Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Bakıda “Caspian Ecology” - X Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək

Noyabrın 13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” - X Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək. Sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (CEO) şirkətidir. Sərginin qızıl sponsoru qismində “Mətanət A” şirkəti çıxış edir. “Holcim Azerbaijan” şirkəti, həmçinin sərginin sponsorları sırasındadır.

CEO-dan AZƏRTAC-a bildiriblər ki, “Caspian Ecology” sərgisi həm ölkədə, həm də Qafqaz regionunda ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir. Bu il yubiley sərgidə Almaniya, Azərbaycan, Böyük Britaniya, Fransa, İtaliya və Xorvatiya kimi ölkələri təmsil edən 30-dan artıq şirkət bir araya gələcək. Bir faktı da qeyd etmək lazımdır ki, sərgi iştirakçılarının ümumi sayının 20 faizini xarici şirkətlər təşkil edir. Onların əksəriyyəti sərgidə ilk dəfə iştirak edir. Sərginin debütantlarının ümumi sayı isə 17 faizdir.

Sərgi növbəti dəfə ictimaiyyətin və müvafiq qurumların diqqətini ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadənin optimallaşdırılması və materialların təkrar emalı kimi mövzulara cəlb edəcək. “Caspian Ecology” sərgisinin iştirakçıları – sənayenin aparıcı fiqurları – 3 gün ərzində sərginin peşəkar auditoriyasına sənayenin ən son nailiyyət və innovasiyalarını nümayiş etdirəcəklər. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə və təkrar emal sistemləri, kağız və karton istehsalı və s. kimi sahələrdə məhsul və xidmətlərini sərgidə təqdim edəcəklər.

Ənənəvi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin stendində son illər nazirliyin dəstəyi ilə hazırlanmış ətraf mühitin mühafizəsi sahəsində mütərəqqi ekoloji layihələr təqdim ediləcək. Həmçinin sərgidə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, eləcə də “Azərsu” ASC, “AzerGold” QSC, “BP”, “GIZ”, “SOCAR Polymer”, “Təmiz Şəhər” ASC, debütant “SOCAR Foster Wheeler Engineering LLC” və bir sıra digər şirkətlər iştirak edəcək.

Sərgi çərçivəsində ilk dəfə olaraq “Müəssisələrin ekoloji-sosial məsuliyyəti” mövzusunda sessiya təşkil ediləcək. Sessiyanın gedişatında nüfuzlu şirkətlərin nümayəndələri öz ekoloji siyasətləri haqqında məlumat verəcək və praktiki təcrübələrini bölüşəcəklər.

Beləliklə, “Caspian Ecology” sərgisi aparıcı sənaye iştirakçıları və dövlət qurumları ilə eyni platformada görüşmək üçün imkan yaradan mühüm strateji qovşaqdır. Sərgi həmçinin ətraf mühitin mühafizəsi sahəsində işgüzar əlaqələrin genişləndirilməsi, yeni tərəfdaş axtarışı, təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin qurulmasına kömək edir.

Sərgi haqqında ətraflı məlumatı və elektron dəvətnaməni www.caspianecology.az rəsmi saytından əldə etmək mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır