimin bu peşəyə gəldiyi yol heç də asan olmayıb.

1925-ci ildə Göyçayda dünyaya göz açan Cabbar müəllimin uşaqlıq illəri çox ağır keçib. Atasını erkən itirib. İki oğlan uşağı ilə dul qalan anası – Səkinə xanım övladlarını dolandırmaq üçün Bakıya pənah gətirib,  inqilabçı Əli Bayramovun adını daşıyan tikiş fabrikində işə düzəlib. Cabbar müəllimin dediyinə görə, bütün çətinliklərə rəğmən, böyük qardaşı Mehdi kimi o da təhsilinə ciddi fikir verib: 16 yaşında pedaqoji məktəbi bitirib.

İkinci Cahan müharibəsinin başlaması ilə əmək fəaliyyətinə başlayıb. Əvvəl Keşlə stansiyasına, daha sonra Sement zavoduna işləmək üçün göndərilib. Növbəti dəfə səfərbərlik elan olunanda gəncə oxumaq üçün aviasiya və ya dənizçilik məktəbini seçmək təklif olunub. Cabbar müəllim Bakı dəniz yolları məktəbini seçib və 1945-ci ildə bu təhsil ocağını şturman ixtisası üzrə bitirib, Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının müxtəlif gəmilərində – “Özbəkistan”, “Sırdərya” və başqalarında üzüb. İntizamlı, təmkinli, səliqəli olması ilə diqqət çəkib və bu səbəbdən 1952-ci ildə onu sahil heyətində işə cəlb ediblər. 

Cabbar müəllim Xəzər Dəniz Gəmiçiliyi İdarəsində 1965-ci ilədək böyük inspektor, bölmə rəhbəri, kadrlar şöbəsinin rəisi vəzifələrində çalışıb. Kadrlar xidmətində çalışarkən profili üzrə ali təhsil alıb: Оdessa Su Nəqliyyatı Mühəndisləri İnstitutunu “İstismarçı mühəndis” ixtisası üzrə bitirib. 1965–1968-ci illərdə Gəmiçilik rəisinin müavini, 1968–1987-ci illərdə isə Gəmiçiliyin rəisi işləyib.

Rəhbər vəzifədə olduğu illər məhz “Heydər Əliyev erası”nın başlanğıc dövrünə təsadüf edib. Həmin xatirələrin bir qismi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” kitabında öz əksini tapıb.

Burada isə mən iki faktla bağlı Cabbar müəllimdən soruşduqlarım barədə yazmaq istəyirəm. Birinci fakt “Ulu Öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabında qeyd olunub: Heydər Əliyev ölkə rəhbəri seçiləndən sonra elə ilk həftədə Azərbaycan KP Mərkəzi Komitənin büro iclası keçirilir. İclasın gündəliyinə “Xalq təsərrüfatı yüklərinin daşınmasının yaxşılaşdırılması sahəsində Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin işi haqqında” məsələ salınır və  Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəhbərliyi, Bakı Dəniz Ticarət Limanının rəisi, gəmi təmiri zavodlarının baş mühəndisləri bu iclasa dəvət edilirlər.

2-ci fakt isə “Xəzər Dəniz Gəmiçiliyi: XIX əsrdən XXI əsrə” kitabında verilmiş foto ilə bağlıdır: Dənizçilərin mədəniyyət evində Heydər Əliyev Gəmiçiliyin işçiləri ilə böyük səmimiyyətlə görüşür. 

Cabbar müəllim sözügedən büro iclasından və Dənizçilərin mədəniyyət evində baş tutmuş həmin görüşdən aldığı təəssüratları mənimlə bölüşərkən Heydər Əliyevin ilk növbədə müsahibinə qarşı çox diqqətli və səmimi olduğunu xüsusi olaraq vurğulamışdı. Heydər Əliyevin Şəxsiyyət kimi böyüklüyündən söz açan Cabbar müəllim qeyd edirdi ki, respublika rəhbəri işinin çoxluğuna, vaxtının azlığına baxmayaraq dənizçilərin ehtiyacları, problemləri ilə maraqlanırdı. Deyirdi ki, hər hansı bir müşkül məsələ ilə bağlı (məsələn, dənizçilər üçün inşa edilən və sonradan material çatışmazlığına görə tikintisi yarımçıq qalmış bina ilə əlaqədar) nə zaman müraciət edirdilərsə, ölkə rəhbərinin sayəsində həmin məsələ öz həllini tapırdı. Dənizçilərin mədəniyyət evində görüşlə bağlı Cabbar müəllim Heydər Əliyevin əməkçilərlə  formal deyil, məhz ürəklə, səmimi görüşməyindən və belə yanaşmanın kollektivdə necə bir canlanma, ruh yüksəkliyi yaratmasından böyük həvəs və məmnuniyyətlə danışırdı.

Məlumdur ki, rəhbər vəzifə insandan böyük enerji, möhkəm cansağlığı, ünsiyyət qurmaq bacarığı, tədbirli olmaq, hədsiz diqqət və iti yaddaş tələb edir. Cabbar müəllimin diqqət və yaddaşına, əzmkarlığına artıq bələd olmuşdum. Cansağlığına gəldikdə isə... “Mən indi elə yaşdayam ki, xəstəliklərimin siyahısını tutmaq olar” deyən Cabbar müəllim həmişə özünü nə qədər pis hiss eləsə də, Hans Kristian Andersen nağılının qəhrəmanı “qalay əsgərcik” kimi həmişə dik dayanmağa çalışırdı. “Xəstəlik ola bilər, lakin insan ah-vay etməməlidir, başqalarına yük olmamaq üçün özü öz həkimi olmalıdır“ deyirdi Cabbar müəllim. Bu, onun əsas həyat prinsiplərindən biri idi. 

Cabbar müəllim 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət  Xəzər Dəniz Gəmiçiliyi rəisinin müşaviri işlədi. Son bir ildə ciddi xəstəliyə mübtəla olduğunu əzizləri və yaxın ətrafı çox yaxşı bilirdi, lakin özü sonadək mərəzinin nə olduğunu dəqiq bilmədi (yaşlı orqanizimdə xəstəlik aqressiv deyildi), bilənlər isə sonadək biruzə etdirmədilər.

2007-ci il yanvarın 5-də Dənizçilərin mədəniyyət evində Cabbar müəllimlə vida mərasimi oldu. Yaşanan izdiham başadüşülən idi: çox böyük bir ailənin ağsaqqalı dünyasını dəyişmişdi və ailənin hər bir üzvü bu itginin acısını hiss edirdi. Cabbar müəllim layiqli ömür sürmüşdü. Razılaşarsınız ki, insanlara yoxluğu ilə acı yaşatmaq, yaddaşlarda silinməz iz qoymaq heç də hər kəsə nəsib olmur. Mənən saf və təmiz bir insan olan Cabbar müəllim keçdiyi ömür yolu ilə bu işin də öhdəsindən bacarıqla gəldiyini bizə sübut etdi. Allah rəhmət eləsin!       

Sevda Abdullayeva,

İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır