Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Dənizçi ailələri “Atam, anam və mən” adlı idman-turizm yarışında iştirak edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birgə təşkilatçılığı ilə Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən” adlı idman-turizm yarışı keçirilib. 

 Tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Əsas məqsəd sağlam həyat tərzini təbliğ etməkdən ibarət olub.

 ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə baş tutan yarış iki gün davam edib.

İştirakçılar qalib adını qazanmaq üçün çadır quraşdırmaq, meşə zolağındakı maneələri dəf etmək, topları səbətə atmaq, labirint şəklində quraşdırılmış iplərin arasından keçmək, iki ağaca bağlanmış ipin üzərindən yerimək, oxlarla hədəfi vurmaq və s. növlər üzrə yarışlarda güclərini sınayıblar. Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, ailənin ən kiçik üzvlərinin də çevikliyi vacib rol oynayıb.

Yarışların ümumi nəticələrinə əsasən “Bibiheybət” Gəmi Təmiri Zavodununun təmsilçisi Mustafayevlər ailəsi (oğlan) və “ASCO Nəqliyyat” MMC-nin  Cavadovlar ailəsi (qız)  qalib adını qazanıblar. İkinci yeri Dəniz Nəqliyyatı Donanmasının İsmayılovlar ailəsi (qız) və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Nəsirovlar (oğlan)  ailəsi tutub. Üçüncü yerdə Xəzər Dəniz Neft Donanmasının Xəlilovlar ailəsi, “Bibiheybət” Gəmi Təmiri Zavodununun təmsilçisi Rüstəmovlar ailəsi qərarlaşıb.

Qalib komandalara diplom və qiymətli hədiyyələr verilib.

Qeyd edək ki, idman-turizm yarışı çərçivəsində ASCO və SOCAR-ın əməkdaşları arasında voleybol yarışı da baş tutub. Gərgin keçən oyunda 3-2 hesabı ilə SOCAR qalib olub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır