Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Baltik dənizinin dərinliklərində sirli meqastruktur aşkarlanıb

Baltik dənizinin soyuq, qaranlıq dalğaları altında tarixin gizli bir parçası gizlənir.

AZƏRTAC “Science alert” saytına istinadən xəbər verir ki, elm adamları Almaniyanın Meklenburq körfəzində 21 metr dərinlikdə yaşı 10 000 ildən çox olan tarixi daş meqastruktur tapıblar.

Təxminən bir kilometr uzunluğunda və böyük daşlardan ibarət olan Daş dövrünə aid bu strukturun təbii olmadığı, yəni dəniz tərəfindən udulmadan minlərlə il əvvəl hansısa məqsəd üçün tikildiyi ehtimal olunur.

Kiel Universitetinin geofiziki Yakob Qirsenin rəhbərlik etdiyi alman tədqiqat qrupu bu quruluşun illər əvvəl bölgədə məskunlaşmış ovçu-yığıcı insanların ov səylərinə kömək etmək üçün bir sədd olduğunu düşünür. Onlar bu kəşfə “Blinkerwall” adını veriblər.

“Bu meqastruktur Yer kürəsinin ən qədim süni ov quruluşlarından birini təmsil edir və Avropanın ən böyük məlum Daş dövrü strukturlarından hesab olunur. Bu, yaşayış strategiyalarını anlamaq üçün vacib bir tapıntıdır”,- deyə tədqiqatçıların məqaləsində bildirilib.

Yerin quru kütlələri minilliklər ərzində əhəmiyyətli dərəcədə dəyişib, tektonik hərəkətlər, eroziya, buzlaşma və dəniz səviyyəsinin təsiri nəticəsində formalaşıb. Bir çox sahil yaşayış məntəqələri və tikililər zamanla əlçatmaz hala düşüb.

Son illərdə davamlı inkişaf edən texnologiyalar dəniz dibində “gizli xəzinə”ləri aşkar edib. Qirsen və onun komandası körfəzi araşdırmaq və xəritələşdirmək üçün avtonom sualtı nəqliyyat vasitəsi və insan dalğıclarından istifadə edərək “Blinkerwall”u tapıblar.

Ərazidə təxminən 971 metr uzunluğunda, 1670 fərdi daşdan ibarət bir struktur aşkarlanıb. Bu daşların hər birinin hündürlüyü 1 metr, eni isə 2 metrə yaxın olub, onlar strukturun uzunluğu boyunca yan-yana şəkildə dayanıb. Bundan əlavə, tapıntının qədim sahil xəttinə və ya bataqlığa bitişik olması aydın görünür.

Tədqiqatçılar “Blinkerwall”da tələb olunan su axını olmadığı üçün balıq ovçusuna xidmət etmə ehtimalının çox az olduğunu düşünürlər. Strukturun şimal maralı və ya bizon kimi böyük dırnaqlı heyvanların sürülərini idarə etmək üçün ov memarlığı olduğunu ehtimal edirlər.

Belə strukturların tarixini müəyyənləşdirmək çətin olsa da, alimlər hesab edirlər ki, “Blinkerwall” 10 000 ildən də əvvəl tikilib və təxminən 8500 il bundan öncə Baltik dənizinin dərinliklərinə qərq olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır