Merkuri -1“ ğəmi-bərəsi əsaslı təmir olunur-
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Merkuri-1” gəmi-bərəsi təmir olunur. Gəmi “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun “Neptun” tərsanəsinə qaldırılıb. Belə ki, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş mühərriklər əsaslı təmir olunur. Bəzi detallar yeniləri ilə əvəzlənir. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanır. Bərənin sualtı və suüstü hissəsində, vaqon göyərtəsində təmizləmə və qruntlama işləri aparılır. Ondan sonra adı çəkilən hissələr rənglənəcək. Bərənin köhnə kompressorları yeniləri ilə əvəzlənəcək. Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilir. Əsaslı təmir və sınaq üzüşü yekunlaşdıqdan sonra isə gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq. Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni isə 18.3 metr olan gəminin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var.